Penitensiar xidməti fəaliyyətini daima təkmilləşdirir

Bu gün inamla və fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, düşünülmüş siyasəti nəticəsində bütün sahələrdə aparılan islahatlar  ədliyyə işində də mühüm irəliləyişlərin əldə olunmasına təkan verib. Bu mənada Azərbaycan ədliyyəsi həqiqətən də, bu gün özünün yüksək inkişaf pilləsinə çatıb.

Bəli, möhtərəm prezidentimiz cənab İlham Əliyev hər bir insanın problemlərini həll etmək, düşdüyü  çətinlikləri aradan qaldırmaq və işıqlı, uğurlu gələcəyə qovuşması üçün çox işlər görmüş və bu məqsədyönlü siyasətini daim davam etdirir. Ölkə başçısının imzaladığı Sərəncamlar və fərmanlar hər bir vətəndaşın sosial-rifahının yaxşılaşdırılması istiqamətində aparılan işlər  məhkum olmuş şəxslərə şamil olunur.

Bu baxımdan dövlət başçısı tərəfindən ölkəmizdə aparılan köklü islahatlar, quruculuq işləri, kadr dəyişiklikləri məhkəmə-hüquq işlərinə, də öz müsbət təsirini göstərir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına əməl edərək penitensiar xidmət öz işlərini bu gün də günün tələblərinə uyğun səviyyədə qurur,  fəaliyyətini getdikcə təkmilləşdirir: məhkumların faydalı işlərə cəlb edilməsi üçün cəzaçəkmə müəssisələrində istehsal sahələrinin bərpası, yeni sahələrin yaradılması istiqamətində tədbirlər görülür. Cəzaçəkmə müəssisələrində məhkumların müxtəlif əl işlərindən ibarət sərgilər təşkil olunur ki, bu da penitensiar xidmətin məhkumlara vaxtlarının səmərəli keçirməsinə şərait yaradır, onların azadlığa çıxarkən artıq tüfeyli həyata, zərərli vərdişlərə deyil, özlərini faydalı əməyə alışdırmasına bir növ təkan vermiş olur. Həm də penitenisar xidmətin  yaratdığı bu şərait mənəvi-psixoloji əhəmiyyət daşıyaraq məhkumların cəmiyyətə daha tez adaptasiya olunmasına zəmin hazırlayır. Cəza çəkənlərdə  idmana, əməyə həvəs oyatmaq, onları mənəvi baxımdan qüsursuz vətəndaş kimi formalaşdırmaq məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti  rəhbərliyi və əməkdaşları çox mühüm işlər həyata keçirir. Bu məqsədlə Penitensiar xidməti məhkum şəxslərin asudə vaxtlarının səmərəli təşkili və reabilitasiya prosesinin təkmilləşdirilməsi üçün cəzaçəkmə müəssisələrində müxtəlif idman oyunlarının təşkilini təmin edir. Yarışlarda fərqlənən və qalib olan məhkumlar mükafatlandırlır, onların bu sahəyə olan həvəsinin, marağının artması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Tərbiyə müəssisələrində cəza çəkən gəncləri, yeniyetmələri xalqına hansısa sahədə xeyir verə biləcək kadr kimi yetişdirmək məqsədilə onlara müxtəlif peşələr öyrədilir, eyni zamanda onlar arasında maarifləndirmə işləri aparılır.Həmçinin cəzacəkmər müəssisəsində məhkumlara peşə fəaliyyətindən başqa dil kurslarıda təşkil olunub. Məhkum olmuş şəxslər asüdə vaxtlarında dil kurslarında iştirak edirlər,və cəza müddətləri bittikdən sonra cəmiyyətə faydalı vətəndaş olurlar.

Qeyd etdiyimiz kimi, məhkumların əməyə cəlb edilməsinin müsbət tərəflərindən biri də onların peşə hazırlığının və müəssisələrdə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsi, məhkumun cəzasını çəkdikdən sonra gələcəkdə cəmiyyətə adaptasiya olunmasına böyük təkan verməsidir.

Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli məlum sərəncamı çərçivəsində cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsinin təmini istiqamətində tədbirlər bu gün də davam etdirilir.

Bundan əlavə vaxtaşırı olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Qeyri-hökümət təşkilatları, Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşlarının iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmət keçən qulluqçular üçün seminarlar, treninqlər keçirilir. Mütəmadi keçirilən treninqlərdən əldə olunmuş nəticələrlə cəzaçəkmə müəssəsinin əməkdaşları məhkumlar arasında profilaktik söhbətlər apararaq pis vərdişlərdən,sağlamlığa ziyan olan amillərdən uzaq durmaları tövsiyyə olunur və bu kimi hallar öz bəhrəsini verməkdədir. 

Məhkumların saxlanma şəraitinə, eləcə də qidalanması məsələsinə gəldikdə isə bu sahəyə də nəzarət güclüdür  və yaranan problemlərin vaxtında və köklü şəkildə aradan qaldırılması üçün hər cür tədbirlər görülür. Məhkumlar vaxtaşırı keyfiyyətli və sağlam qidalarla, həmçinin gigiyenik tələblərə cavab verən otaqlarda təmin olunması artıq beynəlxalq təşkilatların hesabatlarında əks olunur. Cəzaçəkmə müəssisələrində yolxucu, infeksion xəstəliklərə qarşı vaxtaşırı tədbirlər həyata keçirilir, yataq dəstlərinin, geyim əşyalarının təmizliyinə ciddi fikir verilir. Məhkum ailə üzvlərindən əldə olunan məlumatlara əsasən heç bir çatışmamazlıq olmur.Qida məhsulları ilə həmçinin geyim və lazımi əşyalarla təminat zamanında olur.

