“Övladını tək başına böyüdən analar var ki, təhsil haqqı ödəməyə çətinlik çəkirlər”

ax 2019 05 17 qenire pashayeva

Millət vəkili Q.Paşayeva MM-da kasıb ailələrdən olan tələbələrə təhsil haqqı güzəştləri, mollardan kənar ticarət obyektlərinin, açıq havada fəaliyyət göstərən kafe və restoranların açılması təklifləri ilə çıxış edib və insanları narahat edən bir sıra problemləri səsləndirib.

XALQ.AZ xəbər verir ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuş müzakirəsində çıxış edib və qanun layihəsini dəstəklədiyini bildirib.


Q.Paşayeva eyni zamanda bir sıra vacib məsələlərə də toxunub: “Dünya ağır bir pandemiya dönəmindən keçir. İnsanlarımız cənab Prezidentimizin rəhbərliyi altında dövlətimizin əhalimizin sağlamlığı, pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstəklə bağlı həyata keçirdiyi proqramları yüksək qiymətləndirir. Amma bəzi məsələlər var ki, onlara da böyük diqqət yetirilməsini istərdik. Təxminən 15 min aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarına edilən güzəştləri, həmin vəsaitin dövlət büdcəsindən ödənilməsini yüksək dəyərləndiririk. Amma belə ailələrin sayı hədsiz çoxdur. Sakinlərimizlə görüşdə görürük ki, təhsil haqqını ödəyə bilmədiyinə görə hətta 3-cü, 4-cü kurs tələbələri var ki, universiteti atmaq məcburiyyətində qalırlar. Əgər büdcədə 40 milyon vəsait varsa, güzəşt tətbiq olunan kateqoriyanın genişləndirilməsi barədə Təhsil Nazirliyi ilə müzakirələr aparmaq lazımdır. Övladını tək başına böyüdən analar var ki, təhsil haqqı ödəməyə çətinlik çəkirlər. Biz bu cür ailələrə dəstək olmalıyıq. Ona görə də xahiş edirəm ki, övladını tək böyüdəndə çətin vəziyyətdə olan ailələrə tələbələrin neçənci kursda oxumasından asılı olmayaraq dəstək göstərilsin, onlara tğhsil haqlarında güzəştlər olunsun.”


Millət vəkili Qənirə Paşayeva dövlətimizin sahibkarlığa göstərdiyi dəstək barədə də danışıb. O bildirib ki, bu sahədə 10 minlərlə insan çalışır və ölkə iqtisadiyyatının gücü sahibkarlığın inkişafı ilə ölçülür. Millət vəkili deyib: “İnsanlarımız karantin qaydalarının onları qoruduğunu bilirlər. Lakin bəzi təkliflər səsləndirirlər ki, Operativ Qərargah bəzi sahələrdə yumşaldılmanın aparılmasını həyata keçirsinlər. Mollardan başqa ticarət obyektləri var ki, gündəlik müştəri sıxlığı az olur. Mebel, qızıl və geyim dükanlarından başlayaraq mollardan başqa bütün ticarət mərkəzlərinin açılmasını həyata keçirmək vacib və müsbət olardı. Yoluxma riski qapalı məkanlardakı qədər böyük olmayan, açıq havada yerləşən restoranlar, kafelər var ki, orada karantin qaydalarına əməl etməklə fəaliyyəti bərpa etmək olar. Bu iş yerlərinin açılması sahibkarlığın inkişafı üçün müsbət olar. Dövlətimiz hər zaman əhalinin sağlamlığını iqtisadiyyatdan üstün tutur. Hər birimiz bu fikri dəstəkləyirik. Amma bu məsələlərə də baxılması, risklərin dəyərləndirilməsi yaxşı olardı. Çünki insanlarımız arasında belə müraciətlərin sayı getdikcə artır. Vüqar müəllimin fikrinə dəstək olaraq mən də müvafiq qurumlara nüraciət edirəm ki, azaldılan xərclər arasında su təsərrüfatı ilə bağlı xərclər olmasın. Cənab Prezidentimizə su anbarlarının tikintisi üçün imzaladığı sərəncama görə təşəkkür etdik. Kənd rayonlarında su problemləri, suvarma problemlərii hələ də ciddi olaraq davam etməkdədir. Bütün bunları nəzərə alaraq, xahiş edirik ki, azaldılan xərclər arasında su təsərrüfatı xərcləri yer almasın”

Arzu edənlər, sözügedən çıxışı buradan izləyə bilər:

XALQ.AZ