Prezident Şəmkirdə səfərdə olub

25

İlham Əliyev Şəmkir rayonunda səfərdə olub

Prezident İlham Əliyev Şəmkir rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı əvvəlcə Şəmkir şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov Prezident İlham Əliyevə abidənin ətrafında və rayonda son illərdə görülən abadlıq işləri barədə məlumat verdi.

Azərbaycan Prezidenti Şəmkirdə Bayraq Meydanında yaradılmış şəraitlə tanış oldu, Heydər Əliyev Mərkəzinin açılışında iştirak etdi, Mərkəzin ətrafında salınan parkda yaradılmış şəraitlə maraqlandı.

Prezident İlham Əliyev Şəmkirə səfəri çərçivəsində Bakı Oksford Məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının açılışında iştirak etdi. Bildirildi ki, akademiya Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur.

Sonra Şəmkir şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Rayon Ağsaqqallar Şurasının sədri Məmməd Əmirov, poliklinikanın həkimi Nüşabə Seyidova, Düyərli kənd 2 nömrəli orta məktəbinin müəllimi İlhamə İbrahimova, “Ataholdinq” ASC-nin qərb filialının əməkdaşı Hidayət Məmmədov Şəmkirin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.

“Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi barədə dövlətimizin başçısına məlumat verən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, layihə üzrə aparılan işlərin podratçısı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dir.

Azərbaycan Prezidenti daha sonra Şəmkirdə “Zəka” İntellektual Gənclər Mərkəzinin, “Excelsior Hotel Shamkir” mehmanxanasının açılışlarında iştirak etdi, əsaslı bərpa olunan Alman Lüteran Kilsəsi ilə tanış oldu.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birləşməsinin şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə də tanış oldu.

 


26

 

İlham Əliyev Şəmkirdə Bayraq Meydanı və Bayraq Muzeyi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Şəmkirə səfəri çərçivəsində Bayraq Meydanı və Bayraq Muzeyi ilə tanış olmuşdur.

Dövlət başçısına məlumat verildi ki, Şəmkir rayonunun girişində yerləşən meydan 4,5 hektar ərazini əhatə edir. Meydanda 98 metr hündürlüyündə bayraq dirəyi ucaldılmış, uzunluğu 40, eni 20 metr olan dövlət bayrağı asılmışdır.

Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış oldu.

Bildirildi ki, muzeyin xarici vitrajları şüşə paketdən hazırlanmışdır. İkimərtəbəli binada Azərbaycanın qədim və müasir tarixinə dair maraqlı eksponatlar toplanmışdır. Səkkizguşəli ulduz formasında yaradılan Muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa edilmiş bayraqları, həmçinin bayraqların uc elementləri, gerblər sərgilənir. Bundan əlavə, burada orden və medallar, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranmasını, formalaşmasını və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri də nümayiş olunur.

Diqqətə çatdırıldı ki, Muzeydə Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatın surəti, müxtəlif kitablar, fotoşəkillər də yer almışdır. Burada vətənpərvərlik yönümlü müxtəlif tədbirlərin keçirilməsi üçün 800 yerlik amfiteatrı olan xüsusi meydan da inşa edilmişdir. Ətrafdakı ərazi abadlaşdırılmış və səmərəli istirahət üçün hər cür şərait yaradılmışdır. Şəmkir şəhərinin əsas rəmzlərindən biri olan Bayraq Meydanı Azərbaycanın gücünü, qüdrətini təcəssüm etdirir və gələcək nəsillər üçün tarixi əhəmiyyətə malikdir.

 


77

İlham Əliyev Şəmkirdə Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Şəmkirdə Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Heydər Əliyev Mərkəzinin ətrafında yaradılan parkla tanış olan dövlətimizin başçısına məlumat verildi ki, parkın ümumi sahəsi 14 hektardır. Ərazidə müasir tipli 7 fəvvarə, uzunluğu 742 metr olan açıq su kanalları və onların üzərində tunel tipli 10 keçid-körpü yaradılmışdır. Burada, həmçinin süni göl inşa edilmişdir.

Bildirildi ki, parkda 20 minədək müxtəlif növ dekorativ ağaclar, güllər əkilmiş, yaşıllıq salınmışdır. Parkın ərazisi əhalinin istirahətinin səmərəli təşkili üçün yüksək səviyyədə hazırlanmışdır.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Mərkəzin inşasına 2012-ci ilin mayında başlanılmışdır. Qeyri-adi, müasir orijinal layihə əsasında inşa olunan Mərkəzin binası dördmərtəbəlidir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin abidəsi qoyulmuşdur. Mərkəzdə quraşdırılan monitorlarda 6 dildə Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən videoçarxlar, eləcə də dahi rəhbərin həyata keçirdiyi irimiqyaslı layihələr haqqında məlumatlar nümayiş etdirilir.

