Oqtay Əsədov görüş keçirdi

Oqtay Əsədov Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

 

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusufun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə sədr bu cür səfərlərin ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfələr verdiyini bildirib. Azərbaycan dost Cibuti ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Xalqlarımızın eyni dini və mənəvi dəyərləri bölüşməsi münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradır.

Sədr beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin prinsipial məsələlərdə eyni mövqedən çıxış etməsini müsbət dəyərləndirib. Qeyd edilib ki, bu işə deputatlarımız da öz töhfələrini verməkdədirlər. Spiker Cibuti parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyət göstərməsini təqdir edib. Belə bir qrupun Milli Məclisdə də yaradılacağını söyləyib. Bildirilib ki, deputatların mütəmadi görüşləri və qarşılıqlı səfərlər parlamentlərarası münasibətlərin daha da dərinləşməsinə xidmət edir. Sədr Cibuti Milli Assambleyasında bu il fevralın 11-də Xocalı soyqırımına ədalətli hüquqi-siyasi qiymət verən qətnamənin qəbul olunmasını müsbət dəyərləndirib. O, Milli Məclisin üzvləri və şəxsən öz adından Cibuti Milli Assambleyasının rəhbərliyinə və bu ölkənin parlament üzvlərinə dərin təşəkkürünü bildirdi. Qeyd edilib ki, Dağlıq Qarabağ probleminin həllində Cibuti həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Azərbaycan gələcəkdə də bu dəstəyə ümid edir.

Spiker Cibuti parlamentinin sədrini Azərbaycana səfərə dəvət etdiyini xatırladaraq, bu ölkənin nümayəndələrinin mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında fəal iştirak edəcəklərinə inamını ifadə edib.

Milli Məclisin sədri səfər çərçivəsində ölkələrimiz arasında imzalanmış sənədləri yüksək dəyərləndirərək, ümidvar olduğunu bildirib ki, gələcəkdə bu sahədə yeni-yeni addımlar atılacaq. Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf ölkəmizə səfərindən və burada keçirilən görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq Cibuti Milli Assambleyası sədrinin salamlarını Milli Məclisin spikerinə çatdırıb və bildirib ki, Azərbaycan tərəfinin dəvətini qəbul edərək Assambleyanın sədri İslam Həmrəyliyi Oyunları ərəfəsində ölkəmizə səfər edəcək və burada bir sıra görüşlər keçirəcək.

Mahmud Əli Yusuf Azərbaycan Prezidenti tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasını yüksək dəyərləndirib. Qonaq Afrika İttifaqının üzvü kimi ölkəsinin bu təşkilatda həmişə Azərbaycanın maraqlarını müdafiə etdiyini söyləyib və xüsusi vurğulayıb ki, Dağlıq Qarabağ probleminin həllində onların mövqeyi dəyişməzdir. Cibuti gələcəkdə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək.