Prezident və Birinci xanım açılışda

Mayın 15-də Bakıda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binasının açılışı olub.

XALQ.AZ xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.

Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi.

Qeyd edildi ki, 2001-ci ildən fəaliyyət göstərən Müasir Təhsil Kompleksi Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biridir. Son illərdə bu təhsil ocağına maraq artıb və nəticədə məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi artıq zərurətə çevrilib. Buna görə də məktəb üçün əvvəlkindən daha böyük, müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib.

Kompleksdə müasir tələblərə cavab verən yüksəkkeyfiyyətli maddi-texniki baza yaradılıb. Heydər Əliyev adına Müasir Təhsil Kompleksi indi paytaxtımızın memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir.

Dövlətimizin başçısı və birinci xanım təhsil ocağında yaradılan şəraitlə tanış oldular.

Müasir Təhsil Kompleksi şagirdlərin milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişmələri üçün hər cür şərait yaradır. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin abidəsi qoyulub. Məlumat üçün qeyd edək ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 2001-ci il sentyabrın 1-də bu kompleksin təntənəli açılışında iştirak edib. Elə o vaxtdan bu təhsil ocağı Ulu Öndərin açılış mərasimində verdiyi tövsiyələrə əsaslanaraq uğurla çalışır. Məktəbdə Heydər Əliyev guşəsi də yaradılıb. Müxtəlif fotostendlər, əyani vəsaitlər ulu öndər Heydər Əliyevin siyasi irsinin və zəngin dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Kompleksdə Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısını əks etdirən guşə də yaradılıb. Təhsil ocağı üç hissədən – uşaq bağçası, orta ümumtəhsil məktəbi və orta məktəbdən ibarətdir və onların hər birində üç bölmə – Azərbaycan, rus və ingilis bölmələri fəaliyyət göstərir. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin keyfiyyətli təşkili üçün hər cür şəraitə malikdir. Kompleksin akt zalında isə təhsillə bağlı müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Sinif otaqlarının, fənn kabinetlərinin hamısı ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərinin fizika, kimya və biologiya laboratoriyalarında tətbiqi üçün də zəruri avadanlıq quraşdırılıb. Kompleksin əsas məqsədlərindən biri sağlam təhsil mühiti yaratmaq və şagirdlərin hərtərəfli inkişafını təmin etməkdir. Məktəbdə dərslər şagirdlərin mükəmməl təhsili ilə yanaşı, həmçinin onların sosial və mənəvi inkişafına da yönəldilib. Qarşıya qoyulan məqsədlərdən biri də təhsil sistemində bilikli şagird yetişdirməklə yanaşı, onların həm də sosial həyata hazırlanmasını təmin etməkdir. Elə bu məqsədlə də “Sosial-fəal məktəb” konsepsiyasını əsas götürən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sosialyönümlü şəxsin yetişdirilməsi üçün lazımi mühit yaradılıb. Bu model şagirdlərin istənilən şəraitə sərbəst və tez uyğunlaşması, sosial həyatlarının daha maraqlı və zəngin olmasına imkan yaratmaqla yanaşı, hər bir şagirdin fərdi qabiliyyətinin və potensialının üzə çıxarılmasına kömək edir. Məktəbdə Olimpiada qrupları, Şagird Elmi Cəmiyyəti, Şagird Parlamenti fəaliyyət göstərir. Şagirdlər olimpiadalarda, bilik yarışlarında yüksək yerlər qazanırlar, konfranslarda uğurla çıxış edirlər. Bu təhsil ocağında ən qabaqcıl, yüksəkixtisaslı müəllimlər fəaliyyət göstərirlər. İngilis bölməsində dərslər “Cambridge” proqramı əsasında keçirilir. “Cambridge” Checkpoint vasitəsilə müəllimlər şagirdlərin davamlı inkişafını qiymətləndirir, onların güclü və ya zəif cəhətlərini müəyyən edirlər. Proqramı bitirən şagirdlərə dünyanın bütün ölkələrində tanınan və yüksək səviyyədə qiymətləndirilən IGCSE sertifikatları verilir. Məktəbdə zəngin kitabxana da fəaliyyət göstərir. Kompleksin açıq idman meydançaları isə yüksək standartlara uyğun şəkildə qurulub.

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanda son illər təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər bu sahəyə dövlətin böyük önəm verdiyini göstərir. Təbii sərvətlərlə zəngin olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının yaradılması və daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də neft gəlirləri Azərbaycanda həm də təhsilin, elmin inkişafına yönəldilib. Heydər Əliyev adına Müasir Təhsil Kompleksində yaradılan şərait isə bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatları uğurlu nəticələr verir. Bu da şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli imkanlar açır.

Dövlətimizin başçısı və birinci xanım kompleksin bağçasında yaradılan şəraitlə də tanış oldular. 112 yerlik bağçada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli şərait yaradılıb. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Uşaqların istirahəti və əyləncəsi üçün geniş imkanlar açılıb. Bağçada balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.

Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.

Müasir Təhsil Kompleksində yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.