“Ordumuz düşmənin bütün hərbi təxribatlarını dəf etməyə hər an hazırdır” – Deputat

pervin kerimzade 270520

İyulun 12-16-da işğalçı Ermənistanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatının, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə əvvəlcədən planlaşdırılmış hücum cəhdi Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındı.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisi deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkil qeyd edib ki, məkrli planını həyata keçirməkdən usanmayan işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyi Tovuz təxribatının arxasınca, diversiya-kəşfiyyat qrupunu avqustun 23-də Azərbaycanın Goranboy rayonu istiqamətində təmas xəttinə göndərdi. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribat törətmək planlarını pozdular. Üstəlik, döyüş zamanı əsgərlərimiz erməni diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyanı əsir götürdülər. Ermənistan ordusunun Tovuz təxribatından sonra Goranboy istiqamətində diversiya-kəşfiyyat əməliyyatının məğlubiyyəti bir daha sübut etdi ki, Azərbaycan Ordusu məkrli düşmənə sarsıdıcı zərbələr endirməyə, onun bütün hərbi təxribatlarını dəf etməyə hər an hazırdır.

Digər tərəfdən də işğalçılıq siyasətini dayanmadan həyata keçirməyə çalışan Ermənistan hakimiyyəti “Müdafiə haqqında” qanuna əlavə və dəyişikliklər etməklə, “könüllü hərbi birləşmələr” adı altında orduya muzdluların cəlb olunması üçün hüquqi baza yaratmağa başladı. İşğalçı hakimiyyət Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışı belə öz çirkin məqsədləri, çıxarları üçün istifadə etməyə hesablanan addımın davamı kimi “Repartasiya haqqında” yeni qanunun qəbuluna hazırlaşmaq xaricdə yaşayan ermənilərin, əslində isə terrorçuların, muzdluların ölkəyə gəlişini və Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırılmasını asanlaşdırmaq niyyətindən irəli gəldi. Beyrutdakı vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edən Ermənistan Livandan olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılması planını bəyan etdi. Bu yolla təcavüzkar Ermənistan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında həyata keçirdiyi etnik təmizləmənin nəticələrinin möhkəmləndirilməsi niyyətini gizlətmədi.

Avqustun 29-da Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri, orada yaratdığı erməni hərbi birləşmələri ilə görüşü isə işğalçı hakimiyyətin sülhə hazır olmadığını, problemin danışıqlar masası arxasında həllinə maraq göstərmədiyini yenidən nümayiş etdirdi. Əslində ölkəmizin işğal olunmuş Xankəndi şəhərinə Ermənistanın hərbi-siyasi rəhbərinin səfəri təcavüzkar ölkənin münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı olmasını, işğalçılıq siyasətini davam etdirməsini təsdiq edən yeni mesaj oldu.

İflasa uğradıqdan sonra yeni təxribatlara əl atan, yalandan və siyasi blefdən peşəkarlıqla istifadə edən Ermənistan hakimiyyəti artıq anlamalıdır ki, Azərbaycan xalqı işğal altındakı torpaqlarını tezliklə azad edəcək. Haqq, ədalət mübarizəsində məğlub tərəf Ermənistan olacaq.