Payızda virusun yayılması gözləniləndir – Qarayeva

ÜST-ün məlumatına görə, son 24 saat ərzində 278 291 nəfər yeni növ koronavirusa yoluxub, 6815 nəfər isə dünyasını dəyişib.

XALQ.AZ xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Hər gün yoluxanların sayı sağalanların sayından daha aşağı olur, dünyasını dəyişənlərin sayı azalır. Bu isə həkimlərimizin əməyi sayəsindədir. Xəstə sayı artdıqca verilən xidmətin keyfiyyəti də aşağı düşə bilər”, – o bildirib.

Y.Qarayeva qeyd edib ki, yolxuma sayı azaldığı üçün mərhələli şəkildə yumşalmalara gedilir:

“Bizi qınayırlar ki, insanları qorxuduruq. Lakin payız fəslində bütün dünyada virusun yayılması gözləniləndir.

Qapalı məkanlarda qaydalara riayət etməliyik. Bunun məsuliyyəti bizim və sahibkarların üzərinə düşür. Eyni zamanda açıq havada da özümüzü qorumalıyıq. Çalışaq ki, sıxlıq ərazilərdən uzaq duraq. Nəzərə alaq ki, hər birimiz karantin rejimindən yorulmuşuq. Bir yerə toplaşmaq nəticəsində ailədaxili yoluxmaların şahidi olmuşuq. Qaydalara riayət edək və mərhələli şəkildə yumşalmalara gedək. Gözümüzü yummaqla problem həll olunmayacaq”.