“Pandemiya bütün dövlətlərin iqtisadiyyatına güclü təsir göstərib” – Millət vəkili

“Pandemiya şəraitində əsas məqam odur ki, istər rayonlarda, istərsə də şəhərlərdə yaşayan həssas təbəqəyə ayrılan vəsaitlər vaxtlı-vaxtında çatdırıldı”.

XALQ.AZ xəbər verir ki, bu fikirləri açıqlamasında Prezident İlham Əliyevin 31 avqust tarixində çıxışı ilə əlaqədar millət vəkili Arzu Nağıyev deyib. Millət vəkili bildirib ki, ümumi iqtisadiyyatda tənəzzül olsa da, nə böyük, nə də kiçik biznesdə o qədər də böyük itkilər olmayıb.

“Düşünürəm ki, həm iqtisadi, həm də sosial baxımdan mühüm qərarlar qəbul olundu. Belə ki, pandemiya dövründə Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat ayrıldı. Bu dönəmdə  iri şirkətlərə böyük dəstək olundu, eyni zamanda həssas təbəqəyə də bu istiqamətdə yardımlar edildi. Əsas məsələ ondan ibarət idi ki, belə bir problemlərin yaşandığı dövrdə ümumi iqtisadiyyatda tənəzzülün olmasına baxmayaraq, nə böyük, nə də kiçik biznesdə o qədər də böyük itkilər olmadı. İstər rayonlarda, istərsə də şəhərlərdə yaşayan həssas təbəqəyə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ayrılan vəsaitlər vaxtlı-vaxtında çatdırıldı. 

Bütün bunları nəzərə almaq lazımdır. Çünki ümumiyyətlə, pandemiya bütün dövlətlərin iqtisadiyyatına güclü təsir göstərib. Azərbaycanda məhz dövlət səviyyəsində bunların qarşısının alınması da çox mühim əhəmiyyət kəsb edir. Karantinin uzadılması insanları narahat etsə də, dövlət öz vətəndaşlarını qoruyur. Azərbaycan dövləti vətəndaşları düşünür, onların sağlamlığı və təhlükəsizliyini özünün ali məqsədi və vəzifəsi hesab edir. Bu mənada, dövlətin atdığı bütün tədbirlər təqdir olunmalı və qaydalara əməl edilməlidir”.