Parlamentin AŞPA-dakı nümayəndə heyətinə üzvlər necə seçilib

Milli Məclisin deputatı Erkin Qədirli parlamentin AŞPA-dakı nümayəndə heyətinə üzvlərin necə seçildiyini açıqlayıb.

XALQ.AZ xəbər verir ki, deputat feysbuk səhifəsində heyətin hələ təsdiqlənmədiyini bildirib: “Heyətin səlahiyyətləri AŞPA-da təsdiqlənməlidir. AŞPA-dakı tələblərə görə nümayəndə heyətinin tərkibi belə olmalıdır: 1/3 iqtidar, 1/3 müxalifət, 1/3 müstəqillər. Ayrıca, heyətin 1/3-i qadınlar olmalıdır. Heyətimizdə 12 üzv var. Hər qrupdan 4 nəfər olmalıdır. Təəssüf ki, REAL-ın rəsmi qeydiyyatı olmadığından mən müxalifət qrupuna aid oluna bilmirəm. Odur ki, səlahiyyətlərim təsdiqlənərsə, AŞPA-da müstəqillər qrupunda olacağam”.

Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Səməd Seyidov (nümayəndə heyətinin rəhbəri), Kamal Cəfərov, Sevinc Fətəliyeva, Pərvin Kərimzadə, Nigar Arpadarai, Tural Gəncəliyev, Könül Nurullayeva, Erkin Qədirli, Rafael Hüseynov, Sabir Hacıyev, Fazil Mustafa, Asim Mollazadə daxildir.