Oqtay Əsədov səfərdədir

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti fevralın 6-dan 7-dək Rusiya paytaxtı Moskvada səfərdə olacaq.

 

Parlamentin mətbuat xidmətindən XALQ.AZ-a  verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər daxildir.

 

Nümayəndə heyəti Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Rusiya Federasiyasının Dövlət Dumasında keçiriləcək tədbirdə iştirak edəcək. Yığıncağa Dövlət Dumasının rəhbərliyi və deputatlar qatılacaqlar.

 

Tədbir çərçivəsində mövzu ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən sərgi təşkil olunacaq.

 


 

Rusiya Dövlət Dumasının binasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərginin rəsmi açılışı keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə təşkil olunan sərginin açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin iştirak ediblər. Onlar sərgi ilə tanış olublar.

Фото APA Information Agency.

Sərgi Dövlət Dumasında xarici dövlətə həsr olunmuş ilk ekspozisiyadır. Sərginin konsepsiyası Azərbaycanın zəngin tarixə malik qədim və sürətlə inkişaf edən müasir ölkə olduğunu göstərmək üzərində qurulub. Eyni zamanda, sərgidə iki ölkə arasında dostluq münasibətləri, qarşılıqlı faydalı əməkdaşlıq, mədəni və iqtisadi əlaqələrin sürətli inkişafını əks etdirən materiallar nümayiş etdirilir.

 

Bir neçə bölmədən ibarət sərgidə Azərbaycan tarixi və bu günü, mədəniyyətinə dair eksponatlar, foto və video materiallar təqdim olunur. İnformasiya bölməsində Azərbaycana dair bukletlər, broşurlar, turizm xəritələri, ölkəni ziyarət etmək imkanları, viza almaq, uçuşların və turların təşkili üzrə məlumatlar verilir. “Azərbaycan inciləri”  bölməsində qədim milli xalçalarımız, misgərlik nümunələri, ənənəvi şəbəkə sənəti, sərgi üçün hazırlanmış milli geyimlər, musiqi alətləri nümayiş olunur. Ziyarətçilərə tarix və mədəniyyətimizə dair artefakt nümunələri təqdim edilir. Ölkənin hər bir bölgəsinə xas  milli geyimlər rəng, naxış və biçimi ilə fərqlənir.

 

Sərgiyə gələnlərə məlumat verilir ki, musiqi Azərbaycan incəsənətinin və mədəniyyətinin mühüm tərkib hissəsidir. Əsrlər boyunca musiqi Azərbaycan xalqının həyatında baş vermiş mühüm hadisələri əks etdirib. Azərbaycanda aşıq sənəti min illərdi yaşayır. 2008-ci ildə muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib. Milli musiqi alətləri sırasında saz, tar, kamança, balaban və s. xüsusi yer tutur. Bu  bölmədə quraşdırılan monitorlarda videomateriallar  nümayiş olunur.

 

“İstirahət və kitabxana” bölməsi Şərq üslubunda quraşdırılıb. Kitabxanada ziyarətçilər Azərbaycan tarixi və mədəniyyətinə dair nəşrlərlə tanış ola bilərlər. Bu bölmədə Heydər Əliyevin Rusiyada işlədiyi dövrlər, bu ölkəyə səfərlərini əks etdirən materiallar xüsusi maraq doğurur. Burada həmçinin Rusiyada şöhrət qazanmış və Rusiya tarixində iz qoymuş azərbaycanlılara həsr olunan stend yaradılıb.

 

“Azərbaycanın tarixi” bölməsində qədim tariximiz və bu günümüz, multikulturalizm ənənələri, Azərbaycan-Rusiya münasibətlərinə dair materiallar, o cümlədən videomateriallar yer alıb.

 

Qeyd edək ki, sərginin açılış mərasimində Rusiya Dövlət Dumasının deputatları, hər iki ölkənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

 


 

Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovarasında görüş keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər, parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib.