Prezident görüşlər keçirdi-Fotolar

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında iştirakına və tədbirdə dediyi xoş sözlərə görə Maroş Şefçoviçə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, bu toplantı “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında yeni mərhələdir. Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizinin icrasına verdiyi dəstəyə görə Maroş Şefçoviçə və eləcə də Avropa İnvestisiya Bankına layihənin maliyyələşməsində dəstəyi ilə əlaqədar minnətdarlığını ifadə etdi.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç bu iclasda və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən əvvəlki iclaslarda iştirakından məmnunluğunu bildirdi. Maroş Şefçoviç layihənin icrasında böyük inkişafın olduğunu dedi.

 


 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Azərbaycanın və Türkiyənin TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirdikləri qeyd olundu.

Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev ötən ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi”nin müddətinin uzadılması mərasimində Berat Albayrak ilə görüşünü xatırladı və TANAP layihəsinin icrasının artıq yekunlaşmaqda olduğunu vurğuladı. Dövlətimizin başçısı tezliklə “Şahdəniz-2” yatağından qazın hasil olunmasına və borulara ötürülməsinə başlanılacağını bildirdi.

Nazir Berat Albayrak “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasının önəmini qeyd etdi. O, ötən ay TANAP layihəsinin icrası çərçivəsində sınaq işlərinə başlanıldığını dedi.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 


 

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.

Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstanın uzun illər fəal əməkdaşlıq etdiklərini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan üçün deyil, ümumilikdə bir çox ölkələr üçün geniş imkanlar açır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla həyata keçirilir və bu, ölkələrimizin imkanlarının və tərəfdaşlığının göstəricisidir.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində də qlobal layihələr həyata keçirirlər. Neft-qaz sahəsindəki əməkdaşlıq ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır və dayanıqlı inkişaf üçün əsas yaradır.

“Cənub Qaz Dəhlizi” layihəsinin artıq yeddi ölkəni əhatə etdiyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, istehsalçı və tranzit ölkələr arasında maraqların uzlaşdırılması çox vacibdir. Biz buna nail olmuşuq və bu, gələcək uğurlarımızın zəmanətidir.

Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Baş nazir Giorgi Kvirikaşvilinin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Gürcüstanın bu layihədə iştirakının önəmini vurğulayan qonaq Cənub Qaz Dəhlizinin icrası nəticəsində ölkəsində minlərlə yeni iş yerinin açıldığını dedi.

Dmitri Kumsişvili vurğuladı ki, Azərbaycan və Gürcüstan birlikdə uğurlu qlobal layihələr həyata keçirirlər. Bu layihələr həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə və Avropa üçün böyük əhəmiyyətə malikdir.

Dövlətimizin başçısı Baş nazir Giorgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş etdi.

 

 


 

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşü olub.

İvan Skalfarotto İtaliyanın Baş naziri Paolo Centiloninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Cənub Qaz Dəhlizində iştirakından və bu tədbirdə təmsil olunmasından məmnunluğunu bildirdi. İvan Skalfarotto ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə də uğurla inkişaf etdiyini dedi, Azərbaycanın İtaliyaya sərmayə yatırmasını dəstəklədiklərini vurğuladı. O, Azərbaycan-İtaliya əməkdaşlığının digər sahələrdə də inkişafı üçün səylərin gücləndirilməsinin önəmini ifadə etdi.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın energetika, ticarət və digər sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirən önəmli layihədir və gələcək illərdə əməkdaşlığımızın inkişafında vacib rol oynayacaq. Prezident İlham Əliyev qeyd etdi ki, İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq.

Dövlətimizin başçısı Baş nazir Paolo Centiloninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliyanın Baş nazirinə çatdırmağı xahiş etdi.