“Paşinyanın ordu üzərindəki nəzarəti itirəcəyi ehtimalı böyükdür” – Deputat

elnurrr

İyulun ortalarında Tovuz döyüşləri, indi isə Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə avantürist səfəri Ermənistanın diplomatik müstəvidə manevr imkanlarının tükəndiyinin göstəricisidir. Dağlıq Qarabağ problemi elə bir həddə çatıb ki, dünyada heç kim ermənilərin saxta arqumentlərinə inanmır. Heç kim inana bilmir. İstəsələr belə. Çünki bu dövlətin siyasəti ziddiyyətlərlə, bir-birini inkar edən addımlarla doludur.

Bunu XALQ.AZ-a Ermənistanın baş nazirinin Dağlıq Qarabağa səfərini şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.

Deputat bildirib ki, Ermənistan rəhbərliyinə heç jurnalist də inanmaq istəmir, biz bunu BBC-nin reportyorunun Paşinyanı bütün dünyanın gözü qarşısında biabir etməsində də gördük:

“Bu gün dünən dediklərini inkar edirlər, sabah isə bu gün dediklərindən qaçacaqlar. Ona görə də bütün imkanlarının tükəndiyini görən Paşinyan demək istəyir ki, baxın, müharibə yenə alovlana bilər”.

Deputatın fikrincə, Paşinyanın hazırda xeyli “siyasi başağrısı” var. Bir tərəfdən daxili siyasi gərginlik, digər tərəfdən isə Azərbaycanın diplomatik platformada təzyiqləri:

“Bu baxımdan, onun tez-tez Qarabağa gəlib özünü “vətənpərvər” göstərmək cəhdlərini anlamaq çətin deyil: “Paşinyanı hakimiyyətə gətirən Ermənistanın iqtisadi sıxıntıları olub. Erməni xalqı ondan hansısa möcüzələr gözləyirdi. Möcüzələr isə nağıllarda olur, əsasən də erməni nağıllarında. Eyforiya bitdi, sıravi erməninin mədəsi yadına düşdü. Bir tərəfdən də pandemiya ilə əlaqədar yeni problemlər ortaya çıxdı. İndiki çətin dövrdə pandemiyanın təsirləri altında yüzillərdir mövcud olan dövlətlərin iqtisadiyyatı güclə tab gətirir. Yoxsul Ermənistan necə həll etməlidir bu çətinlikləri?”.

E.Allahverdiyev hesab edir ki, həm dünya iqtisadiyyatındakı böhran və dövlətlərarası iqtisadi əlaqələrin minimum həddə düşməsi, həm xaricdəki, əsasən də Rusiyada yaşayan ermənilərin vətənə maliyyə köçürmələrinin həcminin azalması Paşinyanın iqtisadi problemlərini daha da dərinləşdirib:

“Onun Qarabağa gəlib hərbçilərlə toplantı keçirməsi, çıxıb mövqelərə tamaşa etməsi təbliğatdan başqa bir şey deyil. Məgər Paşinyan bilmir ki, müasir dövrdə müharibənin bir günü neçəyə başa gəlir? Bəlkə onun ağlı 30 il bundan əvvələ gedib, düşünür ki, bir neçə günün ərzində yeni torpaqlar işğal edə biləcək? Unudub ki, torpaqlarımızı sovet dövründən qalma silah-sürsat və sovet ordusunun Qarabağdakı kontingenti hesabına işğal ediblər? Xocalını tank və artilleriya atəşinə başsız sovet ordusunun hərbçilərinin tutduğunu yaddan çıxarıb? Əgər həqiqətən də belə düşünürsə, deməli, erməni xalqı müqəddəratını reallıqdan bixəbər liderə tapşırıb ”.

Millət vəkilinin qənaətinə görə, Ermənistandakı, xüsusilə Dağlıq Qarabağdakı hərbi rəhbərliyin komandanı ondan deyil, Sarkisyan və Köçəryandan aldığını unutmamalıyıq. Hərbi kontingentin yüksək “eşalon”ları bu iki eks-prezident dövründə formalaşıb və onlara ən müxtəlif bağlarla əlaqədədirlər: “Bu da ona dəlalət edir ki, hərbi əməliyyatların başlanması nəticəsində Paşinyanın ordu üzərindəki nəzarəti itirəcəyi ehtimalı böyükdür. Nəzarətsiz ordu isə Ermənistan kimi dövlətlərdə ciddi təhlükədir. “Dağlıq Qarabağdakı oyuncaq hökumətin başında duran Araik Arutyunyan da Qarabağ klanının yetirməsidir. Onu hələ Bako Saakyan irəliyə çəkib “baş nazir” təyin etmişdi. Arutyunyan bizim işğal olunmuş ərazilərimizdə mövcud olan təsərrüfata qeyri-formal rəhbərlik edirdi. Hektarlarla əkin sahələri var. Kimdir ona bu azadlığı verən? Odur ki, Paşinyanın Dağlıq Qarabağın separatçı elitasına da dərin etibarı yoxdur” – deyə E.Allahverdiyev vurğulayıb.

Deputatın sözlərinə görə, “biz geosiyasi kuluarlarda nələrin baş verdiyindən tam məlumatlı deyilik. Paşinyanın gəlişindən sonra Yerevan-Moskva münasibətlərində böhran yaşanır. Ancaq bu incikliyin qırmızı xətti haradan keçir? Bunu bilmirik. Rusiya rəhbəri açıq şəkildə Ermənistanda həbs olunan, siyasi tullantıya çevrilən Robert Köçəryanın ad gününü təbrik edir, ikitərəfli əlaqələrin inkişafında onun xidmətlərini vəsf edir. Bilə-bilə ki, Paşinyan Köçəryana nifrət edir. Rusiyanın eyni zamanda, Ermənistanda hərbi bazası var. Ermənistan, ümumiyyətlə, bir dövlət olaraq mövcudluğuna görə Rusiyaya borcludur. Tovuz döyüşlərində biz gördük ki, Yerevan Moskvanı hərbi avantüraya çəkmək istədi. İstisna deyildi ki, bu həm də bir barışıq cəhdi idi. Yəni baxın, Azərbaycan bizi sıxışdırıb, həmişəki kimi kömək edin. Bu döyüşlərdən dərhal sonra erməni generalı bildirdi ki, 2016-cı ildə ordumuzun köhnəldiyini gördüksə, indi də dünyada müttəfiqsiz qaldığımızın şahidi olduq”.

E.Allahverdiyevin sözlərinə görə, Prezident İlham Əliyevin diplomatik səyləri öz bəhrələrini verir, Ermənistanın Qarabağa iddialarını əsaslandıran nə hüquqi, nə tarixi, nə də siyasi arqumenti var:

“Artıq aydındır ki, bu problem müharibə yolu ilə həll olunmalıdır. Azərbaycan 30 ildir sülhə, beynəlxalq danışıqlara sadiqliyini nümayiş etdirir. Ermənistan isə dünyanı aldadır. Məncə, artıq bütün tərəflər dərk edir ki, gedişat bizi müharibəyə aparır. Hər bir müharibə insan itkisi deməkdir. Qoy bunu Minsk qrupu başda olmaqla beynəlxalq birlik dərk etsin. Biz torpaqlarımızın daima erməni tapdağında qalması ilə heç vaxt barışmayacağıq. 30 ildir topladığımız hərbi qüdrət, iqtisadi güc məhz bu gün üçündür. Ermənistan Münhen təhükəsizlik platformasında aldığı diplomatik zərbəni döyüş meydanlarında da görmək istəyirsə, buyursun. Azərbaycan ordusu bunu onlara nümayiş etdirəcək”.