Azərbaycan Prezidenti Mərkəzdə yaradılmış şəraitlə tanış oldu.

Qeyd edildi ki, Mərkəzdə qalereya, 3D kinozalı, kitabxana, bar, tərcümə otağı və mühazirə zalı fəaliyyət göstərir.

Kitabxanada ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında kitablar, elektron vəsaitlər yer almışdır.

Mərkəzə gələnlər elektron kitabxananın virtual otağının xidmətlərindən də istifadə edəcəklər. Mərkəzin ikinci mərtəbəsində Ulu Öndərin müxtəlif illərdə rəhbər vəzifələrdə çalışdığı zaman kabinetlərini sərgiləyən muzey fəaliyyət göstərir. Burada ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş eksponatlar da nümayiş etdirilir. Mərkəzdə, həmçinin Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar sərgilənir. Burada böyük akt zalı da vardır.

Prezident İlham Əliyev Mərkəzdən ərazini seyr etdi.

Diqqətə çatdırıldı ki, ölkəmizin hər yerində olduğu kimi, ulu öndər Heydər Əliyevin xatirəsini Şəmkir sakinləri də daim əziz tuturlar. Şəhərdə yeni tikilən Heydər Əliyev Mərkəzi ümummilli liderin xatirəsinə dərin ehtiramın nümunəsidir. Dünyanın nüfuzlu siyasi xadimlərindən biri olan Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, böyük şəxsiyyətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində müstəqilliyimizin ilk illərində ölkəmizdə vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyması, qüdrətli ordu quruculuğu istiqamətində həyata keçirilən mühüm tədbirləri əks etdirən fotolara, kitablara və digər vəsaitlərə geniş yer verilmişdir. Ümummilli Liderin azərbaycançılıq fəlsəfəsinin təbliği, gələcəkdə vətəndaşlarımızın dünyada cərəyan edən müasir proseslər çərçivəsində öz vətəninin, millətinin və xalqının taleyi ilə bağlı genişmiqyaslı layihələrdə iştirakının təmin olunması, onların arzu və niyyətlərinin gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyan Heydər Əliyev Mərkəzinin inşası Azərbaycanın müasir reallıqlarını əks etdirir.

Mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi.


74

İlham Əliyev Bakı Oksford məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının açılış mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Bakı Oksford məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq Akademiyasının açılış mərasimində iştirak etmişdir.

Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm layihələr həyata keçirir. Bu istiqamətdə müvafiq Dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsi davamlı xarakter almışdır. Bakıda və regionlarda körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri tikilir, internat və orta məktəblər əsaslı şəkildə yenidən qurulur. Şəmkir şəhərində də yeni inşa olunan Uşaq Akademiyası bu sırada uğurla davam etdirilən islahatların məntiqi nəticəsidir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, Uşaq Akademiyası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur. Binanın tikintisinə ötən ilin mayında başlanılmış, bu ilin iyununda başa çatdırılmışdır. Akademiyada uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. Xüsusi tədris proqramları əsasında fəaliyyət göstərəcək akademiyaya uşaqlar iki yaşından qəbul ediləcəklər. Burada uşaqlarla dünyada məşhur olan “Kiddie Academy” tədris proqramı əsasında hazırlıq prosesi keçiriləcəkdir. Dünyanın 65-dən çox ölkəsində tədris olunan bu proqram aparıcı məktəbəqədər təhsil proqramlarından biridir.

Azərbaycan Prezidenti akademiyada yaradılan şəraitlə tanış oldu.

Binanın foyesində və otaqlarda ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdikləri qayğını əks etdirən fotolar sərgilənir. Burada balacaların istirahəti üçün xüsusi guşələr yaradılmışdır. Binada uşaqların keyfiyyətli tədrisi üçün sinif otaqları, eləcə də mətbəx və yeməkxana da balacaların zövqünə uyğun qurulmuşdur. Bundan başqa, akademiyada dörd yataq otağı, incəsənətə maraq göstərən uşaqlar üçün isə art-studiya vardır.

 


75

İlham Əliyev Bakı Oksford məktəbinin Şəmkir filialı ilə tanış olmuşdur

Prezident İlham Əliyev Bakı Oksford məktəbinin Şəmkir filialı ilə tanış olmuşdur.

