Oqtay Əsədov görüş keçiridi

Milli Məclisin sədri Oqtay Əsədov V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş İordaniya Haşimilər Krallığı Senatının Sədri Feysal Akif Faizi qəbul edib.
XALQ.AZ Milli Məclisə istinadən xəbər verir ki, sədr qonağın Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayaraq, ümidvar olduğunu  bildirib ki,  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəvəti ilə baş tutmuş bu səfər ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
 Qeyd edildi ki, Azərbaycan tarixən dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən İordaniya ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Əlaqələrimizin inkişafında  dövlət başçılarımızın qarşılıqlı səfərləri, onların arasındakı səmimi münasibət və aparılan danışıqlar öz müsbət təsirini göstərmişdir. Bu günədək dövlətlərimiz arasında 34 sənəd imzalanmışdır.
Siyasi sahədə münasibətlərimiz çox yüksək səviyyədədir. Biz iqtisadi əlaqələrimizi də genişləndirmək niyyətindəyik. Bu baxımdan Hökumətlərarası Komissiya və biznes forumların keçirilməsi ümumi məqsədlərə çatmaqda əhəmiyyətli rol oynaya bilər.
Sədr parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsinin önəmini vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir etdi. Bildirildi ki, nüfuzlu beynəlxalq qurumlarda nümayəndə heyətlərimiz prinsipial məsələlərdə  eyni mövqedən çıxış edirlər.
Spiker Azərbaycanın yerləşdiyi bölgədə özünəməxsus mövqe tutduğunu qeyd edərək, Bakıda mötəbər beynəlxalq tədbirlərin keçirilməsinin artıq bir ənənə halı aldığını söylədi. O, 2015-ci ildə Birinci Avropa Oyunlarının keçirilməsindən və bu il IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərindən danışdı. Bildirildi ki, heç də təsadüfi deyildir ki, ölkə başçısı tərəfindən 2017-ci il Azərbaycanda İslam Həmrəyliyi İli elan olunmuşdur.
Görüşdə Dağlıq Qarabağ problemindən söz açan Sədr bu məsələdə İordaniyanın Azərbaycanın haqq işini həmişə müdafiə etdiyi üçün minnətdarlığını bildirdi. O, 2013-cü ilin mayında  İordaniya Senatı tərəfindən Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Bəyanat qəbul etməsini və bu soyqırımını pisləməsini yüksək dəyərləndirdi. Ümidvar olduğunu bildirdi ki,  gələcəkdə də bu iki dost, qardaş ölkə bir-birlərinə  dəstək verəcəklər.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İordaniya Haşimilər Krallığı Senatının Sədri Feysal Akif Faiz ölkəmizə səfərindən və burada gördüklərindən məmnun  qaldığını söylədi. Bildirildi ki, hər iki ölkənin geosiyasi vəziyyətində oxşar cəhətlər çoxdur. Bu baxımdan bu qardaş dövlətlərin bir-birinə dəstək verməsi təbiidir. Qonaq dövlət başçılarımız arasındakı sıx münasibətlərin həyatın digər sahələrinə də təsir etdiyini söylədi. O, ümidvar olduğunu bildirdi ki, gələcəkdə iqtisadi, mədəni və digər sahələrdə də yüksək nəticələr əldə ediləcəkdir.
Qəbulda parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin İordaniya Haşimilər Krallığında səfiri Sabir Ağabəyov, İordaniyanın Azərbaycandakı səfiri Nassar Habaşneh və digər rəsmi şəxslər iştirak edirdilər.