“Prezident xalqının dəstəyi ilə bu çətin işin öhdəsindən də gələcək”

“Prezident xalqının dəstəyi ilə bu çətin işin öhdəsindən də gələcək və dövlətimiz hazırki ağır situasiyadan üzü ağ çıxacaq. Bu mübarizədə yeganə silahımız isə həmrəyliyimiz və birliyimizdir”.

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, Əməkdar Rəssam Ülviyyə Həmzəyeva  deyib.
Prezidentimiz cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Həmin gün Prezidentimizin xalqa müraciəti də oldu. Bu müraciətlə dövlət başçısının xalqına qarşı olan böyük sevgisini, qayğısını və nigarançılığını hiss etməmək mümkün deyildi. Bu gün Azərbaycan Respublikasının Prezidentinin ən asas qayğısı, bəşəriyyətə müharibə elan etmiş COVID-19 pandemiyasi ilə mübarizədən xalqımızı və dövlətimizi ən az itki ilə çıxarmaqdır.

Prezidentimiz müraciətində dünyanın bir çox ölkələrində tibbi maskaların çatışmazlığı haqda, o cümlədən Azərbaycanımızında məhz idxaldan asılılığını qeyd edib, Koronavirusla mübarizədə maskalardan istifadənin xüsusi əhəmiyyətindən danışıb.

Ölkəmizdə tibbi maska və digər qoruyucu və dezinfeksiyaedici vasitələrin istehsalı müəssisələrinin yaradılması insanların hazırki psixoloji vəziyyətlərinə çox müsbət təsir edib, dövlətimizə inamı artırıb və bu çətin situasiyada dövlətin daima insanlarının yanında olduğunu göstərib. Belə bir həssas vaxtda cənab Prezidentin, onun xanımının öz xalqının yanında olması, insanların qayğı ilə yaşaması, öz vətəndaşlarına dəstək göstərməsi insanlara yüksək əhval-ruhiyyə bəxş edir, gələcəyə sağlam, nikbin baxmağa səsləyir.

Hər birimizə məlumdur ki, bu ümumbəşəri bəla ilə dövlətimizin xalqına verdiyi dəstək təkcə bununla bitmir. Dövlətimiz bu gün geniş tədbirlər planı hazırlayaraq həyata keçirir. Buna missal olaraq iqtisadiyyatın zərər çəkmiş bütün sahələrinə vergi güzəştlərini, 600 mindən artıq fərdi sahibkara maddi yardımı, dövlətdən hər hansı sosial yardım almayan insanların hamısına ödənəcək pulu, karantinlə əlaqədar işləyə bilməyən bütün işçilərə kompensasiyaların verilməsini və s. göstərmək olar.
Biz inanırıq ki, Prezident xalqının dəstəyi ilə bu çətin işin öhdəsindən də gələcək və dövlətimiz hazırki ağır situasiyadan üzü ağ çıxacaq. Bu mübarizədə yeganə silahımız isə həmrəyliyimiz və birliyimizdir. Sabitliyi təhdid edən radikal ünsürlər unutmasın ki, bu gün aparılan hüquqi-siyasi və iqtisadi islahatlar dövlətimizi, xalqımızı gücləndirir və bu islahatlar davam edəcək. Daha güclü və qüdrətli Azərbaycan naminə xalqımız daima dövləti və Prezidenti ilə həmrəy olacaq!