Oqtay Əsədov: “Ölkəmizdə geniş struktur islahatları aparılır”

Bu gün ölkəmizdə geniş struktur islahatları aparılır. Dövlət idarəçiliyinin yeni yanaşmaları tətbiq edilir.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında büdcə müzakirəsi zamanı spiker Oqtay Əsədov deyib. O bildirib ki, bu gün “Doing Business” hesabatında Azərbaycan dünyanın 20 islahatçı ölkəsi arasında yer alır:

“Biznesin başlanılmasına görə ölkəmiz dünyada 9-cu yeri tutub. Azərbaycanda ardıcıl xarakter daşıyan islahatlar iqtisadi inkişaf üçün əvvəlki illərdə yaradılmış potensialı daha da gücləndirir. Onun sözlərinə görə, qeyri-neft sənayesi, xüsusilə kənd təsərrüfatı sürətlə inkişaf edir. Ölkədə valyuta ehtiyatı son bir ildə 9%-dən çox artaraq 48,5 milyard dollar təşkil edib. 9 ayda ölkə iqtisadiyyatına 10 milyard manatdan çox investisiya yatırılıb. Bu vəsaitin 60 faizdən çoxu qeyri-neft sektoruna yönəlib. 9 ayda əhalinin gəlirləri 8,9% artıb, inflyasiya isə cəmi 2,6% təşkil edib.