Prezident İlham Əliyev iclas keçirtdi

 

02

 

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlət başçısı iclası giriş nitqi ilə açdı.

Prezident İlham Əliyevin giriş nitqi

– Nazirlər Kabinetinin bugünkü toplantısında biz ilin doqquz ayının sosial və iqtisadi yekunlarını müzakirə edəcəyik. Eyni zamanda, ilin sonuna qədər görüləcək işlər haqqında danışacağıq.

Deyə bilərəm ki, doqquz ay çox uğurlu keçdi, qarşımızda duran bütün vəzifələr icra edildi. Azərbaycan iqtisadiyyatı bu il uğurla inkişaf edir və bu dinamik inkişaf əminəm ki, gələcək illərdə də özünü göstərəcəkdir. Çünki bu günə qədər aparılan islahatlar və əldə edilmiş nəticələr deməyə əsas verir ki, bundan sonra da Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir. Bütün makroiqtisadi göstəricilər yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 5,4 faiz artmışdır. Hesab edirəm ki, indiki zəmanədə xüsusilə dünyada hələ də davam edən böhran şəraitində bu, kifayət qədər yüksək göstəricidir və bizə imkan verir ki, biz öz investisiya proqramlarımızı da uğurla icra edək. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyri-neft sektorumuz artır, yüksək templərlə artır və ilin əvvəlindən bu günə qədər bu yüksək templər qorunur. Qeyri-neft sektorumuz doqquz ayda 10,4 faiz artmışdır və hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricidir. Eyni zamanda, Azərbaycanda aparılan islahatlar bax, bu nəticəyə gətirib çıxarmışdır. Çünki iqtisadiyyatımızın neft-qaz amilindən asılılığı ildən-ilə daha da azalır və beləliklə, iqtisadiyyatımızın şaxələndirilməsi məsələləri də öz həllini tapır.

Eyni zamanda, bu göstərici ona dəlalət edir ki, ölkə iqtisadiyyatı artıq bundan sonra da öz uğurlu inkişafını təmin edəcəkdir. Çünki hazırda qoyulan investisiyalar, yaradılan yeni iş yerləri, inkişaf üçün hazır olan yeni istiqamətlər, sənaye istehsalının yeni istiqamətləri əminəm ki, gələcək illərdə də qeyri-neft sektorunun yüksək templərlə inkişafını təmin edəcəkdir. Beləliklə, Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən asılılığını gələcəkdə tamamilə aradan götürəcəkdir. Eyni zamanda, əlbəttə ki, qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin nəticəsidir. Çünki mən bu məsələlərlə bağlı fikirlərimi mütəmadi qaydada bildirirəm və qeyd edirəm ki, iqtisadi sahədə əsas prioritet məsələ qeyri-neft sektorunun inkişafıdır. Biz buna da nail ola bilmişik və 10,4 faiz artım bunun gözəl göstəricisidir.

Sənaye istehsalında da artım vardır. Kənd təsərrüfatı təxminən 5 faiz artmışdır və burada da gələcək artım üçün gözəl potensial vardır. İnflyasiya cəmi 2,3 faiz təşkil edir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 7,6 faiz artmışdır. Yəni, son 10 il ərzində olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə üstələyir və beləliklə, insanların rifah halının yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır.

Makroiqtisadi vəziyyət sabitdir və deyə bilərəm ki, bu parametrə görə Azərbaycan dünya miqyasında birinci onluqdadır. Bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 39-cu yerdədir. Bu, tarixi nəticədir, böyük qələbədir və dünya miqyasında ilk 40 ölkənin sıralarına daxil olmaq islahatların, düşünülmüş siyasətin, bizim uğurlarımızın nəticəsidir. Əlbəttə ki, bu, Azərbaycanı dünyada sürətlə və dinamik inkişaf edən ölkə kimi təqdim edir və Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsində də bizə kömək göstərəcəkdir.

İnvestisiyaların cəlb edilməsi prosesi gedir. İnvestisiya iqliminə görə Azərbaycan postsovet məkanında və regionda çox cəlbedici ölkədir. Xarici investisiyaların cəlb edilməsi nəticəsində biz 1990-cı illərin əvvəllərində çətin, ağır vəziyyətdən çıxa bilmişik. Bu gün isə xarici investorlar üçün daha da gözəl imkanlar vardır. Çünki ölkə inkişaf edir, infrastruktur yeniləşir, daxili bazarımız genişlənir və xarici bazarlara çıxışlarımız da yaradılır. Belə olan halda xaricdən investisiyaları cəlb etmək məsələləri gələcəkdə də prioritet olaraq qalacaqdır. Baxmayaraq ki, hazırda Azərbaycan artıq xarici investisiyalardan asılı deyil və investisiya portfelimizdə daha çox daxili investisiyalar öz yerini tapmışdır. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulmuşdur ki, onlardan 10,5 milyardı daxili investisiyalardır, 7,2 milyard isə xarici investorların vəsaitidir. Bu da Azərbaycan kimi ölkə üçün çox yüksək göstəricidir və əgər biz bu templəri ilin sonuna qədər saxlaya bilsək, bu il ölkə iqtisadiyyatına təqribən 25 milyard dollara yaxın investisiya qoyuluşu gözlənilir, ancaq bir il ərzində. Nəzərə alsaq ki, keçən il təqribən 20 milyard, ondan əvvəlki illərdə də 20 milyarda yaxın investisiya qoyulmuşdur, təsəvvür etmək çətin deyil ki, bu, ölkə iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyət daşıyan məsələlərdir. İnvestisiyaların cəlb edilməsi Azərbaycanda uzun illər hökm sürən sabitliyin nəticəsidir. Xarici və daxili investorlar ancaq sabit olan ölkələrdə investisiyalar qoyurlar. Azərbaycana qoyulan sərmayə də artıq çoxşaxəli sərmayədir. Əgər əvvəlki illərdə – 1990-cı illərdə daha çox neft-qaz sektoruna sərmayə qoyulurdusa, indi turizm, xidmət, yüksək texnologiyalar, sənaye parklarının yaradılması məsələlərinə daha böyük diqqət göstərilir. Beləliklə, Azərbaycana xarici və daxili investisiyaların qoyulması əminəm ki, ölkə iqtisadiyyatına daha da böyük təkan verəcəkdir.

Bizim valyuta ehtiyatlarımız il ərzində artmışdır. Bu da hesab edirəm ki, çox yaxşı nəticədir. Çünki bizim xərclərimiz də çoxdur, büdcə xərcləri də ildən-ilə artır. Mənim tərəfimdən qarşıya vəzifə qoyulmuşdur ki, valyuta ehtiyatlarımız ildən-ilə artırılmalıdır və biz bu hədəfə çatmışıq. İl ərzində valyuta ehtiyatlarımız artmışdır və hazırda 49,4 milyard dollar təşkil edir.

Bu da 9,4 milyon əhalisi olan ölkə üçün çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarına görə hesab edirəm ki, Azərbaycan dünya miqyasında ön sıralardadır və bu, düşünülmüş, ardıcıl siyasətin nəticəsidir. Biz əlbəttə ki, ölkə qarşısında duran vacib məsələlərin həlli üçün vəsait ayırırıq. İldən-ilə artan dövlət investisiya proqramı, xaricdən gələn investisiyalar, infrastruktur layihələrinə ayrılan vəsait bu məqsədi güdür.

Ancaq, eyni zamanda, biz öz vəsaitimizdən qənaətlə istifadə etməliyik və büdcəmizi elə tutmalıyıq ki, Azərbaycanda valyuta ehtiyatları daim artsın. Bu, bizim üçün həm təhlükəsizlik, iqtisadi və siyasi təhlükəsizlik məsələsidir, eyni zamanda, biz gələcək nəsillər haqqında da düşünməliyik və düşünürük. Gələcək nəsillər üçün elə güclü iqtisadiyyat qurub qoymalıyıq ki, Azərbaycanın gələcək inkişafı ilə bağlı heç bir problemi olmasın. Ona görə maliyyə sahəsində düşünülmüş, ölçülüb-biçilmiş addımlar və vəsaitdən qənaətlə istifadə etməyimiz strateji xarakter daşıyır. Bir daha demək istəyirəm ki, valyuta ehtiyatlarımızın artması Azərbaycanın həm dayanıqlı inkişafını təmin edir və eyni zamanda, xarici tərəfdaşlarla da münasibətlərimiz daha da yüksək səviyyəyə qalxır. Bu gün Azərbaycana istənilən həcmdə xarici maliyyə resurslarını cəlb etmək üçün heç bir problem yoxdur. Sadəcə olaraq biz xarici dövlət borcunu artırmamaq üçün bu sahədə də çox konservativ siyasət aparırıq və bu gün Azərbaycan dünya miqyasında bu göstəriciyə görə də ən qabaqcıl yerlərdədir.

Bizdə xarici borc ümumi daxili məhsulun cəmi 7-8 faizini təşkil edir. Bəzi inkişaf etmiş ölkələrdə bu, 100 faizə yaxındır. Harada bu, 70 faizdir, hesab olunur ki, o ölkədə maliyyə vəziyyəti yaxşıdır. Azərbaycanda isə 7-8 faizdir. Bu, o deməkdir ki, biz bu gün və gələcək üçün elə güclü əsaslar yaradırıq ki, Azərbaycan heç vaxt – nə bu gün, nə 10 ildən, 20 ildən sonra borc problemi ilə rastlaşmasın. Borc problemi çox ciddi problemdir. Bu gün bəzi inkişaf etmiş ölkələrdə baş verən hadisələr məhz o əsassız borcun nəticəsidir.

