Prezident: “Ermənilər yeni müharibəyə hazırlaşırlar”

pre

“Ermənistan aqressiv dövlətdir. Onların Azərbaycana, azərbaycanlılara qarşı nifrəti çirkin siyasətlərində də özünü göstərir. Bir daha demək istəyirəm və onlara xəbərdarlıq etmək istəyirəm ki, əgər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.

XALQ.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibəsində deyib:

“Onlar yeni müharibəyə hazırlaşırlar. Təmas xəttinə yaxın onların qüvvələrinin konsentrasiyası baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Onların bütün hərəkətlərini izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə də özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

“Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Sən necə müstəqil ölkəsən ki, sən öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Baxın, Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına. Hamısı ya Sorosdan, ya “Transperensy”dən, ya da ki, digər insan hüquqları təşkilatlarındandır. Onlar bu gün Ermənistanda baş verən despotik hərəkətlərə göz yumurlar”.

“Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat heç məsələ qaldırmayıb. Ermənistanda indi iki prezident məsuliyyətə cəlb edilib, cinayət işi açılıb, iki keçmiş prezident, sırf siyasi fəaliyyətlərinə görə, bunu hər kəs bilir, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susur? “Freedom House”, “Human Rights Watch”, “Amnesty International” niyə susur? Sorosa görə. Soros Ermənistanın başçısıdır, Soros həmin bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının sponsorudur. Onların sponsoru birdir”.