Orqan köçürülməsi ilə bağlı mükəmməl qanun hazırlanacaq

“Hər il 120 mindən çox orqan transplantasiyası olunur. Amma dünyada yaşayan insanların orqan transplantasiyasına tələbat bundan dəfələrlə çoxdur”.

XALQ.AZ xəbər verir ki, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə parlamentdə keçirilən orqan transplantasiyasına həsr olunmuş ictimai dinləmələr zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib.

Onun sözlərinə görə, orqan transplantasiyası sahəsində dünyanın müxtəlif regionları arasında da ciddi fərqlər var. “Avropada hər il 1 milyon nəfərə 40, MDB məkanında isə 1 milyon nəfərə 4-9 tranplantasiya düşür. Azərbaycanda bu sahədə dəqiq statistika əldə etməkdə çətinlik çəkdim. Azərbaycanda orqan transplantasiyasının yetərli səviyyədə aparılmamasının səbəbi donorların, yetərli sayda orqanların olmamasıdır. Digər tərəfdən, “Orqan və toxuma transplantasiyası haqqında” qanun bu günkü tələblərlə ayaqlaşmır. Belə qərara gəlmişik ki, orqan transplantasiyası haqqında mükəmməl bir qanun hazırlayaq. Parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərliyi altında İşçi Qrupu yaradılıb, layihə hazırlanıb.

 

Bu dinləmələrdə irəli sürülən təkliflər nəzərə alınaraq, layihəyə dəyişikliklər də edilə bilər. Çünki sonrakı mərhələdə bizim vəzifəmiz qanun layihəsini Səhiyyə komitəsində müzakirə edib, parlamentin plenar iclasına təqdim etməkdir ”.

 

Orxan