Spiker: “Parlament cəmiyyətdə mövcud olan əsas siyasi qüvvələrin bütün spektrini tam əks etdirir”

sahib

“Parlament cəmiyyətdə mövcud olan əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirir”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir.

“Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusunda keçirilən görüşü giriş sözü ilə açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, olduqca aktual mövzuya həsr edilən tədbirdə pandemiya dövründə meydana çıxan yeni çağırışlar fonunda siyasi sistemin əsas elementləri olan siyasi partiyaların fəaliyyəti müzakirə ediləcək. O, Azərbaycan Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən siyasi islahatların gətirdiyi şərtlərin bütövlükdə ölkədə yeni dialoq və əməkdaşlıq mühiti yaratdığını, bu mühitin başlıca komponentlərinin isə dövlət başçısının VI çağırış Milli Məclisin ilk iclasındakı nitqində aydın şəkildə göstərildiyini diqqətə çatdırıb. S.Qafarova qeyd edib ki, ölkə Prezidentinin dərin məzmunlu, kifayət qədər konseptual tarixi nitqi siyasi sistemin də komponentlərini və perspektivlərini əhatə etməklə siyasi konfiqurasiyada və ictimai münasibətlər sistemində yeni tarixi mərhələ kimi qiymətləndirilə bilər.

Parlamentin ölkədə həyata keçirilən siyasi islahatların daha uğurlu nəticələrlə müşayiət olunmasında mühüm rola malik olduğunu vurğulayan S.Qafarova VI çağırış Milli Məclisdə rəhbər orqanların tam dəyişdirildiyini, ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçildiyini, bununla yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq etdiklərini xatırladıb. O deyib ki, bu addım ölkədə siyasi sistemin yeni konfiqurasiyasına yol açmaqla yanaşı, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərir və artıq başa çatmış yaz və növbədənkənar sessiyalarda parlamentin uğurla fəaliyyət göstərməsi, eləcə də buna münasibətdə ümumi ictimai rəyin müsbət olması həyata keçirilən islahatların nəticəsi kimi qiymətləndirilə bilər. Bu dövr ərzində qlobal pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Milli Məclis üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışıb: yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar, o cümlədən 2 konstitusiya qanunu qəbul edilib. Milli Məclisin iclaslarında Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun hesabat və məruzələri dinlənilib. İyunun 30-da başa çatan növbədənkənar sessiya dövründə isə Milli Məclisin 8 iclası keçirilib, 35 qanun və qərar qəbul edilib.

Milli Məclisin Sədri, həmçinin qeyd edib ki, parlament cəmiyyətdə mövcud olan əsas siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini tam əks etdirir, siyasi dialoq, milli və dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir.

107117680 2933950966713223 3326125844595566692 n1594129186

XALQ.AZ