“Peşmanam”, “üzülürəm”, “təəssüf”lər… və faciəli sonluq

KOR

“Belə olacağını bilmirdim”, “deyilənlərə ciddi yanaşsaydım”, “təəssüf, çox təəssüf”… Bu gün, az qala dünyanı cənginə alan dəhşətli bəladan – “Covid-19”un reallığından doğan peşmançılıqlar, özünüqınamalar və sonu faciə ilə bitən acı təəssüflərdir bunlar. Artıq dəhşət saçan xəstəlik sürətlə sıralarımıza yol tapır, yaxınlarımızı, doğmalarımızı, ailə üzvlərimizi əlimizdən alır, insanlığa itkilər gətirir, sağalması uzun zamana tələb edən göynərtilər, yaralar vurur köksümüzə. Gözümüz görə-görə itiririk – övladlarımızı, gənclərimizi, yaşlılarımızı, ağbirçəklərimizi, ağsaqqallarımızı. Ziyalımızı, alimimizi, həkimimizi, gərəkli insanlarım köç edir bu dünyadan bu dəhşətli kabusa görə. Amma yenə inamsızıq nədənsə, yenə deyilənlərə, olanlara, hər gün yanımızda, ətrafımızda baş verənlərə, əhatəmizdə “addımlayan”, vücudumuza “sarılıb” canımızı alan karonavirus xəstəliyinin varlığına inanmaq istəmirik. “Boş şeydir”, “adi xəstəlikdir, keçib gedər” deyib, təkcə özümüzü deyil, çevrəmizi də bu yanlışlığa inandırmağa cidd-cəhd göstərməklə sanki ölümsaçan xəstəliyə təslim olmağa söz vermişik. Görəsən niyə? Nədən axı bu qədər biganəyik? Uca Yaradanın verdiyi sağlam səhhətimizi niyə sonradan peşmançılıqla xatırladığımız laqeydliyimizin qurbanına çeviririk? Yox, əzizlərim, özümü, sizi bu qədər “niyə”lərlə qınadığım üçün cəzalandırmayın məni, cəzalandırmayın, xahiş edirəm. Barı, heç olmasa, bundan belə deyilənləri, söylənənləri eşidək, əməl edək. Onda, inanın, bu bəlanı tez dəf edəcəyik, özü də lap tez…


Tələblərə riayət edək


Ölkədə bir neçə aydır karantin rejimi ilə bağlı sərtləşmələr, yumşalmalar tətbiq olunur. Lakin xoşagəlməz, arzuolunmaz situasiyanın baş verməməsi üçün qərara alınan karantin rejimi bəzilərimiz tərəfindən pozulur, qoyulan qaydalara kifayət qədər əməl olunmur. Elə məhz bunun nəticəsidir ki, koronavirusa yoluxanların, dünyasını dəyişənlərin sayı çoxalmaqda davam edir; hər gün üzücü xəbərlər alırıq – doğmalarımız, əzizlərimiz…
Həkimlərimiz gecə-gündüz müqəddəs peşə borclarını yerinə yetirirlər, insanlarımızı həyata qaytarmaq uğrunda ölüm-dirim mübarizəsi aparırlar, çöhrələrindən yorğunluq yağsa da, əyinlərindəki qoruyucu geyimlərdən narahat olsalar belə, yenə də çalışmaqdadırlar – təki ölüm olmasın, təki itki verməyək deyə. Ancaq bizlər adi bir maskanı taxmaq istəmirik, məsafə saxlamırıq, bu yolla faciələrə, fəsadlara yol açırıq; Beləcə, tələb olunan yerlərdə qaydaları doğru-düzgün yerinə yetirməməklə özümüzü də, ətrafımızı da təhlükəyə atırıq. Bunun fərqindəyikmi? – Təəssüf ki, yox!
Bu yaxınlarda marketlərin birində alış-verişdən sonra kassaya yaxınlaşıb məsafə saxlayarkən bir nəfərin “tələsirəm, məni tez yola salın, xahiş edirəm”, – deyə əlindəki səbətlə mənimlə irəlidəki alıcının arasında dayandığının şahidi oldum. Onun bu hərəkətinə reaksiya verəndə isə, aldığım cavaba həm təəccüb etdim, həm də təəssüfləndim. Çünki ona qoyulan qaydaları xatırladırdım, o isə: “mən sizdən əvvəl növbə tutmuşdum”, – deyə özünə haqq qazandırmağa çalışırdı. Nə mən, nə də ətrafdakılar isə bu adama başa sala bilmədilər ki, ondan ilkin olaraq məsafə saxlamaq tələb olunur. Məsafəni saxla, sonra da razılıq əsasında növbəni dəyiş. Vəssalam, bu qədər sadə və bəsit!
Hər gün rastlaşırsan, sözügedən görüntülərlə və belədə canını dişinə tutub uzaqlaşmağa çalışırsan bütün bunlardan, səhəri də acı xəbərlə açırsan…

