“Pandemiyadan zərər çəkmiş sahibkarlar və özəl sektora dövlət dəstəyi tətbiq olunur”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi.İclasda İqtisadiyyat nazirinin müavini Sahir Məmmədxanovun təqdimatı ilə kiçik və orta sahibkarlıq subyektlərinə münasibətdə vergi güzəştləri müzakirə olundu. Məlumdur ki, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı mövcuddur. Bu plana əsasən, pandemiyadan zərər çəkmiş sahibkarlar və özəl sektora dövlət dəstəyi tətbiq olunur.

XALQ.AZ xəbər verir ki, bunu adıçəkilən komitənin üzvü Elnur Allahverdiyev deyib.

O, sonra bunları qeyd edib:

“Müzakirə olunan vergi güzəştləri həyata keçirilən planın tərkib hissəsidir. İclas ərzində 3 təkliflə çıxış etdim. Təkliflərim komitə üzvləri tərəfindən maraqla qarşılandı.

Beləliklə:1. Təklif edirəm ki, sahibkarlıq subyektlərində əməkdaşların maksimum şəkildə işlərində saxlanılması məqsədilə Azərbaycanda tam karantin rejimi tətbiq olunan tarixdən – martın 26-dan 2020-ci ilin sonunadək özəl müəssisələrdə (bütün özəl sektor təmsilçiləri daxil olmaqla) işçi sayınının azaldılmaması və əməkhaqqı fondunun artırılmasına dəstək məqsədilə sosial sığorta üzrə ayırmalar tutulmasın (2021-ci ildə ümumi işçi sayı və əməkhaqqı fondunu saxlamaq şərti ilə). Bu, gələcək illərdə həm dövlət büdcəsinə əlavə gəlir gətirəcək, həm də özəl sektor təmsilçilərinin əməkdaşları ilə münasibətlərinin rəsmiləşdirilməsi prosesinə təkan verəcək;

2. Özəl sektora dəstək məqsədi ilə ölkədaxili ticarət əməliyyatlarında ƏDV nəzərə alınsın və bəyan edilsin, ancaq gəlir vergisi kimi ildə bir dəfə ödənilsin. Yaxın 2-3 il üçün. Bu halda biz iş adamlarına faktiki faizsiz kredit vermiş oluruq. İş adamları isə həmin məcburi ödənişləri öz bizneslərinin dövriyyəsində investisiya kimi istifadə edirlər;

3. Dövlət tərəfindən sahibkarlıq subyektlərinə göstərilən dəstək müstəvisində bankların özəl sfera təmsilçilərinə verdikləri kreditlərin faizlərinin 50% endirilməsi təklifi olub. İndiyədək bu məsələ ilə bağlı hər hansı açıqlama verilməyib.

Bu məsələyə bir daha qayıtmaq çətin vəziyyətdə olan özəl sektor üçün ciddi kömək olar. Hesab edirəm ki, bu təkliflərin reallaşdırılması yeni növ koronavirus pandemiyasının iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması istiqamətində sahibkarlıq subyektlərinə münasibətdə dəstək ola bilər”.