Bizdə isə dövlət borcu cəmi 7-8 faizdir. Ümumiyyətlə, biz istənilən vaxt bu borcu tamamilə qaytara bilərik. Sadəcə olaraq bəzi iqtisadi və maliyyə məsələləri hələ ki, bunu diktə etmir. Ancaq biz istənilən vaxt xarici dövlət borcumuzu da sıfıra endirə bilərik. Bax, budur bizim əsas iqtisadi parametrlərimiz ki, ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin edir. Əlbəttə ki, bütün bu iqtisadi və makroiqtisadi göstəricilər özlüyündə bir göstəricidir. Amma əsas məsələ ondadır ki, bu göstəricilər insanların gündəlik həyatına, ölkəmizin inkişafına, infrastruktur layihələrinin icrasına öz təsirini göstərir.

Əlbəttə ki, bizim güclü sosial siyasətimizin təməlində güclü iqtisadi siyasət dayanır. Biz bütün sosial proqramları icra edirik. Bu il maaşlar və pensiyalar artırılmışdır. Son 10 il ərzində maaşlar və pensiyalar dəfələrlə artırılmışdır. Bu il sovet vaxtından qalan əmanətlərin qaytarılması məsələləri də öz həllini tapmışdır. Azərbaycan dövləti sosial siyasət nümayiş etdirərək bu əmanətlərin qaytarılmasına da nail oldu. Yəni, sosial proqramların həlli daim diqqət mərkəzindədir.
Sosial infrastrukturun yaradılması da uğurla təmin edilir. Bu il 200-ə yaxın məktəb əsaslı təmir edilib, yaxud da yenidən tikilib. Bütün digər sosial obyektlər yeniləşir, müasirləşir. Azərbaycan sosial siyasətin aparılmasında da nümunə ola bilər. Bir daha demək istəyirəm ki, bu proqramın, bu siyasətin təməlində güclü iqtisadi amillər dayanır.

Biz regionların inkişafı ilə bağlı bütün hədəflərə nail ola bilmişik. Bu il ikinci regional inkişaf proqramı başa çatır. Bu proqram artıqlaması ilə icra edilibdir. Təkcə bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılmışdır. Bütövlükdə isə son 10 il ərzində 1 milyon 200 mindən çox yeni iş yeri açılmışdır ki, bu da işsizliyin azaldılmasına gətirib çıxarmışdır. Son məlumata görə Azərbaycanda işsizlik 5 faizdən aşağıdır. İşsizliklə bilavasitə bağlı olan yoxsulluq da aşağı düşür. İlin sonuna hələ iki ay vaxt qalır, ancaq indidən demək olar ki, Azərbaycanda bu ilin yekunlarına görə yoxsulluq 6 faizdən az olacaqdır. Yəni, biz son 10 il ərzində bu istiqamətdə də uğurlar əldə etmişik, yoxsulluğu ardıcıllıqla aşağı salmışıq. Əvvəlki illərdə qeyd etdiyim kimi, Azərbaycanda yoxsulluq kimi sosial problem olmamalıdır. Azərbaycanda insanlar daha da yaxşı yaşamalıdır. Bunu təmin etmək üçün sosial proqramlar əlbəttə ki, icra edilir.

Biznes mühitinin yaxşılaşdırılması istiqamətində də çox ciddi addımlar atılır. Dövlət tərəfindən sahibkarlara böyük güzəştlərlə kreditlər ayrılır. Kənd təsərrüfatının inkişafı üçün çox böyük güzəştlərlə kreditlər ayrılır və infrastruktur layihələri icra edilir. İri fermer təsərrüfatlarının fəaliyyəti üçün dövlət öz üzərinə böyük vəzifələr götürmüşdür. Suvarma ilə bağlı məsələlər, meliorasiya məsələləri – bütün bunlar sahibkarlığa dəstək və təkan verən addımlardır. İqtisadi və sosial məsələlərin kompleks şəkildə həlli əlbəttə ki, ölkə iqtisadiyyatının inkişafını şərtləndirir. Beləliklə, növbəti illərdə əminəm ki, biz bu müsbət dinamikanı qoruyub saxlaya biləcəyik.

Sosial məsələlərin arasında köçkünlərin problemləri xüsusi yer tutur. Biz artıq neçə ildir ki, hər il ən azı 20 min köçkünü evlərlə, mənzillərlə təmin edirik. Yeni gözəl qəsəbələr, şəhərciklər tikilir və bu proses davam etdirilir. Növbəti illərdə də bu proqramlar Dövlət Neft Fondunun vəsaiti hesabına davam etdiriləcəkdir.

Regional vəziyyətlə, regionda baş verən hadisələrlə bağlı Azərbaycanın çox ciddi mövqeyi, müstəqil yanaşması vardır. Biz daim müstəqil mövqe nümayiş etdiririk. Bizim mövqeyimiz beynəlxalq hüquqa, ədalətə söykənir. Bu yanaşma deyə bilərəm ki, dünyada da dostlarımızın sayını artırır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əfsuslar olsun ki, son aylar ərzində heç bir irəliləyiş yoxdur. Ancaq biz bu aylar və əvvəlki illər ərzində Azərbaycanı böyük dərəcədə gücləndirə bilmişik. Bu gün Ermənistan ilə Azərbaycan arasındakı fərq dərinləşir, böyüyür. Azərbaycan dinamik inkişaf edən güclü dövlətdir, Ermənistan isə ildən-ilə zəifləyən və yoxsullaşan bir ölkədir. Son hadisələr bir daha onu göstərdi ki, Ermənistan öz hesabına yaşaya bilmir, asılı vəziyyətdədir. Artıq Ermənistanın yüksək vəzifəli şəxsləri də etiraf etməyə məcbur olmuşlar ki, Ermənistan öz təhlükəsizliyini özü təmin edə bilmir. Bu, əslində iflasın etirafıdır. Bu, əslində məğlubiyyətin etirafıdır.

Çünki əgər bir ölkə 22 ildir müstəqil ölkə kimi özünü təqdim etməyə çalışır, etiraf edir ki, öz təhlükəsizliyini özü təmin edə bilmir, o ölkə müstəqil ölkə kimi yaşaya bilməz. Sadəcə olaraq, buna vaxt lazımdır və əminəm ki, regionda gedən proseslər, güclənən Azərbaycan, tamamilə dəyişən güclər nisbəti bizi məqsədimizə çatdıracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Mənim şübhəm yoxdur ki, belə də olacaqdır. Sadəcə, biz siyasətimizi bundan sonra da davam etdirməliyik. Bizim siyasətimiz həm tarixi ədalətə söykənir, eyni zamanda beynəlxalq hüquq normaları da bizim mövqeyimizi müdafiə edir.

İqtisadi sahədə biz Ermənistandan ən azı 10 dəfə güclüyük. Hərbi sahədə də üstünlüyü əldə edə bilmişik. Sadəcə olaraq, geosiyasi vəziyyət və bölgədə gedən proseslər hələ ki, bizi sülh danışıqlarına sövq edir. Biz ümid edirik ki, bu danışıqların nəticəsi olacaqdır və Ermənistan çox ciddi təhlil apararaq, real vəziyyəti dərk edərək ona aid olmayan torpaqlardan çəkiləcək və beləliklə, qan tökülmədən Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.

Ancaq biz onu da bilirik ki, dünyada beynəlxalq hüquq normaları bir çox hallarda kobudcasına pozulur, onlara məhəl qoyulmur, ikili standartlar mövcuddur. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri saatlar içərisində icra edilir. Bizim məsələdə isə 20 ildən artıqdır ki, bu qətnamələr qəbul edilib, amma icra edilmir və heç kim də Ermənistanı məcbur etmir ki, o qətnamələr icra edilsin. Burada əlbəttə ki, biz yenə də ikili standartlarla üzləşirik. Artıq bu, sirr deyildir.

Bizim üçün çoxdan sirr deyildir. Əminəm ki, Azərbaycan xalqı da bu məsələləri yaxşı dərk edir və anlayır ki, ikili standartlar, bəzi hallarda Azərbaycana qərəzli münasibət, Ermənistana əsassız xoş münasibət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində ən böyük əngəldir. Ancaq biz öz səylərimizi davam etdirəcəyik. Biz daha da güclü olmalıyıq. Həm diplomatiyada, siyasətdə, iqtisadi, regional təşəbbüslərdə biz Ermənistanı bundan sonra da təcrid vəziyyətində saxlamalıyıq və saxlayacağıq. Ermənistanda depopulyasiya sürətlə baş alıb gedir. Hər il 80-90 min əhali azalır və belə getsə 5-10 ildən sonra bir milyondan az əhali olacaqdır və demoqrafiya özü bir çox məsələləri həll edəcəkdir.

Bizdə isə demoqrafik vəziyyət çox müsbətdir. Əhali artır. Özü də əhalimizin əksəriyyəti gənclərdir, çox fəaldırlar. Beləliklə, münaqişənin həlli qaçılmazdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Dağlıq Qarabağda, Şuşada, Xankəndidə, işğal edilmiş digər torpaqlarda Azərbaycan bayrağı qaldırılacaqdır.

