Prezident açılışda maska taxdı – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.

XALQ.AZ xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verib.

Bildirilib ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri sərgilənir.

Prezident İlham Əliyev: Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.

Müstəqim Məmmədov: Baş üstə.

Prezident İlham Əliyev: İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər.

Muzeydə xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları nümayiş etdirilir. Burada, həmçinin tarixi fotoşəkillər, poçt markaları, orden və medallar sərgilənir. Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə hündürlüyü 72 metr olan dövlət bayrağı ucaldılıb, ətrafındakı fəvvarə kompleksi yenidən qurulub.

Xatırladaq ki, xalqımızın qədim tarixinin öyrənilməsində, gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında və inkişafında muzeylərin mühüm əhəmiyyəti var. Onların sırasında mədəni dəyərləri və milli rəmzləri əks etdirən dövlət atributlarının bir arada ictimaiyyətə təqdim olunmasında son vaxtlar bölgələrdə rəmzlər muzeylərinin yaradılması ölkəmizin mədəni həyatı üçün çox mühüm yenilikdir. Belə muzeylərin yaradılması ideyası Prezident İlham Əliyevə məxsusdur. Çünki dövlətimizin başçısı bu ideyanı reallaşdırmaqla dövlət atributlarının tariximizdəki əhəmiyyətinə diqqət çəkib. Dövlət Rəmzləri Muzeylərinin əhəmiyyətini artıran və onları dünyada mövcud olan muzeylərdən fərqləndirən əsas cəhət də buradakı eksponatların Azərbaycanın dövlətçilik tarixini tam əhatə etməsidir. Müxtəlif dövrlərə aid dövlətlərin bayraqları, sikkələr, tarixi keçmişə dair bir çox materiallar bu muzeylərin qiymətli eksponatları sırasına daxildir. Bu baxımdan Tərtər rayonunda yaradılan Dövlət Rəmzləri Muzeyi də eksponatlarla zəngindir.

***

İyunun 3-də Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, 6 min 800 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 21,5 kilometrdir. Dördüncü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, hərəkət zolaqlarının sayı 2-dir. Yol boyu avtobus dayanacaqları, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib.

Prezident İlham Əliyevə Tərtərdə icra olunan digər yol layihələri barədə məlumat verilib. Qeyd edilib ki, dövlət başçısının müvafiq tapşırıqlarına və sərəncamlarına uyğun olaraq bu gün Tərtər rayonunda avtomobil yollarının 81 faizi tam asfalt-betonla örtülüb. Qalan 17 kilometr kənd yollarının yenidən qurulması yaxın zamanlarda başa çatdırılacaq.

Qeyd edək ki, ölkəmizdə yol-nəqliyyat kompleksinin yenidənqurulması işi uğurla davam etdirilir. Əgər, əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idi isə, indi yerli əhəmiyyətli yolların inşasına xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenilənir. Cəbhəyanı yaşayış məntəqələrinin sosial problemlərinin həlli istiqamətində dövlətimizin başçısının tapşırıq və sərəncamları ilə həyata keçirilən müxtəlif infrastruktur layihələri içərisində yolların tikintisi və təmirinə xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Tərtər rayonunda da bu istiqamətdə genişmiqyaslı işlər görülür.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyevə məlumat verilib ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Qurğuda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilib. Burada, həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar da yaradılıb. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılıb. Kompleksin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib.

Qeyd edək ki, bu kompleksin tikintisi Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb.

Tərtər şəhərində Olimpiya İdman Kompleksinin inşa edilməsi cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələrində, onların idmanla sərbəst məşğul olmalarında mühüm rol oynayacaq. Komplekslərlə tanışlıqdan sonra Prezident İlham Əliyev rayonun bir qrup idmançısı ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

Sonra boks üzrə Əməkdar məşqçi Faiq Məmmədov yaradılan gözəl şəraitə görə dövlət başçısına tərtərlilərin minnətdarlığını çatdırıb.

***

İyunun 3-də 110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, bu yarımstansiya İstehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə əsaslı şəkildə yenidən qurulub. Bu qurğu vasitəsi ilə Tərtər şəhərində olan sosial-iqtisadi təyinatlı obyektlərin, həmçinin bütün ətraf kənd və qəsəbələrin, cəbhəyanı hərbi hissələrin, meliorasiya və suvarma sistemlərinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatı təmin olunacaq. Yarımstansiyanın istismara verilməsi ilə 17 min 103-ü əhali, 1290-nı qeyri-əhali olmaqla, ümumilikdə 18 min 393 abonentin elektrik enerjisinin təchizatı daha da yaxşılaşdırılacaq.