Kim bilir, birinin özünə, yaxınındakılara laqeydliyi ucbatından, bu qədər söylənilənlərə əhəmiyyət verməyərək, “boş şeydir”, – deməklə əl-qolunu sallayıb yanından keçdiyi nə qədər insanı dəhşətli xəstəliyə yoluxdurur, hətta bu yolla bəlkə də, neçəsinin ağır vəziyyətə düşməsinə, ölümünə səbəb olur. Məncə, içimizdəki yersiz arxayınlığın, laqeydliyin daşını atmalıyıq ki, müsbət mənada çox şeyə nail ola bilək. Ölkəmizin birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın sözləri ilə desək: “Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır”.

Dövlətin vətəndaşlara qayğısı

Ölkə prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva pandemiyanın tüğyan etdiyi günlərdə, eləcə də sonrakı vaxtlarda xalqımıza müraciət ünvanladılar, xəstəliyin nə qədər ciddi və dəhşətli olduğunu bəyan etdilər; xalqımızın bu bəladan itkisiz çıxması üçün qərarlar verdilər. Və nəticə olaraq dünya ölkələri ilə müqayisədə Azərbaycanda pandemiya ilə bağlı xəstəliyə yoluxanların, dünyasını dəyişənlərin sayı azlıq təşkil etdi. Bu müsbət göstəricini ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) də təsdiq etdi – Azərbaycanın pandemiya ilə mübarizədə doğru siyasət yürütdüyünü, digər ölkələrlə (İtaliya, ABŞ, İran və s.) müqayisədə yoluxma və itki sayının az olduğunu bildirdi. Bütün bunlar isə ölkə başçısı İlham Əliyevin və birinci-vitse prezident Mehriban xanım Əliyevanın xalqımıza verdiyi dəyəri, gərgin əməyi sayəsində başa gəldi. Onlar sağlamlığımız naminə insanlarımızdan diqqət və qayğılarını əsirgəmədilər və bu gün də əsirgəmirlər – işsizlikdən əziyyət çəkənlərə, maddi ehtiyacı olanlara yardım əlini uzatdılar və s.

