“Pis vərdişdən uzaq ol” mövzusunda tədbir keçirilib – Foto

“Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində Lerik şəhər şəhid Malik Baxışov adına 3 saylı orta məktəbin akt zalında tədbir keçirib.

İB-dən Azadinform-a verilən məlumata görə, “Pis vərdişdən uzaq ol” mövzusunda keçirilən tədbirdə “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyinin sədri Rauf Rəcəbov bildirib ki, layihə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkar edilməsi, könüllülük prinsipi əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində təbliğat və maarifləndirmə işinin gücləndirilməsindən bəhs edir.

Layihənin məqsədi gənclər və valideynlər arasında narkomaniyanın fəsadlarını izah etmək, müvafiq yaş qrupları arasında əyani təbliğat vasitələrindən istifadə etməklə narkotikaya aludəçiliyi aradan qaldırmağa yardımçı olmaqdır.

Rauf Rəcəbov qeyd etdi ki, narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və rahatsız edir: “Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyl təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Ona görə də gəncləri və yeniyetmələri daha çox özünə cəlb edən bu problemin qarşısının alınması yolunda profilaktik tədbirlərin görülməsi mütləqdir”.

O layihəni maliyyələşdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib.

Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə bildirib ki, gənclərin narkomaniyaya qurşanması onların təhsildən kənarlaşmasına, ətraflarındakı insanlara daha çox cinayətkar simasının aşılanmasına və ən əsası sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur: “Bütün bunların fonunda demək olar ki, narkomaniyaya qarşı mübarizə yalnız dövlətin işi deyil, eləcə də cəmiyyətimizin və dövlətimizin təməlini formalaşdıran hər bir ailənin – valideyinin işidir”.

Tədbirdə çıxış edən Lerik rayon Gənclər və İdman idarəsinin rəisi Natiq İsaqov bildirdi ki, problemini ictimai əhəmiyyəti və təhlükəliliyi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır: “Narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət hər bir şəxsin fərdi və birgə fəaliyyətinə böyük ehtiyac var”.

Lerik rayon Təhsil İdarəsinin məsul əməkdaşı Mehman Rəcəbov qeyd edib ki, valideynlər və övladları arasında yaxşı münasibətlər narkotiklərə qarşı mübarizədə böyük rol oynayır: “Ona görə də valideyn hər zaman övladı ilə ünsiyyətdə olmalıdır. Məktəb bu məsələdə əhəmiyyətli rol oynamalıdır. Valideyn və məktəb birliyinin uşaq üzərində nəzarəti olmalı, uşağa və valideynə təsiri paralel aparılmalıdır”.

Sonda tədbirdə iştirak edən yuxarı sinif şagirdlərinin sualları cavablandırılıb.