Məhkumların ailə üzvləri, yaxınları ilə adi günlərdə, həmçinin bayramlarda görüşünə, telefon əlaqəsi saxlamasına imkan, şərait yaradılır. Onların tibbi yardıma ehtiyacı olduqda, yaxud səhhətində ciddi problemlər yarandıqda  müayinədən keçirilir, xəstəliyi vaxtında aşkar edilərək müalicələr tətbiq olunur. Əməliyyata ehtiyac yarandıqda, səhhətində ciddi narahatlıqlar baş verdikdə isə məhkum xəstəxanaya yerləşdirilərək penitensiar xidmətin  rəhbərliyinin nəzarəti ilə tibb personalı tərəfindən gecikdirilmədən lazımi tibbi yardım göstərilir, müalicəsi yüksək səviyyədə aparılır. Penitensiar xidmətində    müasir standartlara cavab verən tibbi avadanlıq və dərman preparatları ilə təmin olunmuş tibb müəssisələri  məhkumların sağlamlığını daim diqqətdə saxlayır. Ötən illərlə müqayisədə cəzaçəkmə müəssislərində,həmçinin təcridxanalarda  xəstəliklə bağlı ölüm halları azalmışdır.

Penitensiar sistemin müasir tələblərə və Avropa standartlarına uyğunlaşdırılması istiqamətində həbsdə saxlama yerlərində, o cümlədən müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində insan hüquqlarının etibarlı təmin edilməsinə, saxlanma şəraitinin yaxşılaşdırılmasına, məhkumların islah olunmasına dair mütəmadi olaraq Penitensiar xidmətinin rəhbərliyi və kollektivi tərəfindən lazımi  tədbirlər görülür.

Qeyd edək ki, məhkumların beynəlxalq tələblərə uyğun şəraitdə daşınması, həmin vaxt onların  təhlükəsiz olaraq müşayiət edilməsi məqsədilə konvoy xidməti yeni müasir tipli xüsusi avtonəqliyyat və digər texniki vasitələrlə təmin olunmuşdur.

Ölkəmizdə  bütün vətəndaşlar kimi məhkumlarında  hüquqları mövcud qanunvericilik əsasında, yüksək səviyyədə qorunur.

Bəzən sosial şəbəkələrdə, qərəzli mövqe tutan mətbu orqanlarda məhkumların saxlanması, qidalanması, onların ailə üzvləri, yaxınları ilə görüşdürülməməsi ilə bağlı yanlış, araşdırılmamış, heç bir fakta söykənməyən məlumatlar yayılır. Penitensiar xidmət yayılan bu məlumatlara və xəbərlərə də biganə qalmır: faktların nə dərəcədə düzgün olması baxımından həmin müəssisələrdə yoxlamalar aparır. Və  sonda əhaliyə verilən məlumatların yanlışlığı, ziddiyyətli xarakter daşıdığı, eyni zamanda qərəzli mövqe tutduğu üzə çıxır. Çünki məhkumların həmsöhbət olduğumuz ailə üzvləri də, həmçinin onların redaksiyamıza ünvanladığı məktublardan da aydın olur ki, yayılan məlumatlar həqiqətə söykənmir, doğruluğu əks etdirmir. Bu isə ictimaiyyət arasında, cəmiyyətdə penitensiar xidmətin fəaliyyəti ilə bağlı yalnız çaşqınlıq yaradır. Ona görə də deyilən sözün məsuliyyətini dərk etmək, yazılan faktın, fikrin əsaslı, yaxud əsassız olduğunu araşdırmaq hər bir jurnalistin vəzifəsidir. Yəni araşdırma, dəqiqləşdirmə aparmadan hər hansı bir məlumatı gün üzünə çıxarmaq, onu ictimailəşdirmək əslində insanlara, qələmə hörmətsizlikdir.

Bütün bu çatışmazlıqların aradan qaldırılması və qaranlıq məqamlara aydınlıq gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi daim mətbuata açıqdır, yəni jurnalistlərin suallarını cavablandırmağa, onları narahat edən məsələlərə aydınlıq gətirməyə hazırdır.

Sonda onu da bildirək ki, dahi şəxsiyyət Heydər Əliyevin sərəncamı (11 noyabr 2000-ci il) ilə təsis edilmiş 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günüdür. Bununla bağlı Ədliyyə Nazirliyinin əməkdaşları arasında talassemiyalı uşaqlara kömək məqsədilə könüllü olaraq qanvermə aksiyası keçirilmişdir.Sözügedən aksiyada Penitensiar xidmətin Baş idarəsinin və tabe qurumların əməkdaşları yaxından iştirak etmişlər.

Biz də redaksiyamız adından Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəhbərliyini, eləcə də ədliyyə orqanlarında və məhkəmələrdə çalışan bütün hüquq işçilərini təbrik edirik, onlara çətin və məsuliyyətli işlərində nailiyyətlər arzulayır, “uğurlara gedən yolunuz davamlı, daimi olsun!” deyirik.