Prezident: Bugünədək Ermənistana qarşı sanksiya qəbul edilməyib

Qoşulmama Hərəkatı dünyada sülhün qorunmasında mühüm rol oynayır.

XALQ,AZ xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Dövlət başçısının dediyinə görə, iyirmi ildir ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır:

“Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb”.

Prezident vurğulayıb ki, işğal bu günə qədər davam edir:

“Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır.

BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların bu sahədə qərarları yerinə yetirilməyib.

Ermənistanın etnik təmizləmə aparmasına baxmayaraq, Ermənistana qarşı hər hansı sanksiya qəbul olunmayıb…”

 

Elgün