Prezident: “Bu, ölkəmizin siyasi nüfuzunun təzahürüdür”

“Bir neçə gün bundan əvvəl Vaşinqtonda keçirilmiş Beynəlxalq Astronavtika Konqresində növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bu, çox böyük hadisədir, bizim böyük qələbəmizdir və bu münasibətlə sizi təbrik etmək istəyirəm. Bilirəm ki, “Azərkosmos” və digər dövlət qurumları bu Konqresin Azərbaycanda keçirilməsi üçün böyük səylər göstərmişlər”.

Bunu Prezident İlham Əliyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması ilə əlaqədar qəbul edərkən deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir:

“Bu tədbirin əhəmiyyətini sübut edən məqamlardan biri də odur ki, Konqresin işində Amerikanın vitse-prezidenti cənab Pens iştirak etmişdir. Növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin siyasi nüfuzunun təzahürüdür, Azərbaycana olan inamın nəticəsidir”.