Prezident icra başçılarına xəbərdarlıq etdi

“Qohumlarını vəzifələrə yerləşdirmək, torpaq sahələri əldə etmək və sair”

“Mən hesab edirəm ki, hökumət üzvləri də daha sıx təmasda olmalıdırlar, parlamentdə daim ünsiyyətdə olmalıdırlar, onlara suallar verilməlidir, onlar gördükləri işlər haqqında məruzə etməlidirlər, çıxış etməlidirlər və bunu da biz sistemə salmalıyıq”. Bunu Prezident İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, bu, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq. “Mən istəyirəm ki, Azərbaycanda parlamentin rolu və təsir imkanları artsın, – həm də ümumi işimizə müsbət təsir göstərəcək. Çünki məsuliyyət ən vacib məsələlərdən biridir. Məsuliyyət və nəzarət. Harada ki, bu, yoxdur, heç bir iş getməyəcək. Əksinə, çox mənfi mənzərə ilə üzləşə bilərik. Ona görə bu da bir nəzarət mexanizmi olmalıdır.

Mən indi vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları. İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir”.

İ.Əliyev camaatı ictimai nəzarət işində daha fəal olmağa səsləyib. O, qeyd edib ki, bir çox məsələlər haqqında məlumatı əvvəllər mətbuatdan alırdı, ona çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı.

“Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır, Prezident Administrasiyasında parlamentlə iş üzrə xüsusi şöbə yaradılıb. Bu, əlbəttə, bir daha onu göstərir ki, biz parlamentin işinə böyük əhəmiyyət veririk”.

Dövlət başçısı deputatlara tövsiyəsini də deyib. “Onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar. İndi sirr deyil, əvvəlki dövrlərdə bəzi deputatlar seçicilərdən bir qədər, yaxud da ki, tamamilə uzaqlaşmışdılar. Heç öz dairələrinə baş çəkmirdilər, problemlərlə maraqlanmırdılar. Öz şəxsi problemlərini ortaya qoyurdular. Buna da son qoyulmalıdır. Əvvəllər belə hallar kifayət qədər çox olubdur. Öz qohumlarını vəzifələrə yerləşdirmək, hansısa torpaq sahələri əldə etmək, hansısa biznesə dəstək göstərmək və sair və ilaxır. Mən dərinə getmək istəmirəm. Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır.

Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər. Sabah siz xalq qarşısında cavab verməli olacaqsınız. Ona görə siz seçildiyiniz dairələrin problemləri ilə daim maraqlanmalısınız, seçicilərlə görüşməlisiniz, dairələrdə olmalısınız.

Eyni zamanda, mövcud olan problemləri də üzə çıxarmalısınız. Bunları icra orqanlarının qarşısına çıxarmalısınız, mərkəzi icra orqanlarının diqqətinə çatdırmalısınız. Hesab edirəm ki, yeni tərkibdə formalaşan Milli Məclis bu sahədə də uğurlu fəaliyyət göstərəcək”.