Pensiylarla bağlı yenilik-Nazir açıqladı-Rəsmi

“Ümumilikdə islahatlar prosesi, o cümlədən pensiya təminatı sahəsində islahatlar yüksək səviyyədə davam edir və Azərbaycanın dövlət siyasəti çərçivəsində həyata keçirilmiş vacib addımlar bunun bariz nümunəsidir”.
XALQ.AZ  xəbər verir ki, bunu Trend-ə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, il ərzində yeni Konsepsiya hazırlanacaq və bu Konsepsiya 2030, 2040, 2050 və sonrakı illər üçün Azərbaycanın pensiya sistemini proqnozlaşdıracaq:
“Konsepsiya Azərbaycanın pensiya sistemində islahatlar çərçivəsində hazırlanır. Gələcəkdə biz Azərbaycanda pensiya sisteminin daha iki səviyyəsini tətbiq etmək istəyirik. Bu, beynəlxalq praktikada geniş istifadə olunur. Bu məqsədlə biz yerli və xarici ekspertləri cəlb etmişik”.
S.Babayev xatırladıb ki, ötən il dövlət başçısı 2006-cı ilədək vətəndaşların sığorta stajının amnistiyasını təmin edən tarixi qanun qəbul edib:
“Bu, bizə 1 yanvar 2019-cu ildən pensiyanın təyin olunmasını avtomatlaşdırmağa imkan verdi və biz artıq pensiyanı elektron şəkildə alan 5 mininci pensiyaçı ilə görüşmüşük. Şübhəsiz ki, bu, mühüm islahatdır və dünyanın çox az ölkəsində bu praktika mövcuddur. Fikrimcə, biz bu baxımdan pensiyaların təyin olunması sisteminin təşkili üzrə ən yaxşı nümunələrdən biri olacağıq. Amma bununla bizim islahatlarımız bitmir. Bildiyiniz kimi, dövlət başçısı Azərbaycanda minimum pensiyanı 160 manat həcmində müəyyən edib ki, bu da yaşayış minimumu həddini üstələyir. Ona görə də bu addım bizə pensiyaçıların həyat şəraitini yüksəltməyə imkan verəcək”.
Xatırladaq ki, 2019-cu ilin martın 1-dən Azərbaycanda minimum pensiya həcmi 38,5 faiz artırılaraq 160 manata çatıb. Bundan əvvəl minimum pensiya 116 manat təşkil edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.