Əvvəlki çıxışlarımda qeyd etdiyim kimi, azərbaycanlılar nəinki işğal edilmiş torpaqlarda, bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bu, bizim suveren hüququmuzdur. Soydaşlarımız nəinki Dağlıq Qarabağdan, tarixi torpağımız olan İrəvandan, Zəngəzurdan, Göyçədən də zorla çıxarılıbdır, deportasiya edilibdir, 1940-1950-ci illərdə, ondan sonra 1980-ci illərdə. Bu, böyük ədalətsizlikdir. Biz o torpaqlara da qayıdacağıq, mütləq qayıdacağıq. Gənc nəsil o arzularla, o fikirlərlə yaşamalıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Ümumiyyətlə, xalqımıza məxsus olan bütün tarixi torpaqlarımızda azərbaycanlılar yaşayacaqlar, yaşamalıdırlar. Bunu etmək üçün biz indidən öz siyasətimizi aparırıq.

Ona görə regionda gedən proseslərdə güclənən Azərbaycan artıq beynəlxalq amilə çevrilibdir. Ümid edirəm ki, bu, Ermənistan rəhbərliyinə çox ciddi siqnal olacaqdır ki, münaqişənin tezliklə həlli, o cümlədən onların da xeyrinədir.
Xarici siyasətlə bağlı olan digər məsələlər uğurla həll edilir. İl ərzində mənim çoxsaylı təmaslarım, həmkarlarımla görüşlərim bir daha göstərir ki, Azərbaycanın dünyada dostlarının, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır. Keçən rübdə yüksək səviyyəli dövlət və hökumət nümayəndələrinin səfərləri bir daha Azərbaycanın xarici siyasətlə bağlı uğurlu addımlarının təzahürüdür. Keçən rübdə İtaliyanın Baş nazirinin Azərbaycana uğurlu səfəri olmuşdur. İtaliya Avropanın, dünyanın aparıcı ölkələrindən biridir. Bizi çox gözəl münasibətlər bağlayır. Tarixdə ilk dəfə İtaliyanın Baş naziri Azərbaycana səfər etmişdir. Səfərin nəticələri çox müsbət olmuşdur. Ondan bir neçə gün sonra Rusiyanın Prezidenti Azərbaycana səfər etmişdir. O səfər də çox uğurlu idi.

Bu səfərin də Rusiya-Azərbaycan strateji əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyəti var idi. Bütün məsələlərlə bağlı əldə edilmiş razılaşmalar gələcəkdə də Rusiya-Azərbaycan əlaqələrinin uğurla inkişaf etməsini təmin edəcəkdir.

Əminəm ki, həm siyasi, həm iqtisadi sahədə bundan sonra da gözəl nəticələr olacaqdır. Ondan bir neçə gün sonra Azərbaycanda Türkdilli Dövlətlərin Zirvə görüşü keçirilmişdir. Türkiyə, Qazaxıstan, Qırğızıstan prezidentləri Azərbaycana gəlmişlər. Yəni, bütün bu səfərlər təxminən bir həftə -10 gün ərzində baş vermişdir. Bu, əslində bir göstəricidir. Çünki həm Avropa ilə, həm qonşularımızla, həm türkdilli dövlətlərlə bizim çox sıx, qarşılıqlı hörmət və etimad əsasında qurulmuş münasibətlərimiz vardır. Bu münasibətlərin bundan sonra da inkişafı şübhə doğurmur.

Bir daha demək istəyirəm ki, Azərbaycanın bütün xarici tərəfdaşlarla münasibətləri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı maraqlar üzərində qurulub. Hesab edirəm ki, müstəqillik dövründə bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də nümunə ola bilər. Biz öz milli maraqlarımızı müdafiə edirik, necə lazımdır müdafiə edirik.

Eyni zamanda, biz bütün ölkələrlə əməkdaşlığa açığıq. Bizim xarici siyasətlə bağlı yanaşmamız əməkdaşlıq üzərində qurulubdur. Biz heç bir ölkənin daxili işinə qarışmırıq. Görəndə ki, kimsə bizim daxili işimizə qarışmaq istəyir əlbəttə ki, buna kəskin reaksiya verilir və biz buna da imkan vermirik. Son on ilin təcrübəsi göstərir ki, belə səylər əbəsdir. Əgər əvvəllər kimsə hesab edirdi ki, Azərbaycana təzyiq etmək, hansısa məsələlərin həllində təsir etmək olar, hesab edirəm ki, indi ölkələrin, xarici, beynəlxalq qurumların əksəriyyəti dərk edir ki, bizimlə diktat dili ilə danışmaq mümkün deyildir. Adekvat reaksiya olacaqdır və ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Heç kimdən asılı, heç kimin qarşısında gözükölgəli deyil, öz yolu ilə, müstəqillik, inkişaf yolu ilə gedir və bundan sonra da gedəcəkdir. Hər bir ölkə ilə münasibətləri biz bax bu əsaslar üzərində qururuq. Hesab edirəm ki, bu sahədə də qeyd etdiyim kimi, bizim təcrübəmiz bəzi ölkələr üçün çox maraqlı ola bilər.

Doqquz ayda biz digər sahələrdə də uğurlu siyasətimizi aparmışıq. Enerji siyasətində çox önəmli hadisələr baş vermişdir. Bu il Trans-Adriatik qaz kəməri layihəsinə start verilmişdir. Bu layihənin icrası tarixi məsələ olacaqdır. Bu, tarixi layihə olacaqdır. Keçən il Türkiyə ilə Azərbaycan arasında TANAP layihəsinin imzalanması artıq bax bu imkanları yaratdı və bütün qapılar açılmışdır. Bu gün Azərbaycanın təbii resurslarının Avropa və dünya bazarlarına çıxarılması üçün yeni imkanlar yaranır. Trans-Adriatik boru kəməri – TAP hesab edirəm ki, tarixi layihə olacaqdır və Azərbaycana imkan verəcəkdir ki, onilliklər bundan sonra da öz təbii resurslarını əmniyyətli yollarla dünya və Avropa bazarlarına çıxarsın.

Bu yaxınlarda “Şahdəniz-2” layihəsinin fəaliyyəti ilə bağlı qaz kontraktları da imzalanmışdır. Bizim tərəfdaşlarımız, ixrac istiqamətlərimiz artıq müəyyən edilib. Enerji siyasətində də biz öz yolumuzdan dönməmişik, öz siyasətimizi aparmışıq. Elə bir vəziyyət yaratmışıq ki, bu layihələr Azərbaycan xalqına bundan sonra ən azı 100 il xidmət edəcəkdir. Bax, bizim gələcəyə baxışlarımız bundan ibarətdir. Biz 30 il, 50 il, 100 il bundan qabağa baxmalıyıq, Azərbaycanın inkişafını proqnozlaşdırmalıyıq, bölgədə gedən prosesləri düzgün təhlil etməli və düzgün qərarlar qəbul etməliyik və edirik.

Enerji siyasətimizlə bağlı məsələlər nəinki ölkəmiz və regionumuz üçün, dünya üçün əhəmiyyətli məsələlərdir. Azərbaycanın mövqeyindən, Azərbaycanda, Bakıda qəbul edilmiş qərarlardan çox şey asılıdır. Bunu biz də bilirik, bu məsələlərlə bağlı bizimlə əməkdaşlıq edən qurumlar da bilir. Belə olan halda əlbəttə ki, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmamaq prinsipi daha da böyük üstünlük təşkil etməlidir.

Bu il sənayeləşmə ilə bağlı çox ciddi addımlar atılmışdır. Mən bu məsələlərlə bağlı əvvəllər də öz fikirlərimi bildirmişdim. Biz bütün işləri ardıcıllıqla görürdük ki, Azərbaycanda güclü qeyri-neft sənaye kompleksi yaradılsın. Bu il çox əlamətdar bir neçə layihə artıq reallaşmışdır. Beləliklə, Azərbaycanın uğurlu sənaye inkişafı da əminəm ki, bundan sonrakı illərdə özünü göstərəcəkdir. Yeni iş yerlərinin açılması və qeyri-neft ixracının artırılması məsələləri də öz həllini tapacaqdır. Bu yaxınlarda Taxtakörpü su anbarı və Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan su kanalları istifadəyə verilmişdir. Bu, böyük tarixi nailiyyətdir. Biz dağlar arasında süni göl yaratmışıq və müqayisə üçün demək istəyirəm o göl Ceyranbatan gölündən təxminən iki dəfə böyükdür. Suvarma, meliorasiya, kənd təsərrüfatının inkişafı, vətəndaşlarımızın içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşacaqdır. Eyni zamanda, Bakıda gəmiqayırma zavodu istifadəyə verilmişdir. Bu da tarixi nailiyyətdir, çünki bizdə gəmi təmiri zavodları olub, gəmiqayırma zavodu heç vaxt olmayıb. Bu zavod ən müasir texnologiyalar əsasında qurulubdur. Bütün növ gəmiləri istehsal edəcək və beləliklə, xaricdən gəmilərin alınmasına ehtiyac azalacaqdır. Tamamilə aradan götürüləcək demirəm, çünki bizim ehtiyacımız zavodun istehsal gücündən daha da artıqdır. Ancaq əksər məsələlər Azərbaycanda həll olunacaqdır. Bir neçə gün bundan əvvəl Sumqayıtda Kimya Sənaye Parkının təməlini qoyduq. Bu da tarixi hadisədir. Ekoloji cəhətdən təmiz, yəni, bütün çirklənmədən təmizlənmiş təxminən 200 hektar ərazidə yeni sənaye şəhərciyi yaradılacaqdır. Minlərlə, on minlərlə iş yeri açılacaqdır. Yeni müəssisələr, təqribən qırxa yaxın böyük müəssisə yaradılacaqdır. On milyardlarla ölçülən investisiya qoyulacaqdır. Orada istehsal olunacaq məhsul da milyardlarla ölçüləcəkdir. Qeyri-neft sənayemizin və ölkə iqtisadiyyatının inkişafı üçün bunun çox böyük əhəmiyyəti vardır.

