Prezident Qazaxıstanda

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib.

 

XALQ.AZ xəbər verir ki, Aktau şəhərinin beynəlxalq hava limanında dövlət başçısını Qazaxıstanın energetika naziri Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşılayıblar.

*****

İlham Əliyevlə Nursultan Nazarbayevin görüşü olub

Avqustun 12-də Aktauda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin görüşü olub.

*****

Prezidentlər körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər

Avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısından sonra Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Aktau şəhərinin dəniz sahilində gəzintiyə çıxıblar.

Gəzintidən sonra prezidentlər körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması mərasimində iştirak ediblər.

*****

Qazaxıstanda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub.

 

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər – Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.

***

Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentləri Aktau şəhərində Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyaya imza atıblar.

 

V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.

 

Sənəd üzərində iş 1996-cı ildən aparılıb, Konvensiya layihəsi isə yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.

*****

İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Bu gün Aktauda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adından Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısının iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. Rəsmi qəbulda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Bununla da Prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb.

Orxan