“Parlament öz fəaliyyətini indiki dövrün reallıqlarına uyğun qura bilib”

soltan

“VI çağırış Milli Məclisin həm yaz sessiyası, həm də növbədənkənar sessiyasında ölkə üçün mühüm əhəmiyyət kəsb edən bir sıra qanunlar qəbul olunub. Yaz sessiyasında 12 iclas olub, 123 qanun layihəsi qəbul edilib”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat bildirib ki, bundan başqa, növbədənkənar sessiya müddətində keçirilən 8 iclasda 35 qanun və qərar qəbul olunub. Milli Məclisin bu dövrdəki fəaliyyəti koronavirus pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərlə müşayiət olunsa da parlament kifayət qədər səmərəli fəaliyyət göstərdi”.

O qeyd edib ki, həm koronavirusla mübarizə tədbirlərinin qanunvericilik bazasının yaradılması, həm ölkə həyatının digər sahələri ilə bağlı qanunların qəbul olunması, həm də digər ölkələrin parlamentləri, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın davam etdirilməsi Milli Məclisin ötən dövrdəki fəaliyyətinin əsas istiqamətlərini təşkil edib.

Deputat hesab edir ki, Azərbaycan parlamenti öz üzərinə düşən vəzifələri uğurla icra edə bilib. “Prezident İlham Əliyev ilk iclasda Milli Məclisdən, deputatlardan gözləntiləri ilə bağlı çox mühüm mesajlar vermişdi. Dövlət başçısının nitqində əksini tapmış fikirlər bizim əsas fəaliyyət istiqamətlərimizi müəyyənləşdirir. Hesab edirəm ki, Milli Məclisdə aparılan islahatlar, qəbul olunan qanunlar, deputatların seçicilərin problemlərinin həlli istiqamətində gördüyü işlər ümumilikdə parlamentin fəaliyyətinin Prezident İlham Əliyevin çağırışlarına uyğun qurulmaqda olduğunu söyləməyə imkan yaradır. Beynəlxalq təşkilatlarla əməkdaşlığı, parlamentlərarası əlaqələr üzrə işçi qrupların fəaliyyətini gücləndirmək məqsədilə videokonfrans formatında mütəmadi görüşlər keçirilib”.

S.Məmmədov bildirib ki, indiki həssas dövrdə Milli Məclisin və deputatların üzərinə çox böyük məsuliyyət düşür. Onun sözlərinə görə, qanunverici orqan zamanın çağırışlarına, mövcud siyasi və iqtisadi reallıqlara, qlobal problemlərə adekvat reaksiya verməyi bacarmalıdır:

“Hər bir dövlət strukturunun fəaliyyətinin nə dərəcədə effektiv olduğunu böhranlı situasiyalarda, ölkə və qlobal əhəmiyyətli problemlərin yarandığı zaman kəsimlərində daha aydın üzə çıxır. Bu baxımdan, fikrimcə, Azərbaycan parlamenti öz fəaliyyətini indiki dövrün reallıqlarına və müasir çağırışlara uyğun qura bilib. Şübhəsiz ki, burda Milli Məclisin rəhbərliyinin düşünülmüş adımları mühüm rol oynayıb”.