Sadəcə olaraq mən bir neçə layihəni qeyd etdim. Bu layihələr kifayət qədər çoxdur. Ancaq bu layihələrin icrası onu göstərir ki, biz istədiyimizə nail ola bilmişik. Son on il ərzində sənayeləşmə ilə bağlı siyasət bax, bu nəticələrə gətirib çıxarmışdır. Əminəm ki, ilin sonuna qədər və ondan sonrakı illərdə bütün bu müsbət meyllər güclənəcək, Azərbaycanın uğurlu inkişafı davam edəcəkdir.

X X X

Sonra iqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış etdi. Bildirdi ki, əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul 9 ayda 5,4 faiz artıb və aparılmış uğurlu şaxələndirmə siyasəti nəticəsində bu artım bütövlükdə qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib. Ötən dövrdə xarici ticarət dövriyyəsi 5,7 faiz artıb.

Bu ilin 9 ayında dövlət büdcəsinin gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artdığını deyən Şahin Mustafayev qeyri-neft sektorundan vergi daxilolmalarının 11,3 faiz artdığını bildirdi. Qeyd etdi ki, Regional İnkişaf Proqramı çərçivəsində bu ilin ötən dövründə infrastrukturun inkişafı, o cümlədən yolların inşası və yenidən qurulması, əhalinin enerji, qaz, istilik, su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, rayonların abadlaşdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. Bölgələrin inkişafında xüsusi əhəmiyyəti olan kənd yollarının təmiri, bərpası və yenidən qurulması ilə bağlı ötən il başlanılmış 19 layihənin 11-nin icrası bu il başa çatdırılıb.

Hesabat dövründə 162 yaşayış məntəqəsi qazla təmin edilib, 4 elektrik stansiyası istismara verilib. Əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə müvafiq işlərə başlanıb, 16 şəhər və rayon mərkəzinə içməli su verilib. “Taxtakörpü su anbarı və Taxtakörpü-Ceyranbatan su kanalı aqrar sektorun inkişafını sürətləndirməklə yanaşı, əhalinin içməli su və enerji ilə təchizatını daha da yaxşılaşdıracaq”, – deyən iqtisadi inkişaf naziri hesabat dövründə regionlarda 260 sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsinin fəaliyyətə başladığını, regionlarda sahibkarlıq subyektlərinin sayının və vergi daxilolmalarının artdığını diqqətə çatdırdı.

Qeyd etdi ki, bu dövrdə 198 məktəb, 35 uşaq bağçası, 19 tibb müəssisəsi, 27 mədəniyyət və 19 gənclər və idman obyekti tikilib və təmir olunub. Hesabat dövründə sement, transformator, elektrik avadanlıqları, boru, kərpic, şüşə qablar, metalkonstruksiya zavodları, seramik plitələr və tekstil parkları, kağız emalı və karton istehsalı, parça boyama fabrikləri istifadəyə verilib. Bu müəssisələrin fəaliyyəti idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə, ixrac potensialının artırılmasına imkan verəcəkdir.

Ötən aylarda Bakı şəhəri və qəsəbələrində müvafiq proqram çərçivəsində nəqliyyat, qaz, enerji, su-kanalizasiya və digər sahələrdə layihələr həyata keçirilib, sosial infrastrukturun inkişafı istiqamətində tədbirlər görülüb. Şahin Mustafayev onu da bildirdi ki, bu ilin 9 ayında qeyri-neft sənayesinin inkişafı davam edib, gəmiqayırma zavodunun və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ölkənin sənaye potensialının daha da artırılmasına böyük töhfə verməklə, müasir texnologiyaların cəlb olunmasına, idxaldan asılılığın azalmasına, qeyri-neft sənayesi sahələrinin inkişafına ciddi təkan verəcəkdir.

Bu dövrdə əhalinin ərzaqla etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilib, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilib. Dövlət dəstəyi ilə intensiv metodlar və müasir texnologiyalar əsasında istifadəyə verilmiş və tikintisi davam etdirilən müəssisələr hesabına yaxın gələcəkdə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və saxlanması imkanları daha da artacaq və bu tədbirlər nəticəsində özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcəkdir. İri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı da son 9 ayda mühüm işlər görülüb. Yaradılmış pilot taxılçılıq təsərrüfatında rekord həcmdə yüksək keyfiyyətli ərzaq buğdası istehsal olunub. Əlavə olaraq 5 iri taxılçılıq təsərrüfatının yaradılması üzrə təbdirlər görülür.

İqtisadi inkişaf naziri Şahin Mustafayev onu da vurğuladı ki, ölkəmizdə sahibkarlığın inkişafı diqqətdə saxlanılaraq iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. Belə ki, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə qanunvericilik təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir. Hazırda dövlət orqanları tərəfindən 426 növ xidmət elektron qaydada göstərilir. “ASAN xidmət”in fəaliyyətinin genişlənməsi də sahibkarlığın inkişafına töhfə verir. Təsadüfi deyil ki, maliyyə dəstəyi çərçivəsində 9 ay ərzində 3527 sahibkara 245 milyon manatdan çox güzəştli kredit verilib və bu layihələr hesabına 10200-dək yeni iş yeri yaradılacaqdır. Kreditlərin 70 faizi regionların, 30 faizi Bakı qəsəbələrinin payına düşüb, 67 faizi aqrar sektora, 33 faizi isə sənaye məhsullarının istehsalı və emalına verilib. İlin sonuna geri qaytarılan kreditlər hesabına sahibkarlara əlavə 30 milyon manatadək kredit verilməsi və bununla da il ərzində verilən məbləğin 275 milyon manata çatdırılması planlaşdırılır. Bu dövrdə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz artaraq 25,4 milyard manat təşkil edib, orta aylıq əmək haqqı isə 7,4 faiz artaraq 417 manata çatıb. Bununla da ölkə iqtisadiyyatının inkişafı və əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülüb.

X X X

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim MÜSLÜMOV çıxışında bildirdi ki, 2013-cü ilin 9 ayında ölkədə müşahidə olunan makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik artımı Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində bir çox keyfiyyət dəyişikliklərinə səbəb olub. Bu ilin 9 ayında ölkədəki iqtisadi inkişafa uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun gəlirləri sürətlə artıb və 1 milyard 978 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 8 faiz və ya 144 milyon manat çoxdur. Sosial sığorta gəlirləri əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 12 faiz artaraq 1 milyard 120 milyon manata çatıb. İşləyənlərin və onların maaşlarının qeydiyyatı ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun müvafiq təşkilatlarla birgə işi nəticəsində 600 min nəfər əlavə qeydiyyata alınıb və sığorta olunan şəxslərin sayı 2 milyon 630 min nəfəri ötüb.

Səlim Müslümov bildirdi ki, cari ilin 9 ayında Fondun xərcləri 1 milyard 890 milyon manat olub ki, bunun da 98 faizi pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. Pensiyaların vaxtında maliyyələşdirilməsini təmin etmək məqsədilə Dövlət Sosial Müdafiə Fondu Maliyyə Nazirliyi ilə birlikdə aylıq ödəniş qrafikini təsdiq edib və bu qrafikə uyğun olaraq pensiyaların maliyyələşdirilməsi tam başa çatdırılıb. Bundan əlavə, yeni sığorta-pensiya sistemində pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib. Əmək pensiyalarının baza hissəsinin artırılması, o cümlədən sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı imzalanan müvafiq sərəncamlara əsasən qulluq stajına görə pensiyasına əlavə alan şəxslər istisna olmaqla, qalan 1 milyon 209 min nəfərin pensiyasının baza hissəsi sentyabrın 1-dən 17,6 faiz artırılaraq 100 manata çatdırılıb. Güzəştli kateqoriyaya aid 146 min nəfərin pensiyasının baza hissəsinə daha çox, yəni 16,5 manatdan 37,5 manata qədər artım tətbiq edilib. Beləliklə, sentyabrın 1-dən Azərbaycanda pensiyaların baza hissəsi müqayisəli ifadədə 128 dollar təşkil edib ki, bu da MDB məkanında 3-cü göstəricidir. Bu artımlardan sonra Fondun əhaliyə aylıq ödənişlərinin həcmi 221 milyon manata çatıb.

Dövlət Sosial Müdafiə Fondunun sədri vurğuladı ki, hazırda fondun uçot sistemində ölkənin əmək qabiliyyətli əhalisinin 44 faizinin, məşğul əhalisinin isə 60 faizinin fərdi şəxsi hesabı vardır. O da qeyd olundu ki, bu ilin iyul ayında Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatına başlanıb. Pensiya yaşına çatmış vətəndaş heç bir orqana getmədən və heç bir sənəd təqdim etmədən Fondun “Mərkəzi Çağrı Sistemi”nə zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini söyləməklə ona avtomatik olaraq pensiya təyin edilir və vətəndaşa təyin olunan pensiyanın məbləği və plastik pensiya kartını ala biləcəyi tarix və müvəkkil bankın ünvanı bildirilir. Eyni zamanda, vətəndaşa müvafiq məlumatlar çap olunaraq üzərində onun şəkli də olan rəsmi bildiriş göndərilir. Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına səbəb olub. İki aydan bir qədər az vaxt ərzində 500 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb ki, bunlardan 170-i Bakıda, 330 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlardır.

