Prezident sərəncam imzalayıb

Qubanın Susay-Xınalıq avtomobil yolunun tikintisinə 7,5 milyon manat ayrıldı

Prezident İlham Əliyev oktyabrın 11-də “Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından Quba-Susay avtomobil yolunun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranıb.

Sərəncama əsasən, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq, Quba rayonunun Susay-Xınalıq avtomobil yolunun tikintisi (o cümlədən geologiyası, layihə-axtarış işləri) məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 7,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

****

Quba-Qonaqkənd avtomobil yolunun tikintisinə 3 milyon manat ayrıldı

Prezident İlham Əliyev Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Qubada 48 mənzilli yaşayış binasının tikintisi üçün də 3 milyon manat, Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün isə 2 milyon manat ayırıb.

****

Təhsil Nazirliyinə 2 milyon manat ayrıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba rayonunun Alekseyevka kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

XALQ.AZ  xəbər verir ki, sərəncamla Quba rayonunun Alekseyevka kəndində 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikintisi üçün “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölüşdürülməmiş hissəsinin obyektlər və istiqamətlər üzrə bölgüsü”nün 21-ci bəndində göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Təhsil Nazirliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu sərəncamda göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Qubada 48 mənzilli yaşayış binasının tikintisi üçün də 3 milyon manat ayırıb.

****

Qubada yeni bina tikiləcək

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb.
Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.