Xəstəlikdən qorunmağın yolunu özümüzdə axtaraq

Məlumat üçün bildirək ki, başqa ölkələrdə olduğu kimi, artıq bizdə də dezinfeksiya tunellərinin istehsalına başlanıb. Bu tunellerin yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulub.
“PC-DEZOX”a (dezinfeksiyaedici tunelə) yerləşdirilən və orqanizmə ziyanı olmayan, kimyəvi qatqısız dezinfeksiyaedici məhlul insan, tuneldən keçərkən püskürtmə yolu ilə dezinfeksiya olunur. Sağlamlıq üçün təhlükəli hesab edilən virus, bakteriya və s. kimi zərərli mikroorqanizmlərin qarşısını alan “PC-DEZOX”un şəhərin, əsasən, mərkəzi yerlərində, eləcə də metro stansiyalarının, avtovağzalların, hotellərin, bir sözlə, insanların daha çox olduğu məkanlarda yerləşdirilməsi üçündür. Bu isə, zənnimcə, xəstəliyin yayılma arealının getdikcə azalmasını təmin edərək təqdirolunası addımlardan biri sayılacaq.
Mənim fikrimcə, otaq divarına birləşdirilən spreylərdən nəqliyyatda da istifadə olunması müsbət effekt verərdi. Yəni ictimai nəqliyyatda – metroda, avtobuslarda, taksilərdə də spreylər quraşdırılarsa və müəyyən vaxtlarda (ən azından yarım saatdan bir) salonlar öz-özünə püskürmə yolu ilə dezinfeksiya olunarsa, bu, mikrobların, xəstəlik törədən virusların qarşısını alardı. Təkcə nəqliyyat, küçələr, dayanacaqlar deyil, həmçinin bankomatlar, bütün növ terminallar (bunun təkcə Bakıya deyil, eləcə də rayon mərkəzlərindəki terminallara da şamil edilməsi vacib şərtlərdən biridir) vaxtaşırı dezinfeksiya edilsəydi, bu da xəstəliyin azalmasına səbəb olardı, insanlarımızın yoluxma dərəcəsi minimuma enərdi. Çünki çoxumuz gün ərzində, demək olar, terminallardan müxtəlif məqsədlər üçün istifadə edirik – aramızda virus daşıyıcısı da, adıçəkilən xəstəliyə yoluxan da ola bilər. Böyük marketlərin müvəqqəti olaraq bağlanması, əvəzində kiçik satış köşklərinin qurulması da gigiyenik baxımdan müsbət nəticə verərdi. Çünki ən azından belə köşklərdə alıcı istədiyi hər hansı bir məhsulu satıcı vasitəsilə əldə edir (çörək, süd, ət və ət məhsulları, açıq şəkildə olan ərzaqlar və s.)
Həm texniki, həm də sanitar-gigiyenik baxımdan ümumi tələblərə cavab verməyən nəqliyyat vasitələrinin, əsasən də sərnişin avtobuslarının yeniləri ilə əvəzlənməsi, yaxud həmin nəqliyyat növlərinin mütəmadi olaraq dezinfeksiyası xəstəliyin yayılmaması üçün çox önəmlidir. Çünki bu gün xətdə elə avtobuslar fəaliyyət göstərir ki, onlar elə özü real virus, mikrob daşıyıcısı, xəstəlik mənbəyidir. Oturacaqlar, tutacaqlar çox acınacaqlı vəziyyətdədir – yuyulmayan çexollar, təmizlənməyən tutacaqlar ələ yapışır. Marşruta daxil olan sərnişinin əllərini dezinfeksiya etməsi üçün sürücünün əyləşdiyi oturacağın arxa tərəfindəki tutacağa bərkidilən qab isə ya boş olur, ya da yararsız vəziyyətdə. Bütün bunlar bəlkə də bizə kiçik problem kimi görünə bilər. Lakin nəzərə alaq ki, bu cür baxdığımız problemlər sonradan böyük fəsadlara yol açır.Açıq şəkildə satılan meyvə-tərəvəz məhsullarının üzərinə vaxtaşırı dəyişmək şərtilə (çünki bütün toz-torpaq, mikroblar, zərərli mikroorqanizmlər o tənzifin üzərinə qonur) tənzif çəkilməsi effektli nəticə verərdi.


Xəstəliklə necə mübarizə aparaq?

Xəstəliyi dəf etmək üçün bizdən nə tələb olunur? – Mümkün qədər təmasdan çəkinmək, gigiyenik qaydalara əməl etmək, karantin rejiminin şərtləri ilə hərəkət etmək və s. Əgər hamımız pandemiya ilə bağlı verilən bütün qərarlara doğru-düzgün yanaşsaq, tez bir zamanda bu bəladan xilas ola, həyatımızın əvvəlki ritminə qayıda bilərik. Bu baxımdan bizdən çox şey asılıdır.
Və sonda bir-birimizə qarşı bir qədər sayğılı davranmağı tövsiyə edərdim: mənzilimizin, həyət-bacamızın zibilini ətrafımıza, qonşumuzun qapısına yaxın, yaxud yol, küçə kənarına yox, Mənzil İstismar Sahəsi tərəfindən qoyulan qutulara ataq. Bəzən olur ki, qutuya yaxınlaşsaq da, zibil torbasını qaldırıb atmağa tənbəllik edirik, qabların yanına qoymaqla işimizi bitmiş hesab edirik.

Gəlin, qoyulan qaydalara, karantin rejiminin şərtlərinə, sanitar-gigiyenik tələblərə ciddi yanaşaq ki, sağlamlığımızı qoruya bilək. Belə etsək, inanın, nə polisimizi, nə həkimlərimizi,nə də ətrafdakılarımızı incidərik.

Zaur Mirzə-zadə

XALQ.AZ