Səlim Müslümov onu da dedi ki, pensiya təyinatının avtomatlaşdırılması davamlı pensiya islahatı tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya təyinatı alqoritminin sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotunun təşkili, sistemdə Avropa standartlarına uyğun müasir infrastrukturun qurulması, fondun serverlərində nadir məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir.

Hesabat dövründə Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər görülüb, şöbələr üçün yeni inzibati binalar tikilib, hər bir şöbədə lokal şəbəkələrin yaradılması işi davam etdirilib, bu şəbəkələr fiber-optik kanallarla mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılıb. Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı artırılıb və “elektron hökumət” portalının statistikasına əsasən Fondun göstərdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlər sırasına daxil olub. Bu ilin 8 ayında 84 min nəfərdən çox şəxs “elektron hökumət portalı” vasitəsilə bu xidmətlərdən istifadə edib. Bununla da 2013-cü ilin 9 ayında Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi tədbirlər sayəsində ölkədə aparılan pensiya islahatlarında mühüm nailiyyətlər əldə edilib.

X X X

Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman RÜSTƏMOV çıxış etdi. O, Azərbaycan iqtisadiyyatının 2013-cü ilin ötən dövründə də dinamika, stabillik və dayanıqlıq nümayiş etdirdiyini bildirdi. Qeyd etdi ki, Mərkəzi Bankın fəaliyyət sferası üzrə 2013-cü ilin 9 ayında mühüm uğurlar əldə edilib. Mərkəzi Bank 2013-cü ildə öz siyasətini birrəqəmli inflyasiya, məzənnənin sabitliyi, maliyyə sabitliyi və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi kimi hədəflərə yönəldib və hesabat dövründə qarşıda qoyulan məqsədlərə nail olunub. 2013-cü ilin 9 ayında pul siyasəti iqtisadiyyatın artım dinamikası və inflyasiya gözləntiləri nəzərə alınmaqla həyata keçirilib, nəticədə makroiqtisadi sabitlik qorunub, qiymət sabitliyi təmin edilib, manatın məzənnəsi sabit qalıb.

Hesabat dövründə aparılan təhlillər göstərib ki, manat bu gün regionun ən sabit və etibarlı valyutasıdır. Sərhədyanı ticarətdə fəal istifadə edilən milli valyutamız olan manata artıq bir sıra aparıcı mərkəzi banklar ehtiyat valyutası kimi öz maraqlarını göstərirlər.

Elman Rüstəmov onu da dedi ki, hesabat dövründə ölkədə qiymət sabitliyi təmin edilib, 9 ayda orta illik inflyasiya cəmi 2,3 faiz təşkil edib. Əhali gəlirlərinin artım tempi inflyasiya tempini üstələyib, nəticədə real gəlirlər 5 faizdən çox yüksəlib. İlin əvvəlindən bəri ölkənin əsas xarici ticarət tərəfdaşı olan ölkələrdə orta çəkili inflyasiya Azərbaycandakı inflyasiyadan 2,8 faiz bəndi yüksək olub. Qiymət sabitliyinin ilin sonunadək qorunacağı gözlənilir. Bununla yanaşı, manatın sabitliyinin qorunması istiqamətində də tədbirlər görülüb. Məzənnənin kəskin möhkəmlənməsinin qarşısını almaq üçün Mərkəzi Bank tərəfindən 9 ayda 1,7 milyard dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib. Yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 13 faiz artıb və 13,3 milyard dollara çatıb. Bu dövrdə ölkədə bank sisteminin inkişafı və maliyyə dayanıqlığı istiqamətində də tədbirlər həyata keçirilib. 2013-cü ilin 9 ayında Mərkəzi Bank bank sisteminə etimadın qorunması, sektorun maliyyə dayanıqlığının artırılması istiqamətində tədbirləri davam etdirib, risk əsaslı yeni nəzarət çərçivəsinin formalaşdırılması üzrə səylər gücləndirilib. Hesabat dövründə bank aktivlərinin keyfiyyətinin, likvidlik və gəlirlilik göstəricilərinin yaxşılaşması müşahidə olunub, bank sektoru üzrə kapital adekvatlığı yüksək səviyyədə qalıb.

Mərkəzi Bankın İdarə Heyətinin sədri onu da vurğuladı ki, hesabat dövründə maliyyə vasitəçiliyi daha da genişlənib. İlkin statistikaya görə bank aktivləri 14 faiz, kredit qoyuluşları isə 17 faizdən çox artıb. Kreditlər ev təsərrüfatlarına 30 faiz, kənd təsərrüfatı və emala 30 faiz, nəqliyyat və rabitəyə 12 faiz artıb. Əhalinin əmanətləri ilin əvvəlinə nəzərən təxminən 20 faiz artaraq 6,1 milyard manata çatıb və sektorun kapital mövqeyi qənaətbəxşdir. 2013-cü ilin 9 ayında məcmu kapital 19 faizdən çox artıb, kapital adekvatlığı göstəricisi 12 faizlik normaya qarşı 17 faiz təşkil edir. Bank sistemi üzrə maliyyə nəticələri yaxşılaşıb.

Qeyd olundu ki, bank sistemi üzrə xalis mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artıb. İlin əvvəlindən kreditlər və depozitlər üzrə orta faiz dərəcələrində azalma prosesi davam edib.

Çıxışında ipoteka kreditlərinin verilməsindən danışan Elman Rüstəmov bildirdi ki, cari ilin 9 ayında Azərbaycan İpoteka Fondu vasitəsilə kredit təşkilatları tərəfindən 2000-dən çox şəxsə ümumilikdə 80 milyon manat məbləğində ipoteka krediti ayrılıb. Fondun kredit portfeli 500 milyon manata, ipoteka krediti alanların sayı isə 13 min nəfərə çatıb. Dövr ərzində güzəştli ipotekaya çıxış imkanları genişləndirilib, “Elektron ipoteka” sistemi yaradılıb. Maliyyə sektorunun regional əhatə dairəsinin genişlənməsi davam edib, 33 yeni bank filialı və 5 yeni bank şöbəsi açılıb.

Elman Rüstəmov ödəniş infrastrukturunun inkişafından danışarkən dedi ki, hesabat dövründə ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olub. 2013-cü ilin 9 ayında Milli Ödəniş Sistemi vasitəsilə ödənişlərin həcmi 90 milyard manata çataraq ümumi daxili məhsulu 2,3 dəfə üstələyib. Kart infrastrukturunun inkişafı davam etdirilib, ödəniş kartlarının sayı 5,3 milyon ədədə, bankomatların sayı 2,4 minə, POS-terminalların sayı isə 36 minə çatdırılıb.

Elman Rüstəmov onu da bildirdi ki, Mərkəzi Bankın beynəlxalq əlaqələri genişlənib, beynəlxalq təcrübə mübadiləsinin aparılması ilə bağlı əməkdaşlıq artırılıb. Bununla da bank və maliyyə sektorunda uzunmüddətli inkişafın təmin olunması istiqamətində təsirli tədbirlər görülüb və bu sahədə işlər qarşıdakı dövrdə də davam etdiriləcək.

X X X

Prezident İlham Əliyev iclasda yekun nitqi söylədi.

Prezident İlham Əliyevin yekun nitqi

– Bu gün bu toplantıda səslənən rəqəmlər bir daha onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı çox uğurludur. Ölkəmizdə öz həllini tapan sosial məsələlər insanların rifah halının yaxşılaşmasına da xidmət göstərir. İqtisadi islahatların aparılması əlbəttə ki, sosial vəziyyətin yaxşılaşmasına da xidmət edir. Bu belə də olmalıdır. Azərbaycanda iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması bizi fərqləndirən cəhətdir.

Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün güclü iqtisadi əsaslar olmalıdır və bu əsasları yaradırıq. Ölkə iqtisadiyyatını inkişaf etdiririk. Bütün təşəbbüslər – investisiyalarla bağlı olan təşəbbüslər, yeni sənaye komplekslərinin yaradılması ilə əlaqədar proqramlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın.

Mən çox şadam ki, son illər ərzində bu istiqamətdə çox böyük işlər görülmüşdür. Elə etməliyik ki, bu müsbət dinamikanı bundan sonra da qoruya bilək. Mən hesab edirəm ki, biz buna nail olacağıq. Bu günə qədər görülmüş bütün işlər deməyə əsas verir ki, biz gələcəkdə də inkişafımıza uğurla davam edəcəyik.

Bu ilin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərə gəldikdə, ilin sonuna cəmi üç aydan az vaxt qalır. Əminəm ki, bütün proqramlar artıqlaması ilə icra ediləcəkdir. 2013-cü ili də biz uğurla başa vuracağıq. İlin sonuna qədər Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. Əminəm ki, burada heç bir problem olmayacaqdır. Çünki investisiya portfelimiz kifayət qədər böyükdür. Giriş sözümdə dediyim kimi, doqquz ayda 17,7 milyard dollar investisiya qoyulmuşdur. Bu proses davam etdirilir. Elə etməliyik ki, Dövlət İnvestisiya Proqramının icrasında heç bir yubanma olmasın.

