Orta Asiya ölkələri daha fəal olmalıdır

 

2

«TürkPA-nın gələcəyinə hər birimizdə böyük əminlik var. Bu qurum fəaliyyət qabiliyyətli bir təşkilata çevrilməkdədir. Bir çox beynəlxalq təşkilatların tədbirlərində artıq TürkPA fəal iştirak edir». Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu gün Bakıda keçirilən TürkPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 3-cü iclasında deyib.
Z.Əsgərov bildirib ki, TürkPA bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verən və türk dünyasının səsini bütün dünyaya çatdıran bir təşkilata çevrilə biləcək. Onun sözlərinə görə, TürkPA hazırda bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi qismində iştirak edir.
İclasın gündəliyinə nəqliyyatla bağlı məsələnin təsadüfdən salınmadığını bildirən birinci vitse-spiker bu ilin sonu, gələn ilin əvvəli Bakı-Tbilisi-Qars dəmiryolunun artıq fəaliyyətə başlayacağını deyib. O qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu təkcə nəqliyyat layihəsi deyil, həm də dövlətlərin yaxınlaşmasına kömək edən mühüm layihədir. Z.Əsgərovun fikrincə, “Şahdəniz-2” layihəsinin imzalanması da həm Azərbaycan qazının, həm də gələcəkdə Orta Asiya ölkələrinin neft-qaz resurslarının Avropaya çatdırılmasında mühüm rol oynayacaq.
«Bu, o deməkdir ki, dünyada nəqliyyat lokomotivinin əsas hissəsi türk dünyasının payına düşür. Düzdür, ötən əsrin əvvəllərində Zəngəzur mahalının Azərbaycandan alınaraq Ermənistana verilməsi türk dünyasının arasındakı coğrafi əlaqəni kəsdi. Buna baxmayaraq, bu coğrafi baryerləri də aşıb keçəcəyik. Çünki bizi bazlayan təkcə coğrafi əlaqələr deyil, kökümüz, tariximiz, mədəniyyətimizdir.Arzu edərdim ki, bu məsələdə Orta Asiya ölkələri daha fəal olsunlar ki, qarşıya qoyulan məqsədə nail olaq»- deyə, Z.Əsgərov vurğulayıb.