Prezident Sərəncamlar imzaladı

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncama əsasən, hər il martın 27-sinin Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilməsi göstərilib.


Prezident İlham Əliyev Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə qərara alıram:

  1. Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 177 000 (beş milyon bir yüz yetmiş yeddi min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su ilə təminatın yaxşılaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon (on iki milyon beş yüz min) manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

  3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.


İlham Əliyev Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər Fondu publik hüquqi şəxs yaradılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclər siyasətinin prioritet istiqamətlərindən irəli gələn layihə və proqramların icrası, o cümlədən gənclərin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

  1. Gənclərin təhsil, məşğulluq, innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, asudə vaxtın səmərəli təşkili, ictimai fəal gənclərin stimullaşdırılması istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 3,0 (üç) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.