Bu il maaşlar və pensiyalar, sosial ödəmələr artırılmışdır. Sovet dövründən qalan əmanətlər tam şəkildə qaytarılmışdır. Ancaq buna baxmayaraq, inflyasiya 2,3 faiz səviyyəsindədir. Bu, Azərbaycanda uğurla aparılan makroiqtisadi siyasətin təzahürüdür. Çalışmalıyıq ki, ilin sonuna qədər inflyasiyanı bu səviyyədə saxlayaq. Dünya miqyasında inflyasiyanın səviyyəsinə görə Azərbaycan qabaqcıl ölkələrin sırasındadır. Bu sahədə düşünülmüş siyasətin uğuru ona görə önəmlidir ki, Azərbaycanda çox böyük sosial və infrastruktur layihələri icra edilir.

İndi bəzi ölkələri bürümüş böhran iş yerlərinin ixtisarına gətirib çıxarır. İnfrastruktur layihələri demək olar ki, dayanmışdır. İnvestisiyalar böyük dərəcədə azalmışdır. Belə olan halda inflyasiyanı məqbul səviyyədə saxlamaq əlbəttə ki, daha da asandır. Amma Azərbaycanda sosial proqramlar həll edilir. Sosial infrastruktur layihələri icra edilir. Maaşlar, pensiyalar, sosial ödəmələr artırılır. Böyük həcmli infrastruktura investisiya qoyulur. İnflyasiyanı biz cəmi 2,3 faiz səviyyəsində saxlayırıq. Bu, doğrudan da böyük nailiyyətdir.

Növbəti illərdə də makro-iqtisadi sabitlik daim diqqət mərkəzində olmalıdır. Biz süni qiymət artımına yol verməməliyik. Hesab edirəm ki, Azərbaycanda artıq qiymətlərə və istehlak bazarına nəzarət daha da yaxşı səviyyədə təmin edilir. Bu daimi proses olmalıdır. Burada nəzarət, əlbəttə ki, iqtisadi amillər, sahibkarlığın inkişafı və sahibkarların məsuliyyəti məsələləri çox böyük məna daşıyır. Makroiqtisadi sabitliyin qorunması gələcəkdə də imkan verəcəkdir ki, biz iqtisadi inkişafımıza uğurla davam edək.

Bu il ikinci regional inkişaf proqramı başa çatır. Bu proqramların qəbul edilməsi bölgələrdə mövcud vəziyyətin yaxşılaşdırılmasında müstəsna rol oynamışdır. İş yerlərinin açılması, yeni sənaye müəssisələrinin yaradılması, bölgələrdə infrastruktur layihələrinin icrası, o cümlədən sosial infrastrukturun yaradılması bir neçə ciddi məsələnin həllinə gətirib çıxarmışdır. Bölgələrdə iş yerləri açıldı. Bölgələr canlandı. Bölgələrdən böyük şəhərlərə, xüsusilə Bakıya miqrasiya meylləri bir qədər azaldı. Əlbəttə ki, ölkəmizin hərtərəfli inkişafı təmin edildi. Çünki Azərbaycan əhalisinin əksəriyyəti bölgələrdə yaşayır. Bölgələrdə normal şəraitin yaradılması bizim üçün daim prioritet məsələ olaraq qalır. İki dövlət proqramının icrası da hesab edirəm ki, bu sahədə atılmış ən ciddi addım olmuşdur.

Gələn il üçüncü dövlət proqramı qəbul edilməlidir. Bu proqram da dəqiq, konkret olmalıdır. Orada kəndbəkənd bütün məsələlər öz əksini tapmalıdır. Biz artıq yaxşı bilirik ki, hansı bölgədə, hansı rayonda, hansı kənddə hansı problem vardır. Nəzərə alsaq ki, bizim maliyyə, iqtisadi gücümüz artacaqdır, o problemlərin həlli də mümkün olacaqdır. Siyasi iradə həmişə olduğu kimi, yerindədir. Biz növbəti beş il ərzində bölgələrdə mövcud olan bütün sosial və iqtisadi məsələləri həll etməliyik. Əminəm ki, biz buna nail olacağıq.

İnfrastruktur layihələri, su layihələri indi uğurla icra edilir. Bir çox rayonlarda, şəhərlərdə içməli su, kanalizasiya layihələri artıq başa çatmışdır. Digər rayonlarda da bu layihələr icra edilir. Qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilişi, suvarma məsələlərinin həlli demək olar ki, bölgələri canlandırdı. Bölgələrdə bu gün vəziyyət çox müsbətdir.

Eyni zamanda, bildiyiniz kimi, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramı da icra edilir. Proqram qısamüddətlidir, iki ili əhatə edir. Bu ilin sonunda başa çatır. Deyə bilərəm ki, iki il ərzində Bakı qəsəbələrində çox böyük işlər görülmüşdür. Görüləsi işlər hələ çoxdur. Biz gələn il bu proqramı yəqin ki, davam etdirəcəyik. Çünki məktəb tikintisi, içməli su xətlərinin çəkilişi hələ davam etməlidir.

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi olmalıdır. Bu sahədə deyə bilərəm ki, yaxşı nəticələrimiz vardır.

Bu yaxınlarda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni binasının açılışı zamanı dediyim fikirləri bir daha qeyd etmək istəyirəm. Korrupsiya Azərbaycanda olmamalıdır. Bu sosial bəlanı biz aradan götürməliyik. Korrupsiya sosial-ədalət prinsiplərini pozur, cəmiyyətin uğurlu inkişafını əngəlləyir. Cəmiyyətin səyləri, dövlət siyasəti sayəsində biz korrupsiyaya qarşı daha da ciddi mübarizə aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə Azərbaycan bu göstəriciyə görə də dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır.

Korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün əsas şərt siyasi iradənin mövcudluğudur və siyasi iradə vardır. Bizim qəbul etdiyimiz qərarlar, qanunvericilikdə əldə edilmiş irəliləyiş, yeni qanunların qəbul edilməsi və elektron xidmətlərin inkişafı, sistem xarakterli tədbirlər artıq hesab edirəm ki, bu sahədə ciddi dönüşün yaranmasına gətirib çıxarmışdır.

Korrupsiya indeksini təhlil edən beynəlxalq qurumlar da Azərbaycanda keçirilən sorğularda cəmiyyətdə bu məsələyə bağlı münasibəti öyrənərək yəqin etmişlər ki, korrupsiyaya qarşı mübarizə məsələlərində dövlətin siyasəti cəmiyyətdə dəstəklənir, təqdirlə qarşılanır. Bu, əminəm ki, gələcəkdə də belə olacaqdır. Çünki bizim siyasi iradəmiz çox güclüdür. Cəmiyyətdə də korrupsiyaya qarşı mübarizədə çox güclü meyllər vardır. Elə etməliyik ki, Azərbaycan qeyd etdiyim kimi, bu sahədə də qabaqcıl ölkələrin sırasında olsun.

Son illərdə Azərbaycanda və ümumiyyətlə, dünyada elektron xidmətlərin inkişafı bizə böyük dəstəkdir və biz Azərbaycanda ən mütərəqqi təcrübəni tətbiq edirik. İnkişaf etmiş ölkələrdə olan təcrübə təqdirəlayiqdir. Biz o təcrübəni Azərbaycanda tətbiq etməliyik. Eyni zamanda, biz bu sahədə öz təşəbbüslərimizi də irəli sürürük. “ASAN xidmət”in yaranması və qısa müddət ərzində cəmiyyətdə böyük rəğbət qazanması bizim siyasi iradəmizin təzahürüdür, eyni zamanda, Azərbaycanın bu sahədə innovasiyalara nə qədər hazır olduğunu göstərir. Cəmi doqquz ay ərzində beş yüz mindən artıq vətəndaş “ASAN xidmət”ə müraciət etmişdir. Növbəti illərdə hər bir bölgədə “ASAN xidmət” yaradılacaqdır. Hələ ki, biz səyyar xidmətlər göstəririk.

Ancaq gələn ilin investisiya xərcləri arasında hər bir bölgədə ən azı bir “ASAN xidmət” mərkəzi yaradılmalıdır ki, biz insanlara bölgələrdə də mütəmadi qaydada xidmət göstərək.

Cəza tədbirləri, əlbəttə ki, hər bir ölkədə olduğu kimi, öz rolunu oynayır və oynamalıdır. Ancaq hesab edirəm ki, bax, bu amillərin birləşməsi korrupsiyaya qarşı mübarizədə bizə kömək göstərəcəkdir. Çünki bu gün Azərbaycanın uğurlu inkişafı, Azərbaycanın dünyada dinamik, inkişafda olan, müasir ölkə kimi tanınması reallıqdır. Bu gün biz bir çox məsələlərdə nümunəyik. Korrupsiyaya qarşı mübarizədə də biz nümunə olmalıyıq, olacağıq.

Biz növbəti aylarda, ilin sonuna qədər elektroenergetika ilə bağlı əlavə tədbirləri görəcəyik. Çünki bu gün bizdə kifayət qədər enerji güclərimiz vardır. Ancaq bəzi rayonlarda, – mən rayonlarda olarkən bu məsələlərlə maraqlanıram, – ötürücü xətlər nasaz vəziyyətdədir. Bəzi hallarda onlar heç zəif küləyə də davam gətirmir. Külək əsən kimi o xətlər yerə düşür, elektrik kəsilir. Ona görə, müvafiq göstərişlər verilmişdir. Bu ilin sonuna qədər, xüsusilə də gələn il ən pis vəziyyətdə olan xətt təsərrüfatları yenilənməlidir. İndi işlər gedir. Bizdə kifayət qədər enerji gücü vardır. Ancaq enerji təsərrüfatı da yüksək səviyyədə olmalıdır. Əminəm ki, bu məsələ də öz həllini tezliklə tapacaqdır. Qeyd etməliyəm ki, son on il ərzində Azərbaycanda 14 elektrik stansiyası tikilmişdir. Burada biz həm ənənəvi enerji növlərindən istifadə edirik və eyni zamanda, Azərbaycanda alternativ enerji növləri də yaradılır.

Qazlaşdırma Azərbaycanda, təqribən 90 faizə yaxınlaşır. Son illərdə bütün şəhərlər qazlaşdırılıbdır. Bu da hesab edirəm ki, tarixi nailiyyətdir. Çünki heç sovet dövründə bizdə bütün rayonlar, şəhərlər qazlaşdırılmamışdı. Elə rayonlar var idi ki, orada heç vaxt qaz olmamışdır. İndi elə şəhər yoxdur ki, orada qaz olmasın. Kəndlərin əksəriyyətində qazlaşdırma işləri təşkil edilibdir. Ancaq hələ ki, qaz almayan kəndlər də vardır. Mən daim bu məsələlərə nəzarət edirəm. Əminəm ki, bir il, maksimum iki il ərzində əksər kəndlərimizə təbii qazın verilməsi təmin ediləcəkdir.

Neft hasilatı sabitləşib. Bu, müsbət haldır. Biz neft hasilatını bu səviyyədə saxlamalıyıq ki, uzun illər bundan sonra bu hasilat bu səviyyədə olsun. Qaz hasilatı isə Azərbaycanda artır və artacaqdır. Çünki həm daxili resurslar hesabına yeni quyular qazılır, eyni zamanda, xarici tərəfdaşlar böyük investisiyalar qoyur. Qeyd etdiyim kimi, Azərbaycan qazı artıq Avropada öz rolunu oynayacaqdır. Avropanın enerji təhlükəsizliyi məsələləri, o cümlədən Azərbaycan qazı hesabına təmin ediləcəkdir. TANAP və TAP layihələrinin icrası nəticəsində Azərbaycan dünyada böyük qaz ölkəsi kimi özünü göstərəcəkdir.

Sənayeləşdirmə ilə bağlı məsələlər öz həllini tapır. Mən giriş sözümdə qeyd etdim ki, Kimya Sənaye Parkının təməli qoyuldu. Bu tarixi hadisədir. Ancaq indi elə etməliyik ki, biz bu parkı qısa müddət ərzində tam şəkildə işə sala bilək. Kimya Sənaye Parkının rezidentləri bu şirkətlər olmalıdırlar ki, onların fəaliyyəti ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır. Onların fəaliyyəti nəticəsində idxaldan asılılıq azalacaqdır və qoyacaqları investisiyalar böyük həcmlərlə ölçüləcəkdir. Beləliklə, biz qısa müddət ərzində bax, indi bu birinci mərhələ üçün ayrılan sahəni təmin edəcək və orada onlarla yeni müəssisə yaranacaqdır. Bu sənaye parkının və ondan əvvəl yaradılmış Sumqayıt texnoparkının fəaliyyəti nəticəsində biz çox böyük sənaye potensialına malik olacağıq. Hər sahədə olduğu kimi, biz bu sahədə də idxaldan asılılığımızı azaltmalıyıq və məhsullarımızla yeni bazarlara çıxmalıyıq. Əlbəttə ki, orada istehsal olunacaq məhsul istənilən ölkəyə ixrac edilə bilər.

Biz ilin sonuna qədər və ondan sonrakı dövrdə xarici investisiyalarımızı da artırmalıyıq. Bu gün Azərbaycan dünyada investor ölkə kimi tanınır və biz xarici maliyyə qurumlarına donor kimi vəsait ayırırıq. Eyni zamanda, böyük həcmdə investisiyaların qoyuluşu təmin edilir. İnvestisiya portfelimiz də, investisiyaların coğrafiyası da genişlənir. Azərbaycan investisiyaları bu gün Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Fransa, Böyük Britaniya, Rumıniya, Yunanıstan və digər ölkələrə böyük həcmlərlə qoyulur. Onların içində əlbəttə ki, ən böyük investisiya Türkiyəyə qoyulacaqdır. On yeddi milyard dollar Azərbaycan sərmayəsi Türkiyənin iqtisadiyyatına qoyulacaqdır və bu göstəriciyə görə Azərbaycan ən böyük investor olacaqdır. İnvestisiya portfelimiz elə bölünməlidir ki, biz özümüzü risklərdən maksimum dərəcədə qoruyaq. Eyni zamanda, investisiya qoyacağımız ölkələrlə də bizim ikitərəfli münasibətlər daha da yüksək pilləyə qalxmalıdır. Çünki bu gün dünyada iqtisadi və maliyyə böhranı davam edir, baxmayaraq ki, 5 il keçibdir. Hələ bilinmir bu böhran nə vaxt başa çatacaqdır.

Dünyada xarici investisiyalara çox böyük tələbat vardır. Bu sahədə Azərbaycan çox dəqiq, düşünülmüş və müdrik siyasət aparır. Əlbəttə, ilk növbədə biz investisiyaları ölkə daxilində qoyuruq, qoyacağıq və növbəti ilin dövlət investisiya proqramı kifayət qədər geniş olacaqdır. Biz, bizə lazım olan sahələri inkişaf etdirmək üçün xarici investisiyalara da açığıq və bu investisiyalar da qoyulur. Özümüz xarici ölkələrə investisiya qoyuruq. Yəni, bu proseslər bir-birini əvəzləmir, ziddiyyət təşkil etmir. Bu, iqtisadi siyasətin təzahürüdür. Azərbaycanda iqtisadi sahədə çox dəqiq, düşünülmüş siyasət aparılır.

Nəqliyyat sektorunda ilin sonuna qədər işlər davam etdiriləcəkdir. Bizim hazırda icra edilən iki böyük nəqliyyat layihəsi vardır. Bakı-Tbilisi-Qars dəmir yolu ki, tikintisi gedir. Ümid edirəm ki, yaxın zamanlarda başa çatacaqdır. Müəyyən səbəblərə görə bir qədər yubanmışdır. Ancaq indi artıq bütün işlər yolundadır, yaxın zamanlarda icra edilməlidir. İkinci böyük layihə Ələt Dəniz Ticarəti Limanıdır. Bu limanın da 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur. Bu da Xəzər dənizində ən böyük ticarət limanı olacaqdır. Beləliklə, Azərbaycan bu bölgənin nəqliyyat mərkəzi kimi öz imkanlarını genişləndirəcəkdir. Artıq Azərbaycan bölgənin, regionun logistika və nəqliyyat mərkəzidir. Son 10 il ərzində Azərbaycanda 7 aeroport tikilmiş və yenidən qurulmuşdur. Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin, yeni infrastrukturun, zolaqların tikintisi davam edir. Bu aeroport dünya miqyasında ən rahat və ən gözəl aeroportlardan biri olacaqdır. Dəmir yolları təmir olunur, avtomobil yolları tikilir. Son 10 il ərzində 10 min kilometrə yaxın avtomobil yolları tikilmişdir.

Ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər də daim diqqət mərkəzindədir. Burada artıq deyildi, kənd təsərrüfatı inkişaf edir, iri fermer təsərrüfatları yaradılır və orada məhsuldarlıq orta səviyyədən 2 dəfə çoxdur. Biz iri fermer təsərrüfatlarının inkişafı ilə növbəti illərdə də məşğul olacağıq. Bu il Taxtakörpü Su Anbarının və gələn il isə Şəmkirçay Su Anbarının istifadəyə verilməsi bizə əlavə 250 min hektar torpaqda suvarmanın yaxşılaşmasına və yenidən dövriyyəyə buraxılmasına imkan yaradacaqdır.

Əlbəttə, indidən yeni dövriyyəyə buraxılacaq suvarılan torpaqlarda hansı işlərin görülməsi ilə bağlı konkret təkliflər olmalıdır. Aydındır ki, fermerlər özləri müəyyən edirlər nəyi əkəcəklər. Ancaq biz dövlət subsidiyaları ilə, dövlət tərəfindən göstərilən güzəştlərlə, təşviq mexanizmləri ilə fermerləri lazım olan istiqamətlərə yönəldə bilərik ki, əsas məhsulları 100 faiz Azərbaycanda istehsal edək. Biz bu vəzifəyə, bu məqsədə yaxınlaşırıq. Bəzi pozisiyalar üzrə artıq yüz faiz, yaxud da ki, yüz faizə çox yaxınıq və harada ki, idxaldan asılılıq var, bu asılılıq tamamilə aradan götürülməlidir.

Son illər Azərbaycanda demoqrafik vəziyyət də çox müsbət olmuşdur. Bizdə demoqrafik vəziyyətin yaxşı olması ən böyük üstünlüklərdən, ən böyük nəticələrdən biridir. Bu müsbət dinamika davam etdikcə Azərbaycan daha da güclənəcəkdir. Son on ildə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Heç bir başqa ölkədə son on il ərzində buna oxşar nəticə müşahidə olunmamışdır. Bu, bizim nailiyyətimizdir. Son on ildə bu ili nəzərə almaq şərti ilə 150 milyard dollar investisiya qoyulmuşdur. Ancaq sabit olan ölkələrə bu qədər investisiya qoyulur. Ancaq gələcəyi proqnozlaşdırıla biləcək ölkələrə bu qədər investisiya qoyulur.

Bizim valyuta ehtiyatlarımız son on il ərzində təqribən 30 dəfə artmışdır. Bu, nəyi göstərir? Biz valyuta ehtiyatlarımızı artırırıq, qoruyuruq. Biz bu məsələlərə çox böyük həssaslıqla yanaşırıq. Bu sahə tam şəffaf olduğu üçün burada ictimai nəzarətin aparılmasına kifayət qədər imkanlar vardır. Çünki Dövlət Neft Fondunun gəlirləri, xərcləri dərc edilir, büdcəyə transfer olanda müzakirə olunur. Mərkəzi Bankın valyuta ehtiyatları da sirr deyil, açıq məlumatdır. Yəni, biz bu sahədə tam şəffaflıq təmin etmişik və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki Azərbaycan vətəndaşları bilməlidirlər ki, ölkənin maliyyə vəziyyəti necədir və dövlət, hökumət öz resurslarını necə qoruyur. Mən deyə bilərəm ki, bu əmanət Azərbaycanda ən yüksək səviyyədə qorunur. Biz valyuta ehtiyatlarımızı növbəti illərdə də artıracağıq.

Son on ildə büdcə xərcləri təxminən 20 dəfə artmışdır. İyirmi dəfəyə yaxın artan büdcə imkan verdi ki, biz böyük işlərə nail olaq.

Son on il ərzində bir milyon iki yüz mindən çox iş yeri açılmışdır ki, onlardan 910 mini daimi iş yeridir. Nəticə etibarilə işsizlik ilin sonuna qədər olan proqnoza görə, 4,8 faizə düşəcəkdir. Yoxsulluq on ildə təxminən on dəfə azalmışdır və 6 faizdən azdır.

Azərbaycanda xarici dövlət borcu cəmi 7-8 faizdir. Son illərdə dəfələrlə pensiya, maaş artmışdır, – pensiya təxminən 10 dəfə, maaş təxminən 6 dəfə, müdafiə xərcləri 20 dəfədən çox.

Son on il ərzində, daha da az bir vaxtda Azərbaycanda müdafiə sənayesi yaradılmışdır ki, bu sənaye heç vaxt Azərbaycanda olmamışdır. Son 7-8 il ərzində onlarla hərbi təyinatlı zavod yaradılmışdır. Hazırda Azərbaycanda 750 adda hərbi təyinatlı məhsul istehsal edilir. Artıq yerli istehsalın yaradılması bu sahədə də asılılığın böyük dərəcədə aşağı salınması deməkdir. Bu gün Azərbaycan hətta silahları ixrac edə bilər və edir.

Son on il ərzində Azərbaycanda 2708 məktəb tikilib və təmir edilib, 500-ə yaxın tibb ocağı tikilib ya təmir edilib, 35 Olimpiya İdman Kompleksi tikilib və indi onların ümumi sayı 40-a yaxındır.

Bu illər ərzində biz enerji siyasətimizdə tarixi nailiyyətlərə çatdıq. Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci ildə istismara verilmişdir. Bu kəmərlər olmasa idi, indi bizim iqtisadi və siyasi vəziyyətimiz tam başqa ola bilərdi. Bunlar böyük siyasi iradə tələb edən layihələrdir. Bu layihələr Azərbaycanın bu gününü, uğurlu gələcəyini təmin edən layihələrdir. Biz tarixdə ilk dəfə olaraq Xəzər dənizinin neft-qaz resurslarını dünya bazarlarına çıxara bildik. Bizim dünya bazarlarına bilavasitə çıxışımız yoxdur. Biz bu çıxışı əldə etmək üçün mütləq kəmərlər tikməli idik. Bu kəmərlər çox çətin geosiyasi vəziyyətdə, böyük zəhmət, cəsarət hesabına, ulu öndərin neft strategiyasının icrası nəticəsində çəkildi. Biz son on il ərzində bu strategiyanın təmin edilməsində böyük uğurlara imza atdıq.

Bu layihələr özlüyündə yeni layihələrin icrasına gətirib çıxarmışdır. Əgər Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə tikilib istifadəyə verilməsə idi, indi o enerji dəhlizi olmayacaqdı. Enerji dəhlizi olmasa idi, heç kim Azərbaycanın qaz yataqlarına vəsait, investisiya qoymazdı.

Bu iki tarixi layihənin icrası nəticəsində biz yeni enerji dəhlizini yarada bildik. Biz yaratdıq onu, Azərbaycan yaratdı, tərəfdaşlarla, dost ölkələrlə birlikdə. Ancaq bu, bizim təşəbbüsümüz idi. Əsas maliyyə yükü də əlbəttə ki, Azərbaycanın üzərinə düşür.

Ondan sonrakı illərdə bu kəmərlərin səmərəli fəaliyyəti nəticəsində yeni layihələr üzə çıxdı və Azərbaycan keçən il TANAP layihəsinin icrasına dair Türkiyə ilə müqavilə bağlamışdır. Bu da tarixi layihədir. TANAP layihəsi tarixi əhəmiyyətə malik olan layihədir. O layihədən bir il keçməmiş Trans-Adriatik boru kəməri layihəsi haqqında saziş bağlandı – TAP layihəsi. Yəni, bu, bizi Avropaya böyük qazla çıxarmaq üçün tikiləcək bir layihədir. Bundan sonra “Şahdəniz-2” layihəsi ilə bağlı kontraktlar imzalandı. Azərbaycanda böyük qazma qurğuları, platformalar tikilir ki, vaxtilə bizim belə imkanlarımız yox idi.

Bu, özlüyündə Azərbaycana növbəti illərdə on milyardlarla dollar səviyyəsində xarici sərmayənin cəlb edilməsinə gətirib çıxaracaqdır. İndi bizim özəl sektorumuz bu sərmayələrə daha hazırlıqlıdır. Çünki 1990-cı illərin əvvəllərində daha çox kontraktlar xarici şirkətlərlə bağlanırdı. İndi bizim güclü texniki imkanlarımız, peşəkar şirkətlərimiz vardır. Kontraktların böyük əksəriyyəti Azərbaycan şirkətləri tərəfindən icra ediləcəkdir. Görün, bizim sahibkarlar nə qədər fayda götürəcəklər, ölkə iqtisadiyyatına nə qədər sərmayə gələcəkdir. Yəni, enerji sahəsində son on il ərzində görülən işlər tarixi işlərdir. Bunu heç kim inkar edə bilməz. Bu, bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur.

Bununla bərabər, digər sektorların inkişafı təmin edilmişdir. Biz bu illərdə kosmik sənayeyə malik olan ölkələrin klubuna daxil olduq. Bu gün Azərbaycanın öz peyki vardır. “Azərspace – 1” peykimiz vardır ki, artıq Azərbaycan xalqına və dövlətinə xidmət göstərir. Bu da tarixi nailiyyətdir. Bu peykin adı “Azərspace – 1”dir. Yəni, o deməkdir ki, “Azərspace – 2” də, 3 də olacaq və bu sənaye də Azərbaycanda inkişaf edəcəkdir.

Biz bu illərdə xarici siyasətlə bağlı ən böyük nailiyyətlərə çata bildik və 155 ölkənin dəstəyi ilə iki il bundan əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçildik. İki il ərzində Təhlükəsizlik Şurasında özümüzü ləyaqətlə, cəsarətlə apardıq, hər bir məsələ ilə bağlı öz mövqeyimizi ifadə etdik. Hesab edirəm ki, bu gün BMT-də bizə olan dəstək daha da artıb, daha da çox ölkə Azərbaycanı etibarlı tərəfdaş və dost ölkə kimi tanıyır. Hazırda – oktyabr ayında biz BMT Təhlükəsizlik Şurasına sədrlik edirik. Azərbaycan hansı ki, cəmi 20 il real müstəqillik dövründə yaşayır, bu illər ərzində dünyanın bir nömrəli qurumu olan Təhlükəsizlik Şurasına üzv olub və indi orada sədrlik edir. Bu, hər bir vətəndaşın qəlbini qürurla doldurur. Biz haqlı olaraq fəxr edirik ki, ölkəmiz belə böyük uğurlara imza atır.

Bu illərdə bizim şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bu illərdə Bakı artıq dünyanın ən gözəl şəhərlərindən biri kimi tanınır. Bakı doğrudan da, dünyanın ən rahat, ən gözəl şəhərlərindən biridir. Paytaxtımız ölkəmizdə gedən bu quruculuğun, inkişafın, abadlaşmanın simasıdır və Azərbaycanın uğurlu inkişafını təcəssüm etdirir.

On il ərzində görülən işlər haqqında danışmaq üçün bir neçə saat, bəlkə də bir neçə gün lazım olacaqdır. Mən sadəcə olaraq əsas məqamları səsləndirdim. Bir neçə gündən sonra prezident seçkiləri keçiriləcəkdir. Əminəm ki, seçkilər ədalətli, şəffaf keçiriləcəkdir. Azərbaycan xalqının iradəsi seçkilərdə tam şəkildə öz əksini tapacaqdır.

Sağ olun.