Prezident bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqonini qəbul edib.

Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni Azərbaycanın Avropa Şurasının layiqli üzvü olduğunu bildirərək “Bakı Prosesi”ni Avropa Şurası üçün də uğurlu platforma adlandırdı. 2008-ci ildən bu prosesin genişlənərək mühüm hərəkata çevrildiyini deyən qonaq qeyd etdi ki, mədəniyyətlərarası dialoq insanların həyatını dəyişə biləcək vacib prosesdir. “Bakı Prosesi”nin başladığı dövrdən diplomatik münasibətlərdə yenilik, müdrik və cəsarətli addım olduğunu deyən Avropa Şurasının Baş katibinin müavini bu prosesin davamlı olması üçün verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoninin Forumun açılış mərasimində Azərbaycan haqqında söylədiyi fikirləri yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Forumda vacib tövsiyələr irəli sürüləcəyinə əminliyini ifadə etdi, bu cür önəmli beynəlxalq toplantının mədəniyyət sahəsində körpülərin, dialoqun qurulmasına mühüm töhfə verdiyini bildirdi.

Prezident İlham Əliyev Azərbaycanın həm Avropa Şurasına, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv olduğunu qeyd edərək ölkəmizin “Bakı Prosesi” vasitəsilə mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu təşviq etdiyini bildirdi. Hazırkı şəraitdə “Bakı Prosesi”nin coğrafiyasının genişləndirilməsinin zəruriliyini qeyd edən dövlətimizin başçısı Azərbaycanın sivilizasiyalararası dialoqu təşviq etməklə bərabər, sivilizasiyalardaxili dialoqu da dəstəklədiyini dedi.

Görüşdə Avropa Şurasının gündəliyində duran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosu qəbul edib.

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosa V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına və ölkəmiz haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq etdiyini vurğuladı.

2007-ci ildə ATƏT-in fəaliyyətdəki sədri olarkən Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşdən danışan qonaq həmin söhbət zamanı Azərbaycanın dövlət başçısının söylədiyi fikirləri bu gün də xatırladığını dedi. Forumun təşkilinə görə minnətdarlığını bildirən Migel Angel Moratinos Bakının dünyada dialoq mərkəzi kimi tanındığını, “Bakı prosesi”nin önəmli bir platformaya çevrildiyini və zamanında irəli sürülmüş təşəbbüs olduğunu vurğuladı. Bildirdi ki, bu prosesin coğrafiyasının genişləndirilməsi və Azərbaycanın multikulturalizm ənənələrinin təşviqi böyük əhəmiyyət daşıyır.

Söhbət zamanı Azərbaycanın BMT-nin Sivilizasiyalar Alyansına verdiyi dəstək yüksək qiymətləndirildi.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 2-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul edib.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edərək “Bakı prosesi”nin artıq təsisatlanmış bir mexanizmə çevrildiyini söylədi. Bu gün Azərbaycanın nəqliyyat qovşağı olmaqla yanaşı, dialoq və əməkdaşlığın da qovşağına çevrildiyini qeyd edən Yusif bin Əhməd Əl-Osaymin Azərbaycanı dinc birgə yaşayışın rəmzi kimi xarakterizə etdi.

İslam Əməkdaşlıq Təşkilatının Baş katibinə Forumda iştirakına görə təşəkkürünü bildirən Prezident İlham Əliyev qonağın Forumun açılış mərasimində söylədiyi fikirlərin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı “Bakı prosesi”nin mühüm beynəlxalq platforma olduğunu dedi. Bu prosesin 10 ildən artıq davam etdiyini və bu gün dünyada mədəniyyətlərarası əlaqələrin və dinlərarası əməkdaşlığın qurulmasında ən səmərəli mexanizmlərdən biri kimi tanındığını diqqətə çatdırdı.

Görüşdə İslam dünyasında birliyin və həmrəyliyin vacibliyi qeyd olundu və Azərbaycanın bu istiqamətdə gördüyü işlər təqdir edildi, İslam Əməkdaşlıq Təşkilatının gündəliyində duran məsələlərə dair fikir mübadiləsi aparıldı.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.