Yarımstansiya 110 kilovoltluq Naftalan və 110 kilovoltluq Bərdə hava xətləri vasitəsilə əlaqələndirilməklə, “Azərbaycan” İstilik Elektrik Stansiyası və 330 kilovoltluq “Gəncə” yarımstansiyası arasında dairəvi elektrik təchizat sxeminə qoşulub. Bundan başqa, həmin yarımstansiya Tərtər və Bərdə rayonlarında, habelə Naftalan şəhərində yerləşən 110 kilovoltluq yarımstansiyalararası 35 kilovoltluq dairəvi elektrik təchizatı sxeminin etibarlığını və təhlükəsizliyini təmin etməklə, regionda olan bütün istehlakçıların, xüsusən də əhalinin enerji təchizatının dayanıqlığını daha da artıracaq.

Yarımstansiya beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, məsafədən idarə olunan SKADA dispetçer sisteminə qoşulub. Burada növbətçi heyət üçün lazımi iş şəraiti yaradılıb, müvafiq xidmət otaqları, o cümlədən mühafizə, texniki xidmət və idarəetmə otaqları inşa edilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə elektroenergetika sahəsində mühüm işlər görülüb, mövcud çatışmazlıqların aradan qaldırılması, yeni yarımstansiyaların tikintisi diqqət mərkəzində saxlanılıb. Bu sırada Tərtər rayonunda energetika sisteminin yenidən qurulması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması prioritet məsələlərdən olub. Bu ərazidə son illərdə aparılan geniş tikinti, yenidənqurma və bərpa işləri nəticəsində rayonunun kəndlərinin və ətraf ərazilərin elektrik təchizatının yaxşılaşdırılması, həmçinin kənd təsərrüfatlı obyektlərinin artan elektrik tələbatının qarşılanması üçün geniş imkanlar yaranıb. Bu illərdə rayonda xeyli elektrik hava xətləri çəkilib, kəndlərin elektrik şəbəkəsi özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib və hazırda bu işlər digər kəndlərdə davam etdirilir. Bununla da mövcud elektrik şəbəkəsinin qoyuluş gücü artıb, texniki itkilər kəskin şəkildə azalıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib.

Dövlət başçısı filialın açılışını bildirən rəmzi lenti kəsib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, burada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və əsas üstünlük orijinal Qarabağ xalça çeşnilərinə veriləcəkdir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Diqqətə çatdırılıb ki, bina toxuculuq emalatxanası, konfrans zalı, tibb otağı, anbar, yeməkxana, xalça və xalça məmulatlarının sərgilənməsi və satışı üçün xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Filialda 150 nəfər toxucunun və 14 nəfər inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub və hazırda 85 nəfər, o cümlədən 71 nəfər toxucu və 14 nəfər inzibati-təsərrüfat işçisi işlə təmin edilib.

Toxucular bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək. Bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin olunacaq. Cəmiyyətin digər filiallarında olduğu kimi, Tərtər filialı da işçilərin daşınması üçün avtobusla təmin edilib.

Qeyd edək ki, Azərbaycanda xalçaçılıq tətbiqi sənət növünün ən qədim sahələrindən biridir. Ölkəmizin ərazisində aparılan arxeoloji qazıntılara və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının bənzərsizliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir. Xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəyir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Hazırda Azərbaycan xalça sənəti özünün əsil dirçəliş dövrünü yaşayır. Prezident İlham Əliyevin həmin sahənin inkişafı ilə bağlı verdiyi tapşırıqlar və imzaladığı sərəncamlar bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq, yaradılması nəzərdə tutulmuş 31 xalça müəssisəsindən 13-ü istifadəyə verilib, 8-i istifadəyə hazırdır. Daha 10 fabrikin tikintisi layihələndirilir. Bundan başqa yunəyirici-boyaq fabrikinin, hazır xalçaların emalı mərkəzinin, yun və boyaq tədarükü məntəqələrinin yaradılması istiqamətində mühüm işlər görülür.

XALQ.AZ