“Paşinyan sülh danışıqlarının davam etdirilməsində maraqlı deyil” -Deputat

soltan

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri bu ölkənin sülhə hazır olmadığını, problemin danışıqlar masası arxasında həllinə maraq göstərmədiyini bir daha nümayiş etdirir.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib ki, ərazisinin 20 faizinin işğal altında olmasına baxmayaraq, Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün bütün imkanlardan istifadə edib. Lakin proseslərin gedişi, o cümlədən Ermənistan rəhbərliyinin son addımları göstərir ki, rəsmi Yerevan münaqişənin sülh yolu ilə nizamlanması üçün bütün qapıları faktiki olaraq bağlayır:

“Hesab edirəm ki, Nikol Paşinyanın son addımları Ermənistanın istənilən an yeni hərbi təxribatlara əl atmağa hazır olduğunu göstərir. Bu ölkənin yüksək vəzifəli ayrı-ayrı şəxslərinin bəyanatları, yeni qəbul olunmuş Milli Təhlükəsizlik Strategiyasında əksini tapmış bəzi müddəalar da onu nümayiş etdirir ki, Paşinyan və komandası sülh danışıqlarının davam etdirilməsində maraqlı deyil”.

S.Məmmədov bildirib ki, Ermənistanın bu davranışına ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət qəti, aydın münasibətini ifadə etməlidir:

“Əks halda, cəzasız qaldığını görən Ermənistan rəhbərliyi bütün bölgədə vəziyyəti gərginləşdirən addımlar ata bilər. Xüsusilə də onu nəzərə alaq ki, Ermənistan hakimiyyəti rasional düşünmək, praqmatik siyasət yürütmək kimi bacarıqlardan məhrumdur. Ona görə də dünya birliyi işğalçı ölkəyə yerini göstərməlidir”.

Deputat vurğulayıb ki, Paşinyanın daxili siyasətdə qarşılaşdığı problemlər, hakim komandanın sürətlə aşağı düşən reytinqi baş nazirin populist davranışlarını şərtləndirən əsas amillərdir:

“Lakin onu da nəzərə almaq lazımdır ki, Ermənistanın baş naziri xarakter etibarilə populizmə və avantüraya meyillidir”.

Millət vəkili münaqişənin nizamlanmasında danışıqlar üçün imkanların tükənəcəyi təqdirdə Azərbaycanın öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etmək məcburiyyətində qalacağını bildirib:

“Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazi bütövlüyünü təmin etmək üçün güc variantından istifadə hüququnu özündə saxlayır. Əlbəttə ki, heç kim hərbi əməliyyatların bərpa olunmasını arzulamaz. Lakin əgər qarşı tərəf başqa çıxış yolu qoymursa, yeni hərbi təxribatlara əl atacaqsa, bunun cavabı qətiyyətlə veriləcək. Azərbaycan dövlətinin iqtisadi gücü, hərbi qüdrəti, xalqla dövlət arasında qarşılıqlı inam, güclü milli həmrəylik istənilən hərbi təxribata layiqli cavab vermək imkanı yaradır”.