Parklama qadağası olan yerlərdə sürücülər nə etməlidir?

Bu gün qadağan işarəsi altında avtomobili saxlamaq ən çox yayılan qanun pozuntularından biridir, qeyri-qanuni yerdə parklamaya görə cərimə mövzusu isə hər zamankından daha aktualdır. Bakı Nəqliyyat Agentliyi (BNA) bu məsələni diqqətlə izləyir və yol qaydalarının bu formada pozulmasına operativ şəkildə reaksiya göstərir. Bir çox hallarda iş cərimə yazılması ilə bitmir, hətta avtonəqliyyat vasitəsinin cərimə meydançasına aparılması ilə nəticələnir.

Parklamanı qadağan edən işarələr altında nəqliyyat vasitəsini saxlamaq birmənalı şəkildə olmaz və heç kim bununla mübahisə etmir. Bəs “parkovka” yerinin qanuni olduğu halda bu ərazinin yaxınlığında yerləşən obyektin sahibi onu “özəlləşdirib”sə, nə etmək lazımdır?

Son vaxtlarda dost-tanışdan tez-tez eşidirəm, hətta özüm də dəfələrlə şahidi olmuşam ki, avtomobili park edərkən yaxınlıqdakı obyektdən mühafizəçi çıxaraq “Bizim mağazamıza, gözəllik salonumuza, restoranımıza gəlmisiniz” sualı ilə müraciət edir. Cavabınız mənfidirsə, sizdən bu parklama yerini boşaltmağınız xahiş olunur, oranın guya obyektə məxsus olduğu bildirilir və imtina edəcəyiniz təqdirdə evakuator çağırılacağı, geri dönəcəyiniz ana qədər avtomobilin artıq olmayacağı ilə bağlı təhdidlər başlayır.

Bu cür halların nə qədər qanuni olduğunu və belə hallarda kimə müraciət edilməli olduğunu müəyyənləşdirmək üçün “Report” İnformasiya Agentliyi müvafiq strukturlarla əlaqə saxlayıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov ötən ilin aprel ayından bəri avtomobillərin parklanması ilə ilə bağlı bütün məsələlər BNA-nın öhdəliyinə verildiyini vurğulayaraq bildirib ki, şəxsi obyektin sahibi kiməsə avtomobilinin obyekti qarşısında park etməyi qadağan etmək və ya ərazinin rəsmi ona aid olmadığı təqdirdə parklama üçün ödəniş etməyinizi tələb etmək hüququna malik deyil.

Öz növbəsində, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, şəxsi obyektlər tərəfindən dayanacaq yerlərinin “özəlləşdirilməsi” qanunsuzdur: “Əgər bu ərazi parklanma üçün nəzərdə tutulubsa, o zaman şəxsi obyektin hansısa nümayəndəsinin avtomobilinizi orada saxlamağınıza qadağa qoymaq hüququ yoxdur. Yəni heç kimdən icazə istəmədən avtomobilinizi rahat şəkildə park edə bilərsiniz”.

Şəxsi obyektin nümayəndəsinin avtomobil sahibinin yoxluğunda evakuator çağırıb avtomobili cərimə meydançasına göndərməsinin mümkün olub-olmaması barədə suala cavabında M.Ağayev qeyd edib ki, evakuator yalnız qanunsuz yerdə saxlama olduğu halda maşını cərimə meydançasına apara bilər: “Ancaq bu ərazidə parklanmaya icazə verilirsə və bu yalnız obyekt sahibinin şıltaqlığıdırsa, heç kim avtomobilinizə toxunmayacaq”.

Öz növbəsində, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sürücü avtomobilini parklanmaya icazə verilən ərazidə düzgün park edibsə, kim şəkil çəkib, evakuator çağırmasından asılı olmayaraq, bu sürücüyə heç bir inzibati cərimə tətbiq edilməyəcək. “Təəssüf ki, obyekt nümayəndələrinin bu cür davranışı şəxsi maraqları ilə əlaqədardır, lakin icazə verilən ərazidə düzgün park edilmiş avtomobil sürücülərinin çəkinəcəyi bir şey yoxdur”, – deyə o əlavə edib.

“Belə hallarla qarşılaşdıqda hara şikayət etmək lazımdır” sualına isə “Report”a açıqlamasında vəkil Səməd Vəkilov cavab verib.

Onun sözlərinə görə, obyekt sahibi məkan qarşısındakı park yerinin ona aid olduğunu bəyan edirsə, müvafiq sənədləri təqdim etməlidir: “Əgər obyektin bu əraziyə sahib olması ilə bağlı rəsmi sənədləri yoxdursa, o zaman obyektin sahibi vətəndaşın hüquqlarını pozaraq ərazini qanunsuz zəbt edir. Belə hallarla qarşılaşdıqda polisə, Bakı Nəqliyyat Agentliyinə, eləcə də icra hakimiyyəti orqanlarına müraciət edə bilərsiniz”.

XALQ.AZ