Paşinyan çıxılmaz vəziyyətdədir

Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı dönəmdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gündəm dəyişməz olaraq qaldı. Yenə də Ermənistan tərəfinin təxribat xarakterli bəyanatlarını, həqiqəti əks etdirməyən informasiyalar yaymasını müşahidə etdik. Lakin son zamanlar Paşinyan hökumətinin siyasətində qeyri-müəyyənlik nəzərə çarpır. Dalana dirəndiyini hiss edən Ermənistan rəhbərliyi sanki vəziyyətdən çıxış yolu axtarır.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev açıqlamasında bildirib ki, Nikol Paşinyanın komandası ilk gündən özlərini liberal, demokratiya yönümlü qələmə verməyə çalışıb:

“Lakin onların addımlarından populizm açıq-aydın hiss edilir. N. Paşinyan çıxışlarının birində deyirdi ki, Ermənistanın ümumdaxili məhsulunu 50 milyarda çatdırmalıyıq, ölkəni İT sahəsində regional liderə çevirməliyik və s. Bu rəqəmlərin real olmayacağı aydın görünürdü. İnqilabdan sonra Qərb ölkələrində yaşayan bir sıra erməni alimləri Paşinyana kömək etmək məqsədilə Ermənistana gəlmişdilər. Onlar plan qurdular, gələcək üçün müəyyən məqsədləri yazdılar, pozdular…

Amma erməni alimləri də gördülər ki, baş nazirin heç bir əsaslı məqsədi yoxdur. Ermənistaın bu haqda düşünə bilməyi, addım ata bilməyi üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Hər kəs bilir ki, münaqişənin həlli də Azərbaycan torpaqlarının geri qaytarılmasından keçir. Lakin Ermənistan cəmiyyəti buna hazır deyil. Mən düşünürəm ki, bəlkə də Nikol Paşinyanın daxilində münaqişənin həlli üçün istək var. Amma baş nazir yaxşı anlayır ki, torpaqları güzəştə getsə, onu Levon ter-Petrosyanın aqibəti gözləyir. Ona görə, bu yoldan çəkinib, daha populist, radikal çıxışlara yer verməyə başladı”.

Fərid Şəfiyevin sözlərinə görə, münaqişə ilə bağlı Ermənistan hakimiyyətinin istəyi bu idi ki, Dağlıq Qarabağ Ermənistana birləşsin, ətraf ərazilər müəyyən şərtlərlə Azərbaycan tərəfinə qaytarılsın:

“Lakin bu da indi gündəmdən çıxıb. Paşinyan hakimiyyətinin qərbə yönəlik siyasəti uğursuzdur. Ermənistanın Rusiyadan asılılığı aradan qalxmadan qərblə əlaqələri köklü inkişaf edə bilməz”.