“Pozisiyada ateist olmaz”

Ateis

Türkiyənin sabiq baş qərargah rəisi, “Ergenekon” mühakiməsi çərçivəsində həbs olunan və yaxın günlərdə azadlığa buraxılan İlkər Başbuğ yerli mətbuata müsahibə verib.

Xalq.az-ın xəbərinə görə, jurnalistin bir çox sualına cavab verən Başbuğ xüsusilə türk ordusunun dinsiz olması barədə iddiaları kəskin şəkildə yalanlayıb. General vurğulayıb ki, Türkiyə ordusuna yönəldilən və vaxtaşırı psixoloji hərəkat səviyyəsinə çatan bu ittihamlar böyük haqsızlıqdır.

“Türkiyə Silahlı Qüvvələrinə (TSK) istiqamətlənmiş “dinsiz” iddiaları çox böyük haqsızlıqdır və bu ittihamlar vaxtaşırı psixoloji hərəkata dönüb. Belə bir şey mümkündürmü? Mən daha əvvəl də dedim ki, “Peyğəmbər Ocağı” deyilən bir qurumdur ordu. Dinsizlikdən söhbət gedə bilməz. “Allah, Allah!” deyə hücuma keçən bir ordudan, gəmisinin dor ağacında Qurani Kərim olan bir ordudan danışırıq. Bu, TSK-ya yönəlmiş ən haqsız tənqiddir. Türk ordusunun bu şəkildə ittiham olunmasını qəbul etmək mümkün deyil. Biz bu ocağın içində böyüdük, yaşadıq. Mən məsuliyyət daşıdığım hər mərhələdə çox həssas rəftar etmişəm, lazımlı imkanların yaradılmasına diqqət etmişəm”.

Sözünə davam edən general çox sevdiyi və tez-tez təkrarladığı bir deyim olduğunu vurğulayıb.

“Müharibədə, cəbhədəki pozisiyada ateist yoxdur! Bu söz doğrudur. Pozisiyaya girən kimsə ateist ola bilməz, dua edər”.

Xatırladaq ki, Türkiyədə 28 fevral (28 şubat) “post-modern” dövlət çevrilişi zamanı bir çox yüksək rütbəli zabit namaz qıldığı, gümüş üzük taxdığı, həyat yoldaşı hicablı olduğu və s. bu kimi səbəblərdən ötrü ordudan ixrac edilmişdi.