Pandemiyadan irəli gələn çağırışlar dövlət büdcəsi xərclərinin artırılmasını zəruri etmişdir

117236313 829594160906097 8229469820564385419 n

Heç bir dövlətin hazır olmadığı COVİD-19 virusunun yaratdığı pandemiya şəraiti Azərbaycanda da mart ayından vurduğu hərtərəfli ziyanla özünü göstərməkdədir. Ölkə başçısının daimi nəzarətində olan mübarizə tədbirləri, səhiyyə sahəsində atılmış ciddi addımlar, insan sağlamlığının qorunması, həmçinin onların həyat şəraitinə daha çox dəyə biləcək ziyanların qarşısının alınması, ümumilikdə dövlətimizin bu problemdən daha az zərərlə çıxmasına yönəlik fəaliyyət davamlı olaraq aparılmaqdadır.

Şübhəsiz ki, bu mübarizənin aparılmasında əsas məsələ dövlətin imkanlarının bir daha götür-qoy olunmasını, habelə mövcud dövlət büdcəsinin dayanıqlılığının optimallaşmasını diktə edirdi.

Hökumət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, pandemiya şəraitinə uyğun zəruri qanunların qəbul ounması istiqamətində qanunverici orqan olan Milli Məclis də paralel fəaliyyət göstərmişdir. Cari ilin dövlət büdcəsinin dürüstləşdirilməsinə dair, habelə iqtisadiyyatın həssas dönəmində dövlət büdcəsinə yenidən baxılmasını və ilin sonunadək əlavə tədbirlərin həyata keçirilməsi üçün “2020-ci il dövlət büdcəsi üzrə qanun layihəsi”nin qəbul olunmasını zəruri etmişdir.

Qanun layihəsində əsasən pandemiyadan irəli gələn çağırışlar rəhbər tutulmuş və dövlət büdcəsinin xərcləri artırılmışdır. Belə ki, dövlət təhlükəsizliyi, səhiyyə islahatları, iqtisadi fəaliyyət subyektləri, həmçinin rəqəmsallaşma istiqamətində dürüstləşdirilmiş büdcədə əlavə xərclər müəyyən olunmuşdur.

Eyni zamanda Milli Məclisin avqust ayının 5 – 7-də keçirilmiş növbədənkənar iclasında altı məsələyə baxılmışdır. Qəbul olunmuş qanun layihələri Azərbaycan vətəndaşlarının sağlamlığının, sosial rifahının yaxşılaşdırılmasına, habelə ölkəmizin müstəqilliyinin xarici təhdidlərdən qorunmasının təmin olunmasına xidmət edən qanunlardır.

Bu gün artıq ölkə rəhbərliyinin COVİD-19 pandemiyası ilə apardığı mübarizədəki rəhbər tutduğu idarəçilik rəsmi rəqəmlərdə özünü nəinki doğruldur, hətta bu yanaşmanın yeni, nümunəvi idarəçilik modeli olması beynəlxalq təşkilatlar tərəfindən səsləndirilir. Hökumətin 24 saat çalışması bahasına əldə olunmuş müsbət nəticələr xalqımız tərəfindən dəyərləndirilir və bu tendensiyanın qorunub saxlanılması bütün Azərbaycan xalqının hamılıqla gündəlik həyat tərzinə çevrilməlidir.

Əminəm ki, qədirbilən xalqımız bu mübarizədən üzü ağ və az zərərlə həmrəylik, dözüm, səbr nümayiş etdirərək çıxacaq, Cənab Prezidentin “Biz Birlikdə Güclüyük” devizinə əməli töhfə verəcəkdir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı