Prezident banklara müraciət etdi: 600 min şəxs üçün…

Birinci ödənişi alan vətəndaşlara bir daha tövsiyə olunmalıdır ki, bank hesabları açsınlar.

XALQ.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı deyib.

Prezident aprel-may aylarında – iki ay ərzində 600 min insanın dövlətdən ayda 190 manat alması barədə göstəriş verəndən sonra qeyd edib ki, may ayında olacaq ikinci ödənişin bank köçürmə yolu ilə almaları üçün 600 min şəxsin hər birinin bank hesabı olsun:

“Bizim banklara da indi müraciət edirəm ki, onlar, – düzdür, bu, böyük iş tələb edir, – burada maksimum operativlik göstərsinlər. Çünki əgər 600 min insanın hamısı bank hesabı açarsa, – biz bunu istəyirik, tövsiyə edirik, – bu, əlbəttə ki, müəyyən problemlər yarada bilər. Ona görə bank sektoru da buna hazır olmalıdır. Beləliklə, bundan sonra artıq həmin insanlar öz maaşlarını köçürmə yolu ilə alacaqlar, şəffaf şəkildə alacaqlar və öz vətəndaşlıq borcunu yerinə yetirmiş olacaqlar. Çünki bu, ən düzgün yoldur”.