Prezident: “Elə hesab edirlər ki, ağa kimi insanları incitməlidirlər”

“Bölgələrdə gedən işlər daim mənim nəzarətimdədir. Mənim çoxsaylı səfərlərim, eyni zamanda, o məqsədi güdür ki, görülmüş işlərin icrasını görüm, tanış olum və insanları narahat edən problemləri insanlardan eşidim və biz bunları həll edək. Amma deyə bilərəm ki, bir çox hallarda icra hakimiyyəti başçısı öz iş otağından çıxmır”.

XALQ..AZ xəbər verir ki, bu sözləri prezident İlham Əliyev yeni icra başçıları ilə videoformatda görüşərkən deyib.

Dövlət başçısı bildirib ki, bəzi icra başçıları özünü ağa kimi aparır:

“Bütün icra hakimiyyəti başçıları, o cümlədən siz bütün kəndlərdə insanlarla görüşməli, insanları narahat edən problemləri insanların dilindən eşitməli və ondan sonra qərar qəbul etməlisiniz. Elə məsələ var ki, sadəcə olaraq, laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur. Elə məsələ var ki, heç böyük vəsait, böyük əziyyət tələb etmir. Sadəcə, onların vecinə deyil. Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər, öz şəxsi maraqlarını təmin etməlidirlər. Belə təfəkkürlə yaşayan insanların bizim aramızda yeri yoxdur. Onların yeri başqa yerdədir. Ona görə, siz bütün kəndlərdə olmalısınız, bütün problemləri vətəndaşlardan öyrənməlisiniz və onları həll etməlisiniz. Bir daha demək istəyirəm ki, yerli səviyyədə həlli mümkün olmayan problemlər dərhal müvafiq mərkəzi icra orqanlarına çatdırılmalıdır”.