Prezident: “Status-kvonu Azərbaycan özü dəyişdirdi”

d9fdef0a 67f3 3e7c a972 da49563c7360 850

“Biz status-kvo ilə əlaqədar uzun illər çox böyük səy göstərdik ki, həmsədrlərdən bununla bağlı bir açıqlama gəlsin. Nəhayət, təqribən 7-8 il bundan əvvəl Amerika, Rusiya və Fransa prezidentləri səviyyəsində bir neçə dəfə belə bir açıqlama verildi – status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Biz də bunu alqışladıq. Mən də bir neçə dəfə bununla bağlı açıqlama verdim ki, bu, çox müsbət bir yanaşmadır. Yəni, bu, nə deməkdir, o deməkdir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Status-kvonun dəyişdirilməsini Ermənistan etməlidir. Çünki biz Ermənistan torpaqlarını işğal etməmişik. Biz status-kvonu necə dəyişdirə bilərik? Bu Ermənistan tərəfinə, bir mesaj, bir siqnal idi”.

XALQ.AZ xəbər verir ki, bunu Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Ancaq təəssüf ki, bu açıqlama və açıqlamalar, – bir neçə dəfə belə açıqlamalar verildi, – havada qaldı. Ondan sonra biz nə eşitməyə başladıq? Son dönəmdə artıq həmin həmsədrlər bu ifadədən geriyə addım atdılar. İndi nə deyirlər? İndi deyirlər ki, status-kvo dayanıqlı deyil. Amma bu, böyük bir fərqdir. Status-kvo dəyişməlidir, yəni ki, Ermənistan, sən torpaqlardan çıxmalısan. Status-kvo dayanıqlı deyil, yəni sabit deyil o deməkdir ki, sadəcə olaraq, onlar bunu fakt kimi göstərirlər. Ona görə belə olan halda, status-kvonu Azərbaycan özü dəyişdirdi, döyüş meydanında dəyişdirdi. Artıq status-kvo yoxdur. Artıq Ağdərə, Füzuli, Cəbrayıl, Hadrut rayonlarının yaşayış məntəqələri və kəndlər azad edildi. Hansı status-kvodan söhbət gedə bilər? Söhbət gedə bilməz. Təmas xətti? Təmas xətti yoxdur. Aydın məsələdir ki, mövcud olan təmas xətti çox böyük hərbi biliklər əsasında yaradılmışdır. Ermənistanın o zaman heç bir hərbi bilikləri yox idi. Bunu biz açıq etiraf etməliyik. Yəni, Ermənistanın nüfuzunun az olması onlar üçün çox ciddi bir problem yaradır. Onlar üçün təmas xətti çox qısa olmalı idi, düz olmalı idi. Onu da etdilər. Onların buna ağlı çatmazdı. Onlara məsləhət verənlər bunu etdilər. Əgər o əvvəlki təmas xəttinə baxsanız, bu üfüqi-şaquli formadadır. Belə, düz. Yəni, onu müdafiə etmək çox asandır. Onların mövqeləri əsasən təpələrdə idi. Onlara müdaxilə etmək, yəni, istehkamları yarmaq çox çətin bir iş idi. İndi bu təmas xətti yoxdur. Biz onu bir neçə yerdən – şimaldan, cənubdan, ondan sonra şərqdən yardıq. Artıq hansı təmas xəttindən söhbət gedə bilər? Yoxdur!

Bir daha deyirəm, status-kvo yoxdur, təmas xətti yoxdur. Ermənilərin öz orduları haqqında uzun illər uydurduğu yenilməz ordu əfsanəsi yoxdur. Biz göstərdik kim kimdir. Ona görə bu reallıqlarla gərək həm Ermənistan hesablaşsın, onların havadarları hesablaşsın, bütün dünya hesablaşsın. Bizə dur deyənlər bilməlidirlər ki, yaxşı, biz dura bilərik, biz də istəmirik ki, qan tökülsün. Amma ondan sonra gərək siyasi proses başlasın. Siyasi proses başlamasa, biz durmayacağıq. Mən demişəm, biz sona qədər gedəcəyik, sona qədər. Amma necə? Hərbi yolla, yaxud da ki, siyasi yolla, o, başqa məsələdir. Biz istəyirik ki, hərbi mərhələ dursun, qan tökülməsin, şəhidlər olmasın və sülh yolu ilə öz torpaqlarımızı azad edək”, – ölkə başçısı bildirib.