Panama kanalı genişlənəcək

Panama

Panama kanalının genişləndirilməsi üzrə işlər iki həftəlik fasilədən sonra bərpa olunub.

Cümə axşamı tikinti layihəsinə cəlb olunmuş beynəlxalq konsorsiumun fəhlələri və mühəndisləri yenidən iş yerlərinə qayıdıb. Konsorsiuma daxil olan İspan şirkəti “Sakir” kanal administrasiyası ilə, layihənin maliyyələşdirilməsinə 1.6 milyard dolların çatmaması barədə mübahisəyə arbitraj məhkəməsinə baxılana kimi, işləri davam etdirməyə razılaşıb. Sifarişçi dekabr ayında görülmüş işlərə görə 37 milyon dollar ödəməyə razılıq verib.

Panama kanalının rəhbəri Xorxe Kiyxano beynəlxalq konsorsiumun göstərilən məbləğdə maliyyələşdirilməsi üçün banka müvafiq göstəriş verdiklərini bildirib. “Sakir” şirkətinin iddiasına görə, kanalın rekonstruksiyası işlərinin Panama rəhbərliyi tərəfindən hazırlanmış smetası süni şəkildə azaldılıb. Şirkətin büdcəni artırmaq barədə vəsatətini isə kanal administrasiyası rədd edib. Məhz yaranan mübahisə ucbatından kanalın genişləndirilməsi üzrə işlər 2 həftə əvvəl qəfildən dayandırılmışdı.