Prezident və Birinci Xanım açılışda

Prezident və Mehriban Əliyeva Şamaxı Safari Parkında

Avqustun 26-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı Safari Parkında olublar.

Bu barədə dövlət başçısının rəsmi saytı məlumat yayıb.

****

Prezident Lahıca təbii qazın verilməsi mərasimində

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qazın verilməsi mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı əvvəlcə Lahıc qəsəbəsinin sakinləri ilə görüşüblər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti Rövnəq Abdullayev Lahıc qəsəbəsinə təbii qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıc qəsəbəsinə qazın verilməsinin rəmzi olan məşəli alovlandırıblar.

****

Prezident və birinci xanım Lahıcda məktəb binasının açılışında

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım məktəbin rəmzi açılışını bildirən lenti kəsiblər.

Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Lahıc qəsəbə tam orta məktəbi haqqında məlumat verib.

Yeni məktəbdə 400-ə qədər şagird təhsil alacaq.

****

İlham Əliyev və Mehriban Əliyeva muzey açılışında

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım muzeyin rəmzi açılışını bildirən lenti kəsiblər.

Muzeydə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, muzey binasının inşasına bu ilin fevralında başlanıb.

Bildirilib ki, Dəmirçi-Lahıc yolunun çəkilişi zamanı kəndin 4-cü kilometrliyində Gədəli yaylağı adlanan ərazidə 3 hektar sahədə son antik və erkən orta əsrlərə aid nekropol aşkar edilib.

Tədqiqat zamanı yer səthindən təqribən 50-80 santimetr dərinlikdə 30-dək daş qutu qəbirləri, qala divarları və yeraltı anbarlar aşkarlanıb. Kvadrat formasında olan qəbirlərin hamısının divarları çaydaşı və əhəngdaşından ibarət olan qaya parçalarından hörülüb, üstü isə sal daşlarla qapanıb.

Qəbirlərdə skeletlər bükülmüş vəziyyətdə sol böyrü üstə başı əsasən şimal-şərq istiqamətində aşkar olunub. Həmin daş qutu qəbirlərdə alban dövrünə aid kifayət qədər zəngin maddi-mədəniyyət nümunələri qeydə alınıb. Tapıntılar arasında saxsı və çini məmulatlar sayca üstünlük təşkil edir.

Daş qutu qəbirlərdə metal nümunələrə, o cümlədən silah və bıçaqlara, eləcə də tunc bəzək əşyalarına daha çox rast gəlinir. Bəzi qəbirlərdə skeletin başının altında gümüş cam üzə çıxıb. Elmi cəhətdən çox mühüm tapıntılardan biri həmin camların içərisində skeletin başı altındakı parça qalıqlarıdır.

Bu da Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı tapılan ən qədim parça nümunəsi hesab olunur. Bir qəbirdə skeletin yanında qılınc və xəncər də qoyulub. Bu tapıntılar həmin qəbrin ən azı sərkərdə və camaat arasında xüsusi nüfuz sahibi olan hərbçiyə aid olduğunu ehtimal etməyə əsas verir.

Diqqətə çatdırılıb ki, muzeyin sərgi zalında ümumilikdə 7 bölmə yaradılıb. Burada Şamaxı rayonu ərazisində, həmçinin Dəmirçi kəndində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələri, nadir daş alətlər, əkinçilik mədəniyyətinə aid əmək alətləri, soyuq silahlar, mis, bürünc, gümüş sikkələr, aqlay materiallardan su boruları, qədim gil məmulatı və digər qiymətli tapıntılar, məişət əşyaları nümayiş olunur.

Bu eksponatlar muzeyə gələn turistlərdə böyük maraq doğuracaq, onlara ölkəmizin tarixi ilə daha yaxından tanış olmaq imkanı yaradacaq. Muzey, həmçinin bölgənin tarixinin müxtəlif dövrlərini araşdırmaq baxımından da mühüm əhəmiyyətə malikdir.

****

İlham Əliyev yeni avtomobil yolunun açılışında

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və xanımına yolun göstəriciləri barədə məlumat verib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Bildirilib ki, Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir.

Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlər də daxil olmaqla, yol yatağının eni 8-10 metrdir.

Yol üzərində ümumi uzunluğu 210 metr olan müxtəlif diametrli suötürücü borular qoyulub.

Avtomobil yolunda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün müvafiq yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib, həmçinin avtobus dayanacaqları tikilib.

Orxan