Prezident İlham Əliyev görüş keçirib

 

69

 

İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul etmişdir

Prezident İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul etmişdir.

Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ən səmimi salamlarını və dərin ehtiramını dövlətimizin başçısına çatdırdı. O, Prezident Qurbanqulu Berdiməhəmmədovun ən xoş arzularının və Prezident İlham Əliyevi Türkmənistana səfərə dəvətinin ifadə olunduğu məktubunu dövlətimizin başçısına təqdim etdi. Rəşid Meredov dövlət başçıları arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin genişləndirilməsindəki rolunu xüsusi qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Xalqlarımızın qədim tarixə və etnik köklərə malik olduğunu qeyd edən dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini dedi. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində dövlət başçıları arasında əlaqələrin və yüksək səviyyəli görüşlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Prezident Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 


 

İlham Əliyev Avstriya parlamentinin ikinci prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopf ölkəmizin əldə etdiyi uğurlu iqtisadi inkişaf münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd etdi. Avstriyalı qonaq ölkəmizdə keçirdiyi görüşlər barədə dövlətimizin başçısına məlumat verdi.

Dövlət başçısı Azərbaycan ilə Avstriya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Avstriyaya ötənilki səfərini və orada biznes ictimaiyyəti ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Avstriya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyətinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Avstriya parlamentinin ikinci prezidenti Karlhaynts Kopfun ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

 


İlham Əliyev ATƏT-in Bakı layihə əlaqələndiricisini qəbul etmişdir

Prezident İlham Əliyev ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinskini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.