Başçısının qohumu olan aprel döyüşçüsü özünü yandırdığına görə açıqlama veriləcək mi?

Xəbər verdiyimiz kimi, 28 iyun 2019-cu il tarixdə gecə saat 23:30 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının qarşısında etraz məqsədi ilə özünü yandıran Aprel döyüşlərinin iştirakçısı olmuş İmamverdi İsmayılov dünyasını dəyişib.

MAXE kimi Aprel döyüşlərinin iştirakçısı olmuş İmamverdi İsmayılovun belə bir faciəvi etiraz aksiyasına əl atmasına səbəb isə övladını Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirən zaman, orada üzləşdiyi biganə münasibət olub. O, xəstəxana rəhbərliyinin yaratdığı özbaşınalığa etiraz əlaməti olaraq  özünü benzinlə yandırıb.

Hadisə nəticəsində ağır yanıq xəsarətləri almış, bədəninin 60% yanmış Aprel qazisi İmamverdi İsmayılov bu gün təxminən saat 14:00 radələrində xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

4

Qeyd edək ki, intihar etmiş İmamverdi İsmayılov ordudan tərxis olunduqdan sonra Mingəçevir Qaz İstismar sahəsində işləyib.

Onu da xatırladaq ki, özünə qəsd etmiş İmamverdi İsmayılov övladının xəstəliyi ilə əlaqədar dəfələrlə Mingəçevir xəstəxanasına müraciətlər etsə də düzgün müayinə-müalicə aparmayıblar. Onu sadəcə yola veriblər. Xəstəxana rəhbəri Könül Ələkbərovun yaratdığı “idarəetmə”dən cana yığılan İmamverdi intihar cəhdindən bir neçə saat əvvəl, gecə saat 23:27-də özünün Feysbuk səhifəsində Könül Ələkbərovun şəklini qoymaqla kəskin etiraz xarakterli status da yazıb.

Həmin statusu təqdim edirik:

1

Onu da qeyd edək ki, intihar etmiş İmamverdi İsmayılov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun əmisi nəvəsidir. Qəribə də olsa,  icra başçısı İlham İsmayılovun baş verən hadisəni mümkün qədər mətbuatdan gizlətməyə, sıradan bir ölüm hadisəsi kimi təqdim etməyə çalışdığı bildirilir. İcra başçısının bu faciəni gizlətməyə çalışması isə bu işdə xeyli qaranlıq məqamın olduğunu, onun kreslosunu itirməkdən qorxduğunu düşünməyə əsas verir.

Məsələ ondadır ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında dövlət tərəfindən həyata keçirilən icbari tibbi sığorta pilot layihəsinə daxildir. Dövlət bu pilot layihəni reallaşdırmaq üçün büdcədən xeyli miqdarda pul ayırıb. Ancaq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında baş verənlər bu vəsaitlərin təyinatı üzrə xərclənmədiyini göstərir.

İlham İsmayılov

İlham İsmayılov

Qeyd edək ki, Mingəçevir şəhərində bu layihənin icraçı direktoru Könül Ələkbərovdur. Ancaq K.Ələkbərovun pilot layihə üçün ayrılan vəsaitlə bağlı tək qərar verdiyini söyləmək çətindir. Hər halda icra başçısının burada baş verənlərdən xəbərsiz olması inandırıcı görünmür. Ən azı ona görə ki, özünü yandıran icra başçısının əmisi nəvəsi, mərhum İ.İsmayılovun xəstəxanada baş verən özbaşınalıqlara qarşı mütamadi olaraq K.Ələkbərova etiraz etdiyi bildirilir…

Yazıdakı iddialarla bağlı adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info

3

***

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində özünü yandıran İmamverdi İsmayılov dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə aktyor Ziya Ağa məlumat verib.

“Bir yerdə xidmət etmişdik…Əsgər yoldaşımdır. O qədər saf, mərd, ləyaqətli insan idi ki…”, – deyə aktyor qeyd edib.

Xatırladaq ki, qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd etmişdi. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırmışdı. Ətrafdakıların köməyi ilə söndürülən İ. İsmayılov çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilmişdi.

 

Orxan