Prezident əfv haqqında sərəncamı humanizm prinsiplərinə əsaslanaraq imzalayıb

Pandemiya ilə mübarizə istiqamətdə iş davam etdiriləcək və qısa zamanda yenə də yüzlərlə məhbus azadlığa qovuşacaq

Son aylarda dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan dövləti üzərinə düşən bütün vəzifələri uğurla yerinə yetirir. Azərbaycan vətəndaşlarının sağlamlığının qorumasını prioritet istiqamət kimi müəyyənləşdirən və bu məsələyə xüsusi diqqət yetirən dövlətimiz koronavirus pandemiyasına qarşı mübarizədə bütün imkanlarını səfərbər edib.

Xüsusi vurğulamaq lazımdır ki, pandemiyanın ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, zəruri qabaqlayıcı tədbirlərin görülməsinə ilk günlərdən başlanıb. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün dövlət qurumlarının bu işə cəlb edilməsi vaxtında atılmış həlledici addım oldu.

Bu gün Prezident İlham Əliyevin COVID-19 pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi strateji tədbirlərin mərkəzində Azərbaycan vətəndaşının təhlükəsizliyi, sağlamlığı və rifahının yüksəldilməsi durur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev modul tipli xəstəxana kompleksinin açılışında bu barədə danışarkən deyib: “Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz, hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Çünki hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilibdir, o cümlədən ən yeni və ən müasir 575 çarpayılıq “Yeni klinika”. Orada hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq.

Bizim atdığımız bütün addımlar qabaqlayıcı xarakter daşıyır. Bu xəstəxananın və bundan sonra buna oxşar 9 xəstəxananın istifadəyə verilməsi 1-2 ay ərzində nəzərdə tutulub. Bütün bu addımlar qabaqlayıcı xarakter daşıyırdı və məhz buna görə hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir, koronavirus heç bir yerə qeyb olunmayıb, dolaşır və dolaşacaq və bunu hər kəs bilməlidir”.

Doğrudan da dövlətimizin başçısının dediyi kimi, ölkəmizdə pandemiya ilə mübarizədə həkimlərimizin də xidmətləri böyükdür. Onlar öz canlarını təhlükə qarşısına qoyaraq xəstələrimizə xidmət edirlər. Bir sözlə, vətəndaşlarımızın bu bəladan qorunması üçün nə lazımdırsa dövlətimiz tərəfindən edilir.

Diqqətəlayiq məqamlardan biri də odur ki, pandemiyanın tüğyan etdiyi bu çətin dövrdə Prezident İlham Əliyev cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumları da diqqət mərkəzində saxladı. Dövlətimizin başçısı yüksək humanistlik göstərərək aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzaladı. Bu Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı olan 176 məhkum, o cümlədən 165 kişi və 11 qadın cəzanın çəkilməmiş hissəsindən azad edildi. Dövlətimizin başçısı bu Sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.

Bütün bunlar, o cümlədən Prezident İlham Əliyev tərəfindən, eləcə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları, COVID-19 pandemiyası dövründə yaşı 65-dən yuxarı olan 176 məhkumun əfv edilməsi dövlətimizin humanist siyasətinin əyani təzahürüdür. Bununla bağlı yaradılmış Ədliyyə Nazirliyinin xüsusi komissiyası pandemiya dövründə fəaliyyətini gücləndirmiş rejimdə davam etdirərək məhkumların işlərini araşdırıb. Videokonfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumlarla söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub. Həmin işlərə məhkəmələr tərəfindən təxirəsalınmadan baxılaraq pandemiya dövründə 1000 nəfərədək məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Qeyd etmək yerinə düşər ki, görülən tədbirlərin davamı olaraq, ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən də zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri görülüb və bu iş hazırda davam etdirilir.

Pandemiyanın yayılmağa başladığı ilk vaxtlardan penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırıldı, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparıldı. Demək olar ki, hazırda da bu sahədə vəziyyət Ədliyyə Nazirliyinin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur. Bu dövrdə beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı birgə həyata keçirilən layihə çərçivəsində, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi penitensiar müəssisələrdə COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə öz dəstəklərini əsirgəmirlər. Eyni zamanda, Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında müvafiq saxlama yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkməyə imkan verən Sazişin müddətinin uzadılmasına dair Protokol imzalanıb və Azərbaycan Prezidenti tərəfindən artıq təsdiq edilib.

Ümumiyyətlə, ölkəmizdə bu istiqamətdə görülən işlər və xüsusilə Prezident İlham Əliyevin pandemiya dövründə əhalinin sağlamlığının qorumasına ali qayğısı nəticəsində Azərbaycanın bütün vətəndaşları kimi, məhkumlar da diqqətdən kənarda qalmır. Əminik ki, bu istiqamətdə iş davam etdiriləcək və qısa zamanda yenə də yüzlərlə məhbus öz azadlığına qovuşacaq.

Nicat Məmmədov