Dövlət başçısının gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, onların innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması haqqında verdiyi sərəncamlara əsasən, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Təhsilə dəstək” layihəsi çərçivəsində 2010-cu ilin noyabrında Bakı Oksford məktəbinin Şəmkir filialı fəaliyyətə başlamışdır. Hazırda məktəbdə 231 şagird təhsil alır. Məktəbin məzunları Azərbaycan Respublikasının attestatı ilə yanaşı, Kembric Universitetinin orta təhsil haqqında sertifikatını da əldə edirlər. Məktəbdə tədris ingilis dilində aparılır. Burada təhsil məktəbəqədər hazırlıq, ibtidai siniflər, orta məktəb və yuxarı məktəb mərhələləri üzrə keçirilir. Bununla yanaşı, təhsil ocağında beynəlxalq ikiillik “A-level” proqramları keçirilir. Bu proqramları bitirən şagirdlər beynəlxalq imtahanlarda müsbət qiymətlər aldıqda Britaniyanın müxtəlif universitetlərinə daxil ola bilərlər.

Dövlət başçısı Bakı Oksford məktəbinin Şəmkir filialının yataqxanasına da baxdı.

Məlumat verildi ki, bu yataqxanada Şəmkirlə yanaşı, Gəncə, Gədəbəy, Ağstafa, Tovuz, Qazax rayonlarından olan uşaqlar da qalacaqlar. Bundan başqa, şagirdlərin məktəbə rahat gediş-gəlişi üçün 5 nəqliyyat vasitəsi vardır. Yataqxana binasının sahəsi 4 min kvadratmetrdir. Burada 90 şagird və 9 müəllimin qalması üçün lazımi şərait yaradılmışdır. Yataqxananın birinci və ikinci mərtəbələri oğlanlar, üçüncü mərtəbəsi isə qızlar üçün nəzərdə tutulmuşdur. Burada elektron kitabxana, idmanla məşğul olmaq üçün müxtəlif qurğular, art-studiya, kino zalı vardır. Uşaqlar gün ərzində üç dəfə yeməklə təmin olunacaqlar.

Yataqxanada xüsusi təlim almış işçi heyət çalışacaqdır.

Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını bildirdi.


55

İlham Əliyev Şəmkirdə “Zəka” İntellektual Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Şəmkirdə “Zəka” İntellektual Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, mərkəzdə tikinti işlərinə ötən ilin mayında başlanılmış, bir il sonra başa çatdırılmışdır. Bayraq Meydanının yanında inşa edilən mərkəz fərqli dizayna malikdir. Ümumi sahəsi 3355 kvadratmetr olan mərkəz iki mərtəbədən ibarətdir. Gənclər Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Şəmkir rayonuna səfərlərini və respublikamızın müxtəlif bölgələrində gənclərlə keçirdikləri görüşləri əks etdirən fotoguşələr yaradılmışdır.

Prezident İlham Əliyev “Zəka” İntellektual Gənclər Mərkəzinin çəkiliş pavilyonu ilə tanış oldu.

Diqqətə çatdırıldı ki, müasir studiya avadanlığı və işıqlandırma sistemi ilə təchiz edilən pavilyondan media-yayım imkanı yaradan resurs kimi istifadə olunacaq, gənclərə internet televiziya və radio, yeni formatlı intellektual verilişlər, eləcə də media layihələrinin hazırlanması üçün şərait yaradılacaqdır.

Dövlətimizin başçısı mərkəzin 3 min kitab fonduna malik kitabxanası ilə tanış oldu.

Bildirildi ki, mərkəzin binasında gənclərin intellektual inkişafına şərait yaratmaq və istedadlı gənclərin yaradıcılıq potensialının inkişafını dəstəkləmək məqsədi ilə müxtəlif təyinatlı funksional otaqlar fəaliyyət göstərir. Burada gənclərin bilik və bacarıqlarının daha da artırılması üçün lazımi şərait yaradılmışdır. Mərkəz şəmkirli gənclərin asudə vaxtlarının daha səmərəli keçməsində müsbət rol oynayacaqdır.

Prezident İlham Əliyev mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi

 


23

 

İlham Əliyev “Excelsior Hotel Shamkir” mehmanxanasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev “Excelsior Hotel Shamkir” mehmanxanasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı mehmanxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, mehmanxana standart, qoşa çarpayılı və böyük çarpayılı 63 otaqdan ibarətdir. Bütün nömrələrdə ən yüksək səviyyədə istirahət üçün hər cür şərait yaradılmışdır. Ən son informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunan otaqların dizaynında Şəmkirin qədim xalçalarının ornamentlərindən istifadə olunmuşdur. Müasir havalandırma sistemi ilə təchiz edilmiş mehmanxana binasında restoran, bar, iclas zalı, SPA, masaj otaqları, Türk hamamı, sauna və hovuz vardır. Burada Avstriya avadanlığı ilə üç növ pivə istehsal olunur, şərab evində isə 750 şüşə yerli və xarici şərab saxlanılır. Mehmanxananın beşmərtəbəli binasının ümumi sahəsi 9 min kvadratmetrdir. Bütövlükdə kompleks 10 min 200 kvadratmetr sahəni əhatə edir.

Mehmanxananın istifadəyə verilməsi həm də çoxlu yeni iş yerlərinin açılması deməkdir. Yeni mehmanxana Şəmkirin turizm potensialının göstəricisi olmaqla bu bölgənin imkanlarını nümayiş etdirir. Azərbaycanda turizmin ölkə iqtisadiyyatının mühüm hissəsinə çevrilməsi, bu sahədə kiçik və orta sahibkarlıq üçün möhkəm bazanın yaradılması regionların infrastruktur cəhətdən inkişafını da təmin edir. Bölgənin geniş turizm imkanları nəzərə alınsa bu cür obyektlərin daha çox əhəmiyyət daşıdığını aydın hiss etmək olar. Belə layihələr həm də Azərbaycanın bölgələrinə daha çox turist axınına səbəb olacaq, regionların turizm potensialını nümayiş etdirməyə geniş imkan yaradacaqdır.

Mehmanxanadakı şəraitdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.


63

İlham Əliyev Şəmkirdə əsaslı bərpa edilən Alman Lüteran kilsəsi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Şəmkirdə əsaslı bərpa edilən Alman Lüteran kilsəsi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, kilsədə bərpa işlərinə 2012-ci ilin mayında başlanılmış, bu ilin iyulunda sona çatdırılmışdır. 1909-cu ildə almanlar tərəfindən inşa edilən kilsə uzun illərdən sonra yenidən bərpa olunmuş, ərazisi abadlaşdırılmış və park salınmışdır. Parkda rayon sakinlərinin asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmış, uşaq attraksionları quraşdırılmışdır. Binada müxtəlif dini ayinlərin təşkili üçün zal da vardır. Lüteran kilsəsinin bərpası və əsaslı təmiri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə həyata keçirilmişdir. Kilsənin ərazisi 10 hektardır.

Diqqətə çatdırıldı ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində aparılan yenidənqurma işləri tarixi keçmişimizə və dini-mənəvi dəyərlərimizə himayədarlıq missiyasının daha bir əyani nümunəsidir. Şəmkirdə əsaslı bərpa olunan Alman Lüteran kilsəsi bu amala xidmət edir.

Kilsə ilə tanış olan Prezident İlham Əliyev burada quraşdırılan orqanın müşayiəti ilə xor kollektivinin çıxışını dinlədi.

Dövlətimizin başçısı kilsədə yaradılmış şəraitdən razılığını bildirdi.


15

İlham Əliyev Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə tanış olmuşdur.

Şəmkir hərbi birləşməsinin komandiri, general-leytenant Rövşən Əkbərov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstəsi qoydu.

Dövlətimizin başçısı hərbi hissənin ərazisində yeni inşa edilən əsgər klubu ilə tanış oldu.

Məlumat verildi ki, əsgər klubunun girişində Heydər Əliyev Muzeyi yaradılmışdır. Burada, həmçinin müasir standartlara cavab verən 500 nəfərlik tamaşaçı zalı, kitabxana, oxu zalı, kompyuter otağı, müxtəlif dərnəklər fəaliyyət göstərir.

Ali Baş Komandan üç binadan ibarət əsgər yataqxanası ilə tanış oldu.

Bildirildi ki, burada şəxsi heyətin asudə vaxtının səmərəli təşkili üçün idman guşələri, istirahət otaqları vardır. Şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaradılmış otaqlar bütün növ avadanlıqla təchiz olunmuşdur.

Yataqxanalardakı ideoloji otaqlarda şəxsi heyətin hərbi tərbiyəsinin və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi üçün tədbirlər həyata keçirilir. Hərbi şəhərcikdə sıra meydanı, idman şəhərciyi və hovuz yenidən qurulmuşdur. Burada tribuna, futbol, basketbol, voleybol, tennis meydançaları, maneələr zolağı, şəxsi heyətin güc çalışmaları üçün müxtəlif idman alətləri, əlbəyaxa döyüş meydançası və üzgüçülük idmanı ilə məşğul olmaq üçün hovuz fəaliyyət göstərir. Hərbi hissədə hamam, camaşırxana və qazanxana binaları tikilmişdir.

Ali Baş Komandan hərbi hissənin tibb məntəqəsi ilə də tanış oldu.

Diqqətə çatdırıldı ki, burada tibb elminin ən son nailiyyətləri əsasında yaradılmış avadanlıq quraşdırılmışdır.

Prezident İlham Əliyev 1500 nəfərlik əsgər yeməkxanasına baxdı.

Qeyd edildi ki, burada nəzarət-buraxılış məntəqəsi, valideynlərlə görüş otağı da yenidən inşa olunmuşdur.

Ali Baş Komandan İlham Əliyev hərbi hissənin ərazisində aparılan abadlıq-quruculuq işlərinin davam etdirilməsi barədə müvafiq göstərişlərini verdi.