Oqtay Əsədov görüş keçirdi

 

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Spiker qonaqları səmimi salamlayaraq, dedi ki, Azərbaycan və Türkiyə iki qardaş ölkədir. Bizi eyni kök, ortaq tarix və zəngin mədəni dəyərlər birləşdirir. Münasibətlərimiz bütün dünyada nümunə göstəriləcək səviyyədədir. Heç də təsadüfi deyildir ki, əlaqələrimiz bu gün həm də strateji xarakter daşıyır.


Sədr xanım nazirin ilk səfərini Azərbaycana etməsindən və nümayəndə heyətinin tərkibində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın olmasından məmnunluq duyduğunu söylədi.
Bildirildi ki, qarşılıqlı yüksək səviyyəli səfərlər, xüsusilə də dövlət başçılarının səmimi və yaxın münasibətləri ikitərəfli əlaqələrin inkişafında  müstəsna rol oynayır. Spiker Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışındakı iştirakını və Prezident İlham Əliyevin bu ölkəyə son səfərini xatırlayaraq, münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini vurğuladı. Bildirildi ki, bu günə qədər ölkələrimiz arasında 213 sənəd imzalanmış, 30-a yaxın sənəd isə baxılmaq üzrədir.
Spiker Milli Məclisin Türkiyə ilə münasibətlərin daha da dərinləşməsi istiqamətində atılan addımları həmişə dəstəklədiyini, gələcəkdə də bu sahəni diqqət mərkəzində saxlayacağını söylədi. Bildirildi ki, Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi ilə Azərbaycanın müvafiq qurumu arasında  əlaqələrin dərinləşməsi  ümumi məqsədlərə xidmət edir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlu  ölkəmizə ilk səfərinin və burada keçirilən görüşlərin onda xoş təəssürat oyatdığını dedi.  Bildirildi ki, nazir kimi onun Azərbaycana ilk səfəri müvafiq qurumlar arasında əlaqələrin inkişafı baxımından çox önəmlidir.
Qonaq iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin daha da inkişafında parlamentlərin rolunu  yüksək qiymətləndirdi. Səfər çərçivəsində müstəqil Azərbaycanın Milli Məclisində olmaqdan qürur duyduğunu söylədi. Bildirildi ki, Türkiyə hökuməti Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı gələcəkdə də inkişaf etdirmək əzmindədir.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, ölkəmizin əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Böyük Millət Məclisinin üzvləri  və digər rəsmi şəxslər iştirak edirdilər.