Prezident “Azərenerji”nin sədrinə qəzəbləndi: “Siz sadəcə utanmalısız” – VİDEO

Bir qəzaya görə bütün ölkənin enerji sisteminin çökməsi böyük səhvdir, yumşaq desək.

XALQ.AZ  xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ölkənin enerji sektorunda baş verən hadisələrlə bağlı bu gün keçirdiyi müşavirədə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevə irad tutaraq bildirib.

Prezident İlham Əliyev ölkənin kifayət qədər enerji gücünün olduğunu da qeyd edib.

“Təkcə 15 il ərzində 2500 meqavatt gücündə elektrik stansiyalar yaradılıb. Biz indi xarici ölkələrə elektrik enerjisi ixrac edirik. Ona görə isti havalarla bağlı istehlakın artması qəzanın səbəbi ola bilməz. Qəzanın səbəblərini komissiya araşdıracaq. Siz, sadəcə, utanmalısınız. Xalq qarşısında, ölkə qarşısında. Çünki, insanlara bu qədər əziyyət vermisiniz. Metroda qocalar, qadınlar, uşaqlar, xəstələr, liftdə qalanlar…”. İsti hava işığın sönməsinə səbəb ola bilməz. Çünki, bizim ölkədən də, isti ölkələr var”

İlham Əliyev hadisə nəticəsində ölkəyə böyük iqtisadi ziyan dəydiyini də qeyd edib: “Mən bu sahəyə bu qədər investisiya ayırmışam, dövlət investisiya proqramı sahəsində hər il böyük vəsait ayrılır, yeni elektrik stansiyaları tikilir. Son 15 il ərzində 30 stansiya tikilib. Elə sistem qurulmalı idi ki, ölkənin enerji sistemi çökməsin.

Niyə bölgələrdəki elektrik stansiyaları qəza baş verəndən sonra fəaliyyətini dayandırdı? Bunun səbəbləri haqqında danışmalısınız. Yoxsa havalar isti keçir, istehlak artır – bu məni qane edə bilməz”, – deyə dövlət başçısı vurğulayıb və qeyd edib ki, məsələni çox ciddi araşdırmaq lazımdır.Günahı olanlar cəzalandırılmalıdır”.