Prezident mükafatına layiq görülən sənətkarlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatının verilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, səhnə fəaliyyəti ilə bağlı mükafatla təltif olunan incəsənət nümayəndələrinin təəssüratlarını almaq üçün Oxu.Az-ın əməkdaşı məşhurlarla əlaqə saxlayıb.

Xalq artisti Naibə Allahverdiyeva:

“İnanın, sevincimin həddi-hüdudu yoxdur. Bu xəbəri mənə ilk çatdıran siz oldunuz. Redaksiyanız vasitəsi ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Bu, mənim sənətimə verilən dəyərli və qiymətli mükafatdır. Ulu öndər Heydər Əliyevdən qalan siyasəti prezidentimiz uğurla davam etdirir. Mən həm incəsənət nümayəndəsi, həm də vətəndaş olaraq, İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyirəm. O və Mehriban xanım biz incəsənət xadimlərini heç bir zaman yaddan çıxarmır, qayğılarını əsirgəmirlər. Biz də hər zaman prezidentimizin yanındayıq”.

Əməkdar artist Rəhman Rəhmanov:

“Bu xoş xəbəri ilk siz çatdırdınız. Saytınız vasitəsi ilə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Pis günümdə mənə Birinci vitse-prezident Mehriban Əliyeva və onun rəhbəri olduğu Heydər Əliyev Fondu yardım edib, əməliyyat xərclərimi üzərinə götürdü. İndi isə dövlət başçısı məni mükafatla təltif etdi. Onlar biz, incəsənət nümayəndələrini unutmurlar, hər zaman bizə dayaq olurlar. Bir daha onlara dərin minnətdarlığımı bildirirəm”.

Əməkdar artist Mehriban Xanlarova:

“Sevinc doğuran xəbəri elə birinci siz çatdırdınız. Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz təşəkkürlərimi bildirirəm. Onlar heç zaman incəsənət nümayəndələrini unutmurlar. Hər zaman bizə dayaq və dəstək olurlar. Koronavirus pandemiyası zamanı prezidentimiz çox mühüm və vacib qərarlar qəbul etdi. O, xalqını bu bəladan qorumaq üçün əlindən gələni əsirgəmədi. Onun sayəsində ailəmizin başındayıq. Bütün bunlara və  sənətimizə verdiyi dəyərə görə həm öz, həm də həmkarlarım adından bir daha Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.