Prezident iki görüş keçirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XALQ.AZ xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanın Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirdiyini və dəstəyini əsirgəmədiyini qeyd edərək, noyabrın 5-də Bakıda keçiriləcək Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına Azərbaycanın ev sahibliyi etməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq Fələstin məsələsinin iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini və bu mövqenin beynəlxalq təşkilatlar çərçivəsində birmənalı şəkildə ifadə olunduğunu qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə ardıcıl sürətdə töhfə verdiyini bildirib.

Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Fələstin Prezidenti Mahmud Abbasın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycanın Fələstin Dövlətinin Asiya ölkələrindəki səfirlərinin toplantısına və əvvəlki illərdə Fələstinlə əlaqədar müxtəlif humanitar tədbirlərə ev sahibliyi etdiyi üçün Prezident İlham Əliyevə Fələstin Dövləti adından dərin minnətdarlığını bildirib.

Riad Əl-Maliki dövlətimizin başçısının 2017-ci il dekabrın 13-də İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirakı və çıxışının yüksək qiymətləndirildiyini vurğulayıb. Fələstin Dövlətinin xarici işlər naziri Riad Əl-Maliki Azərbaycanın beynəlxalq ictimaiyyətdə böyük hörmət və nüfuza malik dövlət olduğunu deyərək, ölkəmizin 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına uğurlu sədrlik edəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Prezidentinə çatdırmağı xahiş edib.

Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri Əbdüləziz bin Səud bin Nayif Al-Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edərək, özünün Səudiyyə Ərəbistanına səfəri və səfər zamanı Kral Həzrətləri və digər rəhbər şəxslər ilə aparılan müzakirələri məmnunluqla yad edib, bu müzakirələrin əlaqələrimizin inkişafı üçün önəmli rol oynadığını bildirib.

Prezident İlham Əliyev deyib ki, ölkələrimiz müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edir, siyasi əlaqələr çox yüksək səviyyədədir və beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir. Dövlətimizin başçısı bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanının ədalətli və qardaşlıq hisslərinə əsaslanan mövqeyi Azərbaycanda çox böyük minnətdarlıq hissi ilə qarşılanır.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan xalqı Səudiyyə Ərəbistanının bu münaqişə və işğala görə Ermənistanla heç bir əlaqə yaratmadığını yaxşı bilir və bu, bizim dostluğumuzun, qardaşlığımızın bariz nümunəsidir.

İqtisadi sahəyə toxunan Prezident İlham Əliyev son zamanlar bu istiqamətdə inkişafla bağlı çox ciddi addımların atıldığını deyib və gələcək illərdə sərmayə qoyuluşu və ticarət dövriyyəsinin artırılması ilə əlaqədar daha geniş tədbirlərin həyata keçiriləcəyinə əminliyini ifadə edib. Son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayının dəfələrlə artdığını qeyd edən Prezident İlham Əliyev bunu dostluğumuzun növbəti təzahürü kimi dəyərləndirib.

Dövlətimizin başçısı qeyd edib ki, ölkələrimizin təhlükəsizlik sahəsində əməkdaşlığı da yaxşı səviyyədədir. Prezident İlham Əliyev əminliyini bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səudun bu səfəri ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Xoş sözlərə görə minnətdarlığını bildirən Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nayif Al Səud, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb.

O qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər getdikcə inkişaf edir, müxtəlif məsələlərə dair yüksək səviyyəli koordinasiya mövcuddur. Səudiyyə Ərəbistanının Azərbaycan üçün qardaş, yaxın və strateji tərəfdaş ölkə olduğunu vurğulayan qonaq ölkələrimizin Daxili İşlər nazirlikləri arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib. Bu baxımından qonaq Azərbaycanın daxili işlər nazirinin Səudiyyə Ərəbistanı Krallığına səfəri zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair imzalanmış sazişin önəmini vurğulayıb.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarına görə təşəkkür edib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş edib